Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Tahir Əkbərin 70 illik yubileyi keçiriləcək.

Oxu.Az xəbər verir ki, neçə-neçə bəstələri ilə ürəkləri riqqətə gətirən bəstəkarın ötən gün 70 yaşı tamam olub.
Tahir Əkbər Oxu.Az-a açıqlamasında doğum gününü qeyd etmədiyini söyləyib:
“Doğum günüm “20 Yanvar” faciəsinə təsadüf edir. Əlbəttə ki, şəhidlərimizin əziz xatirəsini uca tutaraq dünən doğum günümü qeyd etmədim. Mənə gələn çoxlu sayda təbrikləri və arzuları isə matəm günü ilə əlaqədar çox çətinliklə qəbul edirdim”.
Tanınmış bəstəkar yubileyinin dövlət səviyyəsində keçiriləcəyini də bildirib:
“Mart ayında dövlət səviyyəsində 70 illik yubileyim təntənəli şəkildə qeyd olunacaqdır. Buna görə əziyyət çəkənlərə minnətdaram”.

Qeyd edək ki, Tahir Əkbər 1946-cı il, yanvarın 20-də anadan olub.
1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.
Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub.
Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub.
1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür.

Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.

Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım”, “Heç küsməyin yeridirmi?”, “Azərbaycan”, “Əzizim”, “Heyfim gəldi”, “Qalardım”, “Bir qız bir oğlanındır”, “Xəzəllərin rəqsi” və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub.

Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin “El oğlu, hay ver...” əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub.
Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Həmrəylik” himni xor və simfonik orkestrin ifasında səslənib.

2006-cı il noyabr ayının 9-da filarmoniyada Bəstəkarlar Birliyinin təqdimatı və Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirilib.
Dəyərli bəstəkarımıza can sağlığı və 100 illik yubileyini qeyd etməsini arzu edirik.
Aytən Sadıqzadə
www.oxu.az