Bu gün yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin Anarın doğum günüdür.
Oxu.Az xəbər verir ki, Anar Rəsul oğlu Rzayev 1938-ci ilin bu günü anadan olub.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxuyublar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb, evləniblər.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin işçisidir. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.
1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparıb. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilib. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olub. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilib.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olub.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Prezident Heydər Əliyev 60 yaşı münasibəti ilə ölkənin ona ən yüksək dövlət mükafatı – İstiqlal ordeni ilə təltif edib.