Noyabrın 5-də Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Fusion doll” II Bakı Beynəlxalq kukla biennalesi keçirilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, beynəlxalq kukla biennalesində 13 ölkə - Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxıstan və İsraildən olan kukla ustaları iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, II Bakı Beynəlxalq kukla biennalesinin əsas məqsədi nüfuzlu beynəlxalq təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmiz ilə uzunmüddətli məhsuldar əməkdaşlığa cəlb etməkdir.
Bu sərgi Azərbaycan tamaşaçısına geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış olmaq fürsəti qazandıracaq.
Vurğulanılıb ki, “Fusion doll” Bakı beynəlxalq müəllif kuklaları biennalesi ilk dəfə 2011-ci il noyabrda keçirilib. Bununla da dünyada ilk dəfə olaraq müəllif kuklaları biennalesinin əsası qoyulub. Tədbir beynəlxalq səviyyədə incəsənətin xüsusi qolu olan müəllif kukla sənətinin təbliğinə xidmət edib.
Diqqətə çatdırılıb ki, bu sahənin ictimaiyyət arasında populyarlaşmasında cari ilin aprelində Bakıda fəaliyyətə başlamış “Kukla” art qalereyasının da müstəsna xidmətləri var.
Tədbirdə çıxış edən “Kukla” art qalereyasının rəhbəri Lalə Kazımova bildirib ki, kuklalar bizə uşaqlığımızı xatırladır.
Qeyd edilib ki, müəllif kuklaları sənəti təsviri və dekorativ-tətbiqi sənət növləri arasında dünya mədəniyyətinin irsi olaraq, tamhüquqlu sənət növü kimi özünü göstərib. Teatr və bədii oyun kuklası məziyyətindən ayrılmış, o, bədii kukla adına keçid alaraq, digər sənət əsərləri sırasında özünə layiq yer tutub.
Sonra iştirakçılar biennalenin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildiriblər.
“Fusion doll” II Bakı Beynəlxalq kukla biennalesinə qatılmış kukla ustalarına Mədəniyyət və Turizm Nazirliyinin və “Kukla” art qalereyasının diplomları təqdim edilib.
Sonra iştirakçılar nümayiş olunan əsərlərlə tanış olublar.
Noyabrın 10-dək davam edəcək beynəlxalq kukla biennalesində 114 əsər nümayiş etdirilir.