Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Bakıda keçirilən qərargah danışıqları fonunda Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın yeni mərhələsi təhlil olunub.
Bildirilib ki, 2027-ci il üzrə hərbi əməkdaşlıq planının layihəsinin müzakirəsi Bakı ilə Astana arasındakı əlaqələrin yalnız protokol xarakterli təmaslarla məhdudlaşmadığını, praktiki məzmun aldığını göstərir.
Qeyd olunub ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirləri Azərbaycan Ordusunun müasir döyüş təcrübəsini keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Qazaxıstan tərəfi də Azərbaycanın əldə etdiyi praktiki hərbi təcrübəni və idarəetmə mexanizmlərini sistemli şəkildə öyrənməyə xüsusi maraq göstərir.
Bu çərçivədə Qazaxıstan nümayəndə heyətləri Azərbaycan Ordusunun komanda-idarəetmə sistemi, kibertəhlükəsizlik, müdafiə planlaşdırılması, hərbi təhsil və NATO standartlarının tətbiqi ilə bağlı təcrübəsi ilə tanış olublar.
Vurğulanıb ki, Azərbaycan Qazaxıstan üçün artıq yalnız birgə təlim tərəfdaşı deyil, müasir texnoloji və idarəetmə həllərini real döyüş şəraitində sınaqdan keçirmiş praktiki istinad mənbəyidir.
Astana bu təcrübəni mexaniki şəkildə tətbiq etmək əvəzinə, öz milli təhlükəsizlik və ordu quruculuğu ehtiyaclarına uyğunlaşdıraraq mənimsəyir. 2027-ci il üçün hazırlanan əməkdaşlıq planının məzmunu da bu prosesin nə dərəcədə sistemli xarakter aldığını göstərəcək.