Mayın 12-dən 18-dək Bakıda Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və M.L.Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondunun birgə təşkilatçılığı ilə VII Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.
Oxu.Az xəbər verir ki, festival çərçivəsində mayın 13-də P.İ.Çaykovski adına Beynəlxalq müsabiqə laureatı Sergey Doqadin (skripka) Sankt-Peterburq Filarmoniyasının Simfonik Orkestrinin və dirijor SSRİ Xalq Artisti Yuri Temirkanovun müşayiəti ilə çıxış edəcək.
Konsert 13 may saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 10 - 30 AZN arasında dəyişir.
Mayın 14-də Kral Yelizaveta müsabiqəsinin laureatı Denis Kojuxin (fortepiano) Bakıda ilk dəfə çıxış edəcək. Mayın 15-də, həmçinin ilk dəfə olaraq italyan dirijoru Robert Trevinyonun idarəçiliyi ilə Monte-Karlo Filarmonik Orkestrinin konserti olacaq. Konsertin solisti fransalı skripkaçı Loran Korsiadır.
Festival Litva dirijoru Qintaras Rinkyaviçusun idarəçiliyi altında Azərbaycan Dövlət simfonik orkestrinin konserti ilə başa çatacaq.
Aytən Sadıqzadə
www.oxu.az