Şəkidə İpək Yolu Beynəlxalq Musiqi Festivalı davam edir.
Oxu.Az-ın məlumatına görə, festivalın ikinci günündə Şəki Musiqi Kollecində təhsil müəssisəsinin müəllim və tələbələrinin konserti keçirilib.
Gənc və peşəkar musiqiçilər parlaq konsert proqramı təqdim ediblər. Proqram tamaşaçılar tərəfindən səmimi qarşılanıb.
Qeyd edək ki, İpək Yolu Festivalı yarandığı gündən Şəki Musiqi Kolleci ilə əməkdaşlıq edir. Belə ki, kollecdə tələbə və müəllimlərlə görüşlər, kollecin xor və orkestr kollektivlərinin, eləcə də tələbə və müəllimlərin konsertləri, tanınmış ustaların ustad dərsləri və digər oxşar tədbirlər keçirilib. Onların təşkilində 2010-cu ildən kollecə rəhbərlik edən tarzən və pedaqoq Sərdar Şərifov mühüm töhfə verib.
Diqqətəlayiqdir ki, bu cür sıx və səmimi əməkdaşlıq musiqi kollecinin fəaliyyətində də öz əksini tapır. Hər dəfə festival təşkilatçıları onlara yeni musiqi nəşrləri hədiyyə edirlər, müəllimlər və tələbələr bunlardan tədrisdə istifadə edirlər.
Xatırladaq ki, festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Festivalda bir sıra ölkələrdən, eləcə də Azərbaycandan tanınmış musiqi kollektivləri və istedadlı musiqiçilər iştirak edirlər. Üç günlük festival çərçivəsində tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət müxtəlif konsert proqramları təqdim olunacaq.
Firəngiz Ağalarova
Rəylər