Məlum olduğu kimi, "Əli və Nino" romanı əsasında romantik drama janrında, Kristofer Hemptonun ssenari müəllifliyi, Asif Kapadianın rejissorluğu ilə çəkilən eyniadlı bədii filmin çəkilişləri yekunlaşıb.
Oxu.Az-ın buro247.az-a istinadla məlumatına görə, Böyük Britaniyanın məşhur "PeaPie Films" kino şirkəti tərəfindən çəkilmiş ekran işi hazırda montaj prosesindədir.
Şübhəsiz ki, filmdə XX əsrin əvvəllərindəki Bakı ab-havasını ən yaxşı əks etdirən detallardan biri aktyorların kostyumlarıdır. Kostyumlar üzərində britaniyalı dizayner Mişel Klepton, eləcə də Nina Ayres və Darren Noris çalışıblar.
Bundan başqa, məlum olub ki, "Əli və Nino" filminin bəstəkarı dünya şöhrətli italyalı musiqiçi Dario Marianellidir. O, 2005-ci ildə "Qürur və qərəz" (Pride & Prejudice), 2012-ci ildə "Bağışlanma" (Atonement) və 2012-ci ildə "Anna Karenina" (Anna Karenina) filmlərinə yazdığı musiqilərə görə nüfuzlu "Oskar" mükafatına layiq görülüb.
Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Rollarda Mariya Valverde (Nino Kipiani) və Adam Bakri (Əlixan Şirvanşir), Mendi Patinkin (knyaz Kipiani), Konni Nilsen (Tamar Kipani), Halit Ergenç (Fətəli xan Xoyski), Fəxrəddin Manafov (Hacı Zeynalabdin Tağıyev) və digərləri çəkiliblər.