Bu gün Facebook sosial şəbəkəsində Yeni Bulvar ərazisində sahibsiz heyvanların boğaraq öldürülüb sellofan paketlərə qoyularaq aparıldıqları barədə informasiya verilib.
Oxu.Az bununla əlaqədar Dənizkənarı Parkın rəis müavini Nizami Məcidova müraciət edib.
O bildirib ki, Dənizkənarı Parkın əməkdaşları tərəfindən sahibsiz heyvanların öldürülməsi barədə fakt yoxdur, ola da bilməz:
“Belə şey olmayıb və bizə sahibsiz heyvanların məhv edilməsi barədə sərəncam verilməyib. Həqiqətən əməkdaşlar parkın ərazisində olan sahibsiz heyvanları tuturlar, onları torbalara qoyub ərazidən uzaqlaşdırırlar. Çünki sahibsiz heyvanlar burada istirahət edənlər üçün təhlükəli ola bilərlər, ona görə də onların əraziyə buraxılmamasına çalışırıq. Amma heç bir boğma haqqında söhbət ola bilməz, heyvanları heç kim öldürmür”, - o deyib.