Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən “Mədəni irs” Forumunun ilk günü başa çatıb.
APA xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forumun açılış günündə tanınmış tarixçi alimlər, arxeoloqlar, rəssamlar, memarlar, heykəltəraşlar, sənətkar və sahə üzrə digər mütəxəssislər həmçinin media mənsubları iştirak ediblər.
Bu gün təşkil olunan üç panel müzakirə “Təsviri sənət və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, eləcə də “Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar” mövzularına həsr olunub.
Müzakirələr zamanı mədəni irsin mühafizəsi, onun tarixi-mədəni əhəmiyyəti məsələləri, həmçinin irs nümunələrinin ölkə xaricinə çıxarılması, idxalı və digər bu kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum öz işinə sabah yekun vuracaq.
Xatırladaq ki, bundan öncə ölkəmizdə ilk dəfə teatr, kino, Azərbaycan dili və ədəbiyyatı, musiqi, həmçinin mədəniyyət və yaradıcı sənayelər mövzusunda da forumlar keçirilib.
10:22
Azərbaycanda ilk dəfə “Mədəni irs” forumu keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutur.
Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılacağı forumda mədəniyyətin və milli irsin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq.
Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar” mövzuları üzrə panellər təşkil olunacaq.
Panellərdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.