Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kann kinofestivalının ən yaxşı 10 filmi – SİYAHI
2 həftə ərzində nüfuzlu festivalın qonaqları Robert Pattinson, Nikol Kidman, Marion Kotiyyar kimi tanınmışların baş rollarda çəkildiyi filmləri izləyəcəklər.
Oxu.Az Buro 247.az-a istinadla kinofestivalın ən maraqlı 10 filminin siyahısını təqdim edir.
“Monako Şahzadəsi”/ Grace of Monaco
Fransız rejissor Olivye Daanın filmi bu gün 67-ci Kann kinofestivalının açılışında nümayiş olunacaq. Baş rollarda Nikol Kidman, Tim Rot və Paz Veqanın çəkildikləri “Monako Şahzadəsi” məşhur aktrisa, Monako şahzadəsi Qreys Kellinin həyatından bəhs edir.
“Ulduz xəritəsi”/ Maps to the Stars
Rejissor Devid Kronenberqin “Ulduz xəritəsi” filmində Hollivudun səhnəarxası həyatından, aktyorların, prodüserlərin və agentlərin heç kimə məlum olmayan gizli işləri göstərilib. Baş rolları Robert Pattinson, Culiann Mur, Con Kyusak və Mia Vasikovska ifa edirlər.
“İki gün, bir gecə”/ Deux jours, une nuit
Dram filmi gənc qadının həyatından bəhs edir. O, çətin həyat yaşayır və işini itirmək təhlükəsiylə üz-üzədir. Büdcəsi 7 milyon avro təşkil edən filmin rejissor və prodüserliyini Jan-Pyer və Lyuk Dardenn qardaşları ediblər. Əsas rollarda Marion Kotiyyar, Olivye Qurme, Ketrin Sali, Fabritsio Roncone və digərləri çəkiliblər.
“Tülkü ovçusu”/ Foxcatcher
Rejissor Bennett Millerin filmi real hadisələr əsasında çəkilib. Süjet xəttinin mərkəzində Dyuponlar imperiyasının varisi Con Dyupon dayanır. O, özünün dəbdəbəli əmlakını güləşçilər üçün idman zalına çevirir, 7 illik gərgin məşqlərdən sonra Deyv Şults və Mark Şults kimi 2 idmançı yetişdirir. Filmdə Stiv Karell, Çenninq Tatum, Mark Ruffalo və Sienna Milleri görmək imkanımız var.
“Cimminin zalı”/ Jimmy's Hall
Ken Louçun filmində hadisələr ötən əsrin 30-cu illərində cərəyan edir. Nyu-Yorkdan İrlandiyaya dönən kommunist Ceyms Qrolton illər öncə idarə etdiyi rəqs zalını yenidən açır. Berri Uord, Simona Kirbi, Endryu Skott, Cim Norton və başqaları ekran əsərinin əsas qəhrəmanlarıdır.
“Sen-Loran”/ Saint Laurent
Rejissor Bertran Bonello “Qızıl palma budağı” mükafatına əsas iddiaçılardandır. Onun “Sen-Loran” filmi XX əsrin istedadlı kutyuryelərindən olan İv Sen-Loranın həyatından bəhs edir. Əsas rolları Jeremi Renye, Lea Sendu, Qaspar Ulyel, Lui Qarrel ifa edirlər.
“Sonuncu” /The Last One
Kinofestivalın “Qısa metr” proqramına daxil edilən “Sonuncu” qısametrajlı bədii filminin quruluşçu rejissoru Sergey Pikalovdur. İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmovla Corc Qafarov çəkiliblər.
“İtirilmiş çay”/ Lost River
Rayan Qoslinqin debüt işi yeraltı dünyaya yol tapan tənha ana və onun yeganə oğlundan bəhs edir. Ekran işində Kristina Hendriks, Sirşa Ronan və Yeva Mendes görünəcəklər.
“Avara”/ The Rover
Fantastik dram filminin rejissoru Devid Mişonun “Avara” filmində əsas rolları Robert Pattinson və Qaye Pirs ifa edirlər. Süjet xəttinin mərkəzində taleyin gözlənilməz oyununda üz-üzə gələn nümunəvi vətəndaş və oğru dayanırlar.
“Zils Mariyanın buludları” / Clouds of Sils Maria
Rejissor Olivye Assayasanın dram filmində Jyulyet Binoş, Kristen Stüart və Xloya Morets çəkiliblər. Film Almaniya, Fransa və İsveçrənin birgə layihəsidir.
Rəylər