Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kapitan Elnur Şükürlü: "Qardaşım şəhid olanda aramızda 2 kilometr məsafə var idi"
"Qardaşımla həm zabit, həm də döyüş yoldaşı olmuşuq. Bu gün isə qardaşımla yanaşı, Vətən uğrunda ayaqlanan bütün qəhrəmanlarımızın Zəfər Günüdür".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid leytenant Elvin Şükürlünün qardaşı kapitan Elnur Şükürlü deyib.
"Nə qardaşım, nə də mən işğal altında olan torpaqlarımızı görməmişdik. Atam Birinci Qrabağ müharibəsi veteranı, ehtiyatda olan kapitandır. Anam da Qarabağ zonasındandır. Bizə Vətən sevgisini aşılayan atam və anam olublar. Elə bu sevgi ilə də Vətən müharibəsinə yollanmışıq. Lakin bu gün həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, torpaqlarımız işğaldan azad edilib, kədərlənirəm ona görə ki, qardaşım bu günü görmədi", - şəhid qardaşı deyib.
O, qardaşı şəhid olanda aralarında cəmi 2 kilometrlik məsafə olduğunu qeyd edib: "Qardaşımgil Daşkəsən istiqamətindən hücuma keçib və düşməndən Üçtəpələr postunu işğaldan azad ediblər. Cənab Ali Baş Komandanın 27 sentyabrda - müharibənin ilk günündə açıqladığı azad edilən 3 postdan birini qardaşımgil işğaldan azad edib. Elə növbəti gün düşmən əks-hücuma keçəndə aldığı güllə yarasından şəhidlik zirvəsinə yüksəlib. Lakin əvvəlcə ailəmizə hər ikimizin də şəhid olması ilə bağlı xəbər verilib. Çünki mən də yaralanıb döyüş mövqeyinin ortasında qalmışdım. Ona görə də atama zəng edəndə səsimi eşidən kimi huşunu itirmişdi. Sonra yaxşı olduğumu deyib təsəlli verdim. Ondan sonra qardaşımın şəhid olduğunu öyrəndik".
"Biz qardaşımla danışanda həmişə bir-birimizə valideynlərimizi əmanət edirdik. Son sözümüz də bu olurdu ki, qəzamız mübarək olsun. Həqiqətən də qəzamız mübarək oldu, ərazi bütövlüyümüz bərpa edildi. Qardaşım üçün isə şəhid olandan sonra şeir yazmışam:
Qəlbimdə yanğı var, gözlərimdə yaş,
Yoxluğun sındırır belimi, qardaş.
Sən demə həyatım səndən ibarət,
Sənsizlik acıdan acıdır, qardaş.
Almısan cənnətin ən gözəl yerin,
Bu dünyam cəhənnəm olubdur, qardaş.
Biçarə qardaşın vaxtsız qocalıb,
Alıb gəncliyimi apardı, qardaş".
Mərahim Nəsib
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Müzəffər Ordumuzun şanlı ZƏFƏR PARADININ DÖRDÜNCÜ İLİ
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Sahibə Qafarova: "44 günlük Vətən müharibəsi və antiterror tədbirləri haqsızlığa son qoydu"
- Fuat Oktay: "Bakını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq"
- Müharibəyə Kəlbəcərdən başlayan komandir: "Tovuzlu əsgərimin anasına dedikləri hələ də qulağımdadır"
Rəylər