Heydər Əliyev Mərkəzində İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın konserti keçiriləcək.
Oxu.Az ANS PRESS-ə istinadən bildirir ki, dünya akademik səhnəsinin məşhurlarından biri Alessandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək.
Heydər Əliyev Mərkəzində təşkil olunacaq musiqi gecəsində müğənninin “Luna”, “Besame Mucho” və s. məşhur mahnıları səslənəcək.
Özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları ilə şöhrət qazanan italiyalı tenor Alessandro Safina 1963-cü il oktyabrın 14-də İtaliyanın Siena şəhərində anadan olub. Erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayıb. 1989-cu ildə o, ilk dəfə Mantova şəhərində “Concorso Lirico Internazionale” müsabiqəsində mükafat qazanıb və bu, ifaçının parlaq karyerasının başlanğıcı olub.