Azərbaycanın Xalq artisti, mahir muğam ifaçısı Alim Qasımovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci ildə 14 avqustda Qobustan rayonunun Nabur kəndində anadan olub. Valideynləri onun musiqiyə və xüsusi ilə də muğama olan həvəsini bilsələr də, ona musiqi təhsili verməyə imkanları olmayıb. Yalnız bir dəf düzəldib ona hədiyyə etməklə kifayətləniblər.
Sonra A.Qasımov Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında həyatında ilk muğam müsabiqəsində müvəffəqiyyət qazanıb. Xanəndə o vaxtlardan muğam sənətinin tarab janrının araşdırmaları ilə məşğul olur.
Azərbaycan muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran, ABŞ-da və digər ölkələrdə uğurla tanıtdırıb və təbliğ edib. 1999-cu ildə YUNESKO-nun xüsusi Musiqi Mükafatını alıb.
O, Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri hesab edilir.