Mayın 13-də Tehranın ən böyük salonlarından birində - Beynəlxalq sərgi Mərkəzinin möhtəşəm “Milad” salonunda ümumdünya şöhrətli sənətkar Alim Qasımovun konserti olub.
Oxu.Az ANS PRESS-ə istinadla xəbər verir ki, Tehranın “Milad” beynəlxalq sərgi salonunda dünya şöhrətli azərbaycanlı muğam ustası Alim Qasımovu tamaşaçılar ayaq üstə, gurultulu alqışlarla qarşılayıblar. Konsert öncəsi, dünya şöhrətli muğam ustası Alim Qasımovun İrana dəvət olunmasının əsas təşəbbüskarı, şair Xosrov Sərtibi çıxış edərək Alim Qasımovun muğam sənətində oynadığı müstəsna rolundan danışıb. Sərtibi məşhur musiqiçi Yo-Yo Manın aşağıdakı fikrini dinləyicilərin nəzərinə çatdırıb:
“Mən xoşbəxtəm ki, Alim Qasımov kimi sənətkarla eyni bir zamanda yaşayıram”.
Daha sonra şair Xosrov Sərtibi Şərq poeziyası və musiqisinin qüdrətindən danışıb, özünün Alim Qasımova həsr etdiyi şeirini oxuyub.
Konsertdən əvvəl Alim Qasımovun Tehrana gəlişini əks etdirən videoçarx maraqla qarşılanıb. Artıq bu süjet sənətkarın İranda nə qədər məşhur olduğunu nümayiş etdirib: belə ki, adi Tehran sakinləri onu küçədə üzdən tanıyır, ayaq saxlayıb söhbət edir, onunla foto çəkdiriblər
Alim Qasımovun öz sazəndə dəstəsi ilə çıxması gurultulu alqışlarla qarşılanıb. Tamaşaçılar zaldan onu “Alim yaşa!!!” sədaları ilə alqışlayıblar.
3 saata yaxın, özü də fasiləsiz davam edən bu konsertdə Alim Qasımov xarüqələr yaradıb. O, özü də dinləyicilərə müraciət edərək bu çıxışına xüsusi önəm verdiyini söyləyib: İranda, muğam biliciləri qarşısında konsert vermək, sənətkarın böyük məsuliyyət və şərəfidir. Çalışaq, elə bir sənət yaradaq ki, tarixdə qalsın”, - deyə Alim Qasımov minnətdarlığını tamaşaçılara bildirib.
2 mindən çox tamaşaçının yığıldığı tamaşa zalında təxminən 50 dəqiqə çəkən “Rast” dəstgahının ifası isə konsertin kulminasiya nöqtəsi olub. Konsert bitəndən sonra da ustad Alim Qasımovu heç cürə səhnədən buraxmaq istəməyən tamaşaçılar ondan, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Sarı gəlin”i ifa etməsini istəyiblər. Ustad konsertə “Sarı gəlin” mahnısı ilə son verib. Sonra Alim Qasımovun bir neçə il bundan əvvəl Təbrizdə verdiyi konsertinin diskinin təqdimatı olub. Azərbaycanlı muğam ustasının bir neçə gün sonra Təbrizdə və Ərdəbildə konserti olacaq.
