Dövlət Sərhəd Xidmətinin (DSX) silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi sona çatıb.
Bu barədə Oxu.Az-a DSX-dən məlumat verilib.
“Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təliminin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili olub.
Bundan başqa, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışların keçirilməsi, sərhəd sularından qanunsuz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi həyata keçirilib.