Keçən ilin sonunda Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filmi prokata çıxıb. Bu filmdə də yenə Lev Durov və keçmiş mədəniyyət naziri, indi isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çəkilib. “Bu, nazirin at çapdığı ilk filmdir”, - rejissor zarafat edib. Film yumorla zəngindir və sitatlara dönəcək.
Oxu.Az xəbər verir ki, premyeradan öncə Yuli Qusman “Novıye izvestiya”nın suallarına cavab verib.
“Bilirsiz, əslində biz hamımız görüşmək istəyirdik. Nə isə yaratmaq istəyirdik. Hərdən elə olur ki, baxırsan aktyorlar da yaxşıdır, operator da, təbiət də, hava da, hətta pul da var, amma sıçrayış, uçuş və sevinc yoxdur.
Yeri gəlmişkən, heç bir sıçrayış, uçuş və sevinc yaxşı filmin ərsəyə gələcəyinə zəmanət vermir. Amma mən çox istərdim ki, bu dörd ay çəkiliş apardığımız zaman ərzində Bakıya gələnlər (bu isə Rusiyanın yüzə yaxın kinematoqrafıdır) Poladın vətənində özlərini xoşbəxt hiss etsinlər. Həyatımızda çatışmayan amillərdən biri bayram atmosferi olsun”, o deyib.
Aktyor depressiya üçün çoxsaylı səbəblərinin olduğunu da deyib:
“Bizdə daima müharibə və dolların qiymətinin sıçrayışları mövcuddur. Mən bunun fonunda unudulmuş dəyərlər haqqında kino çəkmək istərdim: xeyirxahlıq, dürüstlük, məhəbbət, xalqların dostluğu və ədalət kimi dəyərlər haqqında.
Mənim həyatımda bu sözlərin çox böyük mənası var. Axı biz hamımız bir yerdə gözəl ölkədə yaşadığımıza köklənən tərbiyəni almışıq. Bu gün isə biz bu gözəl ölkədə hamımız dalaşırıq. Bax, bunu düzəltməyə cəhd etmək mənim filmimin ismarıcıdır.
Mən sağlam həyat tərzinin təbliğatçısı kimi görünmək istəmirəm. Amma mən istərdim ki, filmimin əsas hərəkətverici qüvvəsinin bizim nə qədər fərqli olursaq olaq dostluq edə bilərik mesajının olmasına inansınlar”.
Müsahibədə Y.Qusman qeyd edib ki, əgər Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmasaydı film ərsəyə gəlməzdi.
“Ümumiyyətlə, bu layihə, Rusiya ilə birgə böyük layihə kimi başlanıldı. Amma Rusiya bu layihədən çıxdı. Keçmiş sovet respublikalarının yaxınlaşması, münasibətlərinin inkişafı və bərpası ilə məşğul olan çoxsaylı təşkilatların mövcud olduğu halda bu prosesdə o qədər axmaqlıq, demaqogiya və kəsilmiş pullar var ki...”, - sözünü layihədə iştirakdan imtina edən Rusiya təşkilatlarına ünvanlayan aktyor bildirib.