Laçın şəhərində "MDB ölkələrinin Beynəlxalq Kino Günləri" və "MDB ölkələrinin Gənclər Düşərgəsi" keçirilir.
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, avqustun 25-dən 29-na kimi davam edəcək tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə keçirilir.
Layihə 26 avqust - Laçın Şəhəri Gününə həsr olunub.
Gənclər düşərgəsində Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndələr iştirak edirlər.
Düşərgə çərçivəsində iştirakçılar yaradıcı sənaye sahələrində dörd mövzu üzrə işçi qruplarında müzakirələr aparacaq, birgə layihələrin ideyalarını hazırlayıb təqdim edəcəklər.
Gənclər qrup şəklində "Pantomim aktyor sənətinin tərkib hissəsi kimi" mövzusunda, eləcə də mobiloqrafiya, rəsm, keramika sahələri üzrə ustad dərslərinə də qatılacaqlar.
İşçi qrupların fəaliyyəti ilə MDB ölkələri gənclərinin əməkdaşlıq və birgə təşəbbüsləri üçün imkanlar yaradılacaq.
Rəssam Yusif Mirzənin "31 il sonra" adlı fərdi sərgisi isə Laçındakı mədəniyyət bayramına əlavə rəng qatacaq.
"MDB ölkələrinin Beynəlxalq Kino Günləri"ndə iştirakçı respublikaların hər biri bir film nümayiş etdirəcək. Filmlər Azərbaycan dilində altyazı ilə təqdim olunacaq.
Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhəri 2025-ci il üzrə "MDB-nin mədəniyyət paytaxtı" elan edilib.
Əzizə İsmayılova