Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, on qat “Qremmi” mükafatı laureatı Bobby McFerrin və qrupunun konserti keçiriləcək.
Oxu.Az xəbər verir ki, Bobby McFerrin Manhattanda (New York), opera müğənnisi Robert McFerrin və müğənni Sarah Cooperin ailəsində anadan olub. Uşaqlıqdan musiqini sevən McFerrin ilk olaraq klarnet, sonradan fortepianoda ifa etməyi öyrənməyə başladı. Vokalçı kimi 1977-ci ildə debüt etdi və növbəti ildən Astral Project kollektivində oxumağa başladı. Musiqiçinin həyatında komediya ustası Bill Cosby ilə tanışlıq mühüm rol oynadı. Hansı ki, 1980-ci ildə Playboy Caz Festivalında onun vokal debütunu təşkil etdi.
Musiqiçinin ilk albomu 1982-ci ildə işıq üzü görüb. Onun 1984-cü ildə çıxan növbəti albomu (The Voice), heç bir musiqi aləti olmadan yazılan ilk caz albomu oldu. Bobby McFerrin, 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə “Qremmi” mükafatına layiq görülmüş “Don't Worry, Be Happy” mahnısı ilə dünya şöhrəti qazandı.
Qeyd edək ki, fevralın 28-də saat 20:00-da başlayacaq konsertin biletləri 29-220 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Aytən Sadıqzadə
www.oxu.az