Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Böyük maraqla qarşılanan əcnəbi döyüş filmində Bakı mənzərələri
2025-ci ildə Böyük Britaniya və ABŞ tərəfindən buraxılmış "Dərə" adlı film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Döyüş, melodram və fantastika janrında çəkilmiş filmdə diqqətçəkən məqamlardan biri də Azərbaycanla bağlı kadrların olmasıdır. Kadrlarda Bakının gecə mənzərəsi, Alov Qüllələri, "Hilton" hoteli və şəhərin bir çox tanınmış obyektləri əks olunub.
Rejissoru Skott Derrikson olan və iki saatdan çox davam edən filmdə iki gizli agentə dibində böyük bir sirrin yatdığı dərin dərəni qorumaq tapşırılır. Hadisələr olduqca məxfi missiyanı yerinə yetirmək üçün təyin olunan iki yüksək təlim keçmiş snayper - ABŞ-li Levi Keyn və Şərqi Avropadan olan Drasa adlı qız ətrafında cərəyan edir.
Levi və Drasa nəhəng bir dərənin əks tərəflərində yerləşən iki gözətçi qülləsində 24 saatlıq növbətçi mövqeyində yerləşdirilirlər, dərənin dibində isə hansısa naməlum şər qüvvə gizlənir. Onlar hər gün uçurum xətti boyunca silah qurğularının, hasarların və kamuflyaj elementlərinin funksionallığını yoxlamalıdırlar. Dünya isə burada nələrin baş verdiyi və bunun arxasında kimin dayandığı ilə bağlı xəbərsizdir.
Levi və Drasaya bir-biri ilə danışmaq qadağan edilsə də, onlar ünsiyyət qurmağa nail olurlar.
Bir müddət sonra onlar burada ölümcül təhlükə yaradan nəyinsə gizləndiyini və heç bir şey barədə xəbərdarlıq edilmədən, sadəcə olaraq, birbaşa ölümə göndərildiklərini başa düşürlər. Dərənin dibindəki təhlükənin miqyası üzə çıxanda isə Levi və Drasa bəşəriyyəti qorumaq üçün bütün peşəkar bacarıqlarından istifadə etmək məcburiyyətində qalırlar.
Başqa həll yollarının olmaması onları ilkin tapşırığı unutmağa və sağ qalmaq naminə qüvvələri birləşdirməyə məcbur edir.