Sentyabrın 16-da Uruqvay Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kanselanın Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Uruqvay Respublikası arasında 1994-cü ildən etibarən qurulmuş diplomatik əlaqələrdən söhbət açılıb və bu əlaqələrin daha da möhkəmləndirilib inkişaf etdirilməsindən bəhs olunub.
Öz növbəsində nazir müavini Xose Luis Kansela Uruqvay Respublikası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklədiyini bildirib.
Görüşdə nazir Əbülfəs Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında da məlumat verərək nümayəndə heyyətini forumda iştirak etməyə dəvət edib.
Sonda isə Azərbaycan Respublikası ilə Uruqvay Respublikası arasında mədəni əlaqələrin inkişafı ilə bağlı Mədəniyyət haqqında ilk saziş imzalanıb.
Aytən Sadıqzadə
www.oxu.az