Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ağdaban qətliamının şahidi: “Ermənilər atamı və 5 yaşlı bacımı qətlə yetirdilər” - FOTO
Ermənilər Kəlbəcər rayonunun Ağdaban kəndində ata və 5 yaşlı qızını qətlə yetiriblər.
Bu sözləri “Report”a açıqlamasında Ağdaban kəndinin sakini və soyqırımının şahidi Təbriz Alıyev faciənin 32-ci ildönümü ilə əlaqədar kəndə təşkil olunan ziyarət zamanı deyib.
“Şükürlər olsun ki, bu gün ata-baba yurdumuzu azad və rahat şəkildə ziyarət edə bilirik. Ermənilər həm torpaqlarımızı, həm uşaqlıq və gəncliyimizi, həm də ata-babalarımızın məzarlarını dağıdıb, talan ediblər. Kənd işğal olunanda ən ağır faciəni yaşayan insanlardan biri də mən olmuşam. Onlar mənim atamı və 5 yaşlı bacımı qətlə yetiriblər. Bu qələbəni bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyevə və ordumuza təşəkkür edirəm”, - o bildirib.
Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 32 nəfəri amansızcasına qətlə yetirərək soyqırımı aktı törədiblər.
Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.
Rəylər