Ötən gün cəbhədə düşmən snayperinin açdığı atəş nəticəsində həlak olan hərbçi, 24 yaşlı Tural Əhmədov bu gün Bərdə şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Müdafiə Nazirliyinin yüksək çinli zabitləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Tural Əhmədovun oxuduğu 118 saylı köçkün orta məktəbinin kollektivi şəhidin xatirəsinə həsr olunan tədbir keçirib.
Qeyd edək ki, oktyabrın 9-da saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
11:48
Ötən gün cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş 24 yaşlı Tural Əhmədovun dəfn mərasimi keçirilir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin yaxınları, o cümlədən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqif Məmmədov iştirak edib.
Şəhidin təhsil aldığı 118 saylı məcburi köçkün məktəbində də vida mərasimi keçirilib. Onun cənazəsi orta məktəbə gətirilib. Şəhidlə vida mərasimində böyük izdiham yaşanıb.
Qeyd edək ki, şəhid cənazə namazı qılındıqdan sonra Ağdamın Dörd yol adlanan qəsəbəsində dəfn ediləcək.