Ermənistanın mütəmadi olaraq silahlanma ilə bağlı məlumatlar yayması Azərbaycana hədə-qorxu gəlməkdən daha çox, daxili auditoriyada Ermənistanın Azərbaycana silahlanma yarışında məğlub olması narahatlığını aradan qaldırmağa hesablanmış addımdır.
Bu fikirləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib. O, Ermənistanın müdafiə Naziri David Tonoyanın "Biz yalnız müdafiə mövqeyində qalmağa hazırlaşmırıq. Əgər söhbət hərbi fəaliyyətdən gedirsə, biz dayanmayacağıq” sözlərini şərh edərkən deyib ki, hər bir dövlətin silah almaq hüququ var:
“Ermənistan son illərdə başda Rusiya olmaqla, bəzi ölkələrdən müəyyən silahların və avadanlıqların alınması prosesini həyata keçirir. Ötən illərdə Ermənistan Rusiyadan “Smerç” yaylım atəşli reaktiv və “Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri alıb. Eləcə də, son vaxtlar bizdə olan məlumatlara görə, Ermənistan Çin, Hindistan və bir neçə Avropa ölkəsi ilə silahların alınmasına dair danışıqlar həyata keçirir.
Ötən həftə Əbu-Dabidə keçirilən hərbi sərgidə olarkən Hindistan şirkətlərindən əldə etdiyim məlumata görə, Ermənistanla müəyyən silah və döyüş sursatlarının alınmasına dair tərəflər arasında danışıqlar gedir. Ancaq hazırda Ermənistan Rusiyadan asılı vəziyyətdədir və bu tipli danışıqların reallaşmasına Moskva imkan vermir”, - ekspert bildirib.
O, Rusiyanın Ermənistana “Su-30SM” qırıcıları satdığı xatırladıb və deyib ki, bu təyyarələri Rusiya Ermənistandan öncə Azərbaycana təklif etmişdi.

“Üç ilə yaxın davam edən danışıqlardan sonra Azərbaycan tərəfi rəsmən bu təyyarələri almaqdan imtina etdi və onların Azərbaycanın ərazi şərtlərinə uyğun olmadığını bildirdi. Çünki “Su-30SM” təyyarələri böyük və düzəngah əraziləri olan ölkələr üçün əlverişlidir. Azərbaycanın müharibə apardığı ərazilərdə isə bu təyyarələr effektli olmayacaqdı.
Azərbaycan hazırda başqa ölkələrin döyüş təyyarələrini və hərbi hava qüvvələrinin döyüş qüvvələrini artıran layihələri nəzərdən keçirir. Və bu layihələr imkan verir ki, Azərbaycan aviasiyası Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə girmədən cəbhənin dərinliyindəki hədəfləri yüksək dəqiqliklə məhv etsin”.
R.Süleymanov deyib ki, bu gün Ermənistanın dövlət və hərbi büdcəsinə baxdıqda onların haqqında bəhs etdikləri silahları almağa Yerevanın imkanlarının çatmadığını görmək olar.
“Rusiyanın Ermənistana satdığı təyyarə 1992-ci ildə silahlanmaya daxil edilib. Qiyməti təxminən 50-80 milyon dollar səviyyəsində müəyyən edilib. Ermənistanın büdcəsi ən yaxşı halda 4-5 belə təyyarə almağa bəs edir. Bu təyyarələr dünyada ən çox qəzaya uğrayan qırıcılar siyahısındadır. Son 20 ildə təxminən 10-dan çox belə təyyarə qəzaya uğrayıb”, - o əlavə edib.
Ekspert Azərbaycanla Ermənistan arasında silahlanma yarışı ilə bağlı bəzi məqamları diqqətə çatdırıb:
““Smerç” yaylım atəşli reaktiv sistemləri qeyd edə bilərik ki, Ermənistanda bu sistemlərdən altı ədəddirsə, Azərbaycanda bu rəqəm 6-7 dəfə çoxdur. “Solntsepyok” TOS-1A ağır odsaçan sistemlərinə nəzər yetirsək, Yerevanda bu sistemlərdən dörd ədəddir, Azərbaycanda isə say Ermənistandakından 5-6 dəfə çoxdur.
Bundan başqa, Azərbaycan daha müasir sayılan yüksək dəqiqliyə malik idarəetməli TRG-300, Belarus istehsalı olan “Polonez”, İsrail istesahlı “Lora” sistemlərinə malikdir. Aviasiya sahəsində Azərbaycanla Ermənistanın potensialı, ümumiyyətlə, müqayisə olunacaq dərəcədə deyil. Bu gün Ermənistan hərbi hava qüvvələrində 12 ədəd “Su-25” təyyarəsi var, Azərbaycanda isə bu say üç və ya dörd dəfə bundan çoxdur. Helikopterlərin sayına görə də eyni vəziyyətdədir”.
Onun sözlərinə görə, Azərbaycanla silahlanma yarışına tab gətirmək üçün Ermənistan dövlət büdcəsinin tamamını da sərf etsə, bu, kifayət etməz:
“Azərbaycan hər il dövlət büdcəsindən tək müdafiə xərclərinə iki milyard dollardan artıq vəsait ayırır. Ermənistanın isə dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsi qədərdir”.
Ekspert daha bir maraqlı məqamı diqqətə çatdırıb. O bildirib ki, ötən həftə Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri, başda nazir David Tonoyan Əbu-Dabidə keçirilən dünyanın ən böyük müdafiə sərgilərindən birinə qatılıblar:
“Tonoyan sərgidə dünyanın müxtəlif ölkələri tərəfindən istehsal edilən milyardlarla dollar qiyməti olan silah və texnikaların önündə fotolar çəkdirməklə məşğul idi. Sərgi müddətində Tonoyan yalnız şəkil çəkdirməklə məşğul oldu. Yəqin ki, Tonoyan bu sərgidən qayıtdıqdan sonra nə vaxtsa həmin silahların Ermənistan tərəfindən alına biləcəyini fərz edib, belə bir fikirlər səsləndirib”.
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov saytımıza açıqlamasında Ermənistan müdafiə naziri David Tonoyanın Ermənistanın hücum silahları alması və hücuma keçə biləcəyi ilə bağlı fikirlərini şərh edib.

O deyib ki, bu açıqlamalar daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır:
“Ermənistan cəmiyyətində Qarabağla bağlı narahatlıqlar çoxalır. Ermənistan gündən-günə güclənən və qüdrətini artıran Azərbaycan ordusu qarşısında dura bilməyəcəyini görür və xalq arasında ola biləcək faciələr nəzərə alınaraq, gərginlik artır. Ermənistanın iqtisadiyyatını qaldırmaq üçün resursu yoxdur. Digər tərəfdən, Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə müəyyən prioritet saxlamaq üçün silah, kredit almağa, Rusiyanın təklif etdiyi silahlarla silahlanmağa məcburdur.
Bu gün Ermənistan Rusiyanın girovuna çevrilib. Müəyyən kreditlər qarşılığında onlar bəzi müəssisələri Rusiyaya girov veriblər və yaxud şərikliyə razı olublar”.
Ekspertin sözlərinə görə, bu gün Ermənistanın sosial vəziyyəti dözülməz həddədir:
“Bunun sonu yoxdur. Əlbəttə, bu fonda Azərbaycanın dünyanın 50 ən güclü ordusu olan dövlətlər siyahısına daxil olması, daxili stabillik kimi səbəblər Ermənistan cəmiyyətini narahat edir.
Ermənistanın son zamanlar hücum silahları alması ilə bağlı Tonoyanın səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil. Son vaxtlar Ermənistan yalnız 50 ədəd AK-74 silahı alıb. Ermənistana yeni hakimiyyətin gəlməsi bu ölkəni daha da zəiflədib. Bugünədək onlar açıqlama verirdilər ki, biz Azərbaycanın hücumlarını dəf edəcəyik. Bu gün isə yeni mövzu tapıblar və bildirirlər ki, Ermənistan hücum silahları alır. Bütün bunlar daxili auditoriyanı sakitləşdirməyə hesablanan məlumatlardır”.
Ş.Ramaldanov əlavə edib ki, bu gün cəbhə bölgəsində sabitliyin əsas səbəbi Azərbaycan Silahlı Qüvvələridir:
“Ermənilərin diversiya qrupları darmadağın edilib, indi isə uçan aparatlardan istifadə edirlər. Onlar da məhv edilir. Yəni cəbhə bölgəsində nəzarət tam Azərbaycan ordusunun əlindədir”.
Qeyd edək ki, bu gün Ermənistan müdafiə naziri David Tonoyan yerli mətbuata verdiyi açıqlamada Ermənistanın hücum silahları almağa hazırlaşdığını və hücuma keçə biləcəyini deyib.
Samir İsayev