Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın xalq artisti, məşhur müğənni və bəstəkar Polad Bülbüloğlu fevral ayının 4-də qeyd ediləcək 70 illik yubileyi ərəfəsində Rusiyanın “Trud” nəşrinə müsahibə verib.
Oxu.Az xəbər verir ki, atasından, istedadlı müğənni Bülbüldən danışan səfir qeyd edib:
“O, mənim uşaq kimi deyil, əsl oxumağımı bilmədi. Atam mən 9-cu sinifdə oxuyarkən dünyasını dəyişdi. Mənim onda cəmi 15 yaşım var idi, amma mən özümü böyük hiss edirdim. Bəlkə də bu müstəqillik mənim qanımdadır. Axı mənim atam da 7 yaşında artıq xanəndə, şəxsiyyət idi”.
Polad Bülbüloğlunun sözlərinə görə, mahnılar məhəbbət kimidir, ya bəyənirsən, ya yox:
“Güclə heç kimi səni dinləməyə məcbur edə bilməz”.
Digər bir əfsanə, Müslüm Maqomayev ilə münasibətləri haqqında danışan səfir deyib:
“Müslüm məndən üç yaş böyük olsa da heç zaman, yaş fərqi hiss olunmayıb. Biz Maqomayevlər ilə divar qonşusu idik. Binaya girişlər fərqli idi, amma mənzillər bitişik idi. Müslüm ilə divarı döyəcləyərək danışmaq üçün hətta şifrə belə düşünmüşdük. Hər ikimiz musiqi məktəbində oxuyurduq. Bir dəfə Müslüm qorxa-qorxa mənə “Eyvana çıx!” deyə divarı taqqıldatdı. Çıxdım, Müslümün rəngi avazımışdı:
“Deyəsən məndə baritondur. Səsim getdi!”.
Mən ona: “Gedək atamın yanına...”.
Atam royal arxasına oturdu, Müslümə qulaq asdı: “Səndə əsl baritondur! Oxumaq lazımdır...” dedi.
Polad Bülbüloğlu, həmçinin oxumağı heç vaxt öyrənmədiyindən danışıb:
“Mən peşəkar bəstəkaram. Mənim müəllimim, məşhur bəstəkar və pedaqoq Qara Qarayev mənə: “Oxuya bilərsən, amma bunu peşəyə çevirmə. Sənə konservatoriyada buna görə dərs keçməyiblər. Sən bəstəkarsan, ciddi əsərlər yazmalısan...” deyə, belə istiqamət vermişdi. Buna riayət etməyimə anam çox ciddi nəzarət edirdi, mən də Qarayevə Allah kimi inanırdım. Bu miqyasda insanlar çox ola bilməzdi...
Stalinin hakimiyyəti dövründə, Jdanov və onun komandası Şostakoviçin üstünə düşəndə onun tələbələrinin – Cövdət Hacıyev və Qara Qarayevin də başı ağrıdı. Azərbaycanda Şostakoviçin tələbələrini “musiqi əvəzinə sumbur yazmaqda” günahlandırmaq istəyənlər çox idi. Onların Moskvada oxuduqları üçün Azərbaycan musiqisini düzgün istiqamətə aparmadıqlarını deyirdilər. Atam isə onları müdafiə edən həmin yeganə insanlardan oldu. Beriyanın inandıqlarından olan, respublikanın rəhbəri Bağırov Azərbaycanda hər şeyə nəzarət edirdi. 1946-cı ildə Bakıda Hacıyev və Qarayev tərəfindən yazılmış “Vətən” operasının quruluşu hazırlanırdı. Kim isə Bağırova məlumat çatdırdı ki, bu, Şostakoviçin tələbələridir.
Operanın oynanılması dayandırıldı. Dövlət konsertidir, Bağırov özü zaldadır. Atam səhnəyə çıxır və “Vətən” operasından Aslanın ariyasını oxuyur. Elan edilmədən, alqışlar... Çünki musiqi əla idi.
Konsertdən sonra Bağırov atamdan soruşur: “Bu oxuduğun nə gözəl idi, nədir bu?!”
O isə: “Bu, Qarayevin və Hacıyevin “Vətən” operasındandır. Onu səhnəyə çıxmağa qoymurlar nədənsə...” dedi. Sizə deyim ki, o zamanlarda bunu hər adam edə bilməzdi....
Bir sözlə, Bağırov operanın səhnəyə qoyulmasına icazə verdi. Tezliklə o Stalin mükafatı, Qarayev və Hacıyev isə bəstəkar həyatına bilet alırlar.
Səfir həmçinin, mədəniyyət naziri olduğu dövrdə Azərbaycanda fonoqrama qadağası haqqında da danışdı:
“İndi artistlər mənə təşəkkür edirlər: “Siz bizi normal həyata qaytardınız”. Əvvəlcə nə var idi? “Fanera” – kontrafakt, maxinasiya. Amma... Baxın, Rusiyada “fanera”nı qadağan edə bilməyiblər. Mən də ki alındı. Çünki Azərbaycanda bütün yaxşı zallar Mədəniyyət Nazirliyinin nəzdindədir. Mən fonoqramın qadağası haqqında sərəncam verdim, vəssalam! Hətta minusovkanı qeyri-qanuni elan ediblər. Yarımçıq qərar qəbul etmək olmazdı, başa düşürsüz?
Belə bir hadisə baş vermişdi. Mən Türkiyədə idim, Müslüm zəng edib: “Sən nə etmisən? Mənə Valeri Leontyev Bakıdan zəng edib şikayət edir, onun konserti dağılır”.
Sən demə, Leontyevdə minusovka olub, bizimkilər isə onu qoymağa qətiyyətlə etiraz ediblər. Valeri konserti ləğv etməklə hədələyir... Qalmaqal. Zəng edib, həll etdik. Sən demə, Leontyev bütün konserti canlı oxuyur, yalnız bir mahnıda təbiət səsləri olub. Bu, elə də qorxulu deyil.