Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vahid Əhmədov: Dədə-baba məhsullarımız, xaricdən gələnlərdən dadlı olur
Oxu.Az-ın müxbirinin suallarını sabiq birinci vitse-premyer, iqtisadçı millət vəkili Vahid Əhmədov cavablandırır:
- Yaxın günlərdə növbəti ilin dövlət büdcəsinin müzakirələri baş tutacaq. Növbəti ildə neftin qiyməti necə olacaq, yəni, builki səviyyə saxlanılacaq, yoxsa artım müşahidə olunacaq?
- Dövlət büdcəsini, yəqin ki, bu yaxınlarda komitədə müzakirə edəcəyik. Hələlik büdcə zərfi parlamentə daxil olmayıb. Belə hesab edirəm ki, dünyada gedən proseslər nəticəsində neftin qiyməti bir qədər də artarsa, onu büdcədə 55-60 dollar səviyyəsində götürmək olar. Yəni, hesab etmirəm ki, neftin qiyməti bundan aşağı düşsün və ya düşəcək. Çünki həm ABŞ-ın öz neftini dünya bazarına çıxarması, həm İranda müəyyən proseslərin baş verməsi, noyabrın 1-dən bu ölkəyə qarşı embarqoların, sanksiyaların qüvvəyə minməsi, Rusiya ilə bağlı müəyyən sanksiyaların tətbiq edilməsi və s. neft bazarına, heç şübhəsiz ki, öz təsirini göstərəcək.
Hesab edirəm ki, neftin qiyməti 55-60 dollar arasında olar. Amma heç kim zəmanət verməz ki, gələn ilin ikinci yarısında neftin qiyməti hansı səviyyədə olacaq. İndi artan xətt üzrə gedir. Bu, 100 dollara da çata bilər. Amma elə bir məqam gələr ki, neftin qiyməti yenə enməyə başlayar. Buna hazır olmaq lazımdır. Ona görə Azərbaycanın qeyri-neft sektorunda çox ciddi irəliləyişlərə nail olmalıyıq.
- Qeyri-neft sektorunun inkişafında, yəni, Azərbaycan reallığında daha çox hansı sahələr prioritet olmalıdır?
- Azərbaycanda, ümumiyyətlə, başlıca irəliləyən sahələr sənaye, kənd təsərrüfatı, turizmdir. Bu üç sahəyə Azərbaycanda diqqət yetirilir. Fikir verirsinizsə, cənab prezident son vaxtlar, xüsusilə, 2017-ci ildən başlayaraq kənd təsərrüfatına nə qədər diqqət yetirir.
Əlavə vəsaitlər verir, subsidiyalar verir, dotasiya verir ki, kənd təsərrüfatı inkişaf etsin. Həm özümüzü ərzaqla təmin edək, həm də xaricə ixracımız artsın və qeyd edim ki, kənd təsərrüfatı ilə əlaqədar olaraq 2017-ci ildən ixracımız kəskin artıb.
Bir sıra kənd təsərrüfatı məhsullarımızı qonşu dövlətlərə ixrac edirik. İkinci sahə sənaye sahəsidir. Bu, çox ciddi sahədir və sənayesi inkişaf etmiş dövlətlərdə deyirlər ki, həmişə mədəniyyət yüksək olur. Yəni, mədəniyyəti gətirən bir sahədir. Bu sahəyə müəyyən qədər diqqət artırılıb, sənaye məhəllələri, sənaye parkları yaradırlar, amma hələlik oradan ciddi bir nəticə əldə edə bilmirik. Çünki orada kooperasiya üsulları çoxdur və məhsuldarlıq o qədər yüksək deyil. Ona görə bu sahəyə diqqəti daha da artırmaq lazımdır.
Bir neçə dəfə demişəm, Azərbaycan 70 ildən artıq bir dövr ərzində neft maşınqayırması sahəsində avanqard rollardan birini oynayıb. Bizim haradasa 25-30 ölkəyə ixrac məhsulumuz var idi. Onları sovetlər dönəmində xarici dövlətlərə göndərirdik. Amma hazırda məcburuq ki, bəzi avadanlıqları, məhsulları xaricdən gətirək və dollarla ödəyək. Buna görə də Azərbaycanda neft maşınqayırmasının inkişafına çox böyük ehtiyac var.
Bir neçə iri zavodlar tikmək lazımdır ki, bu zavodlarda neft maşınqayırması məhsulları istehsal olunsun. Həm Azərbaycanın daxili tələbatını ödəsin, həm də xaricə ixrac edək.
- Bəs qeyri-neft sektorunun əsas qolu olan kənd təsərrüfatının inkişafında vəziyyəti necə xarakterizə edərdiniz, orada durum nə yerdədir?
- Düzdür, kənd təsərrüfatının inkişafı ilə əlaqədar müəyyən işlər görülür, müsbət nəticələr var. Xüsusilə də, yeni rəhbərlik tərəfindən ciddi işlərə başlanılıb. Amma müəyyən yanlışlıqlar da var. Misal üçün, belə bir göstəriş verildi ki, hər yerdə fındıq kolları əkilsin. Azərbaycanın tarixi, doqquz iqlim qurşağı var. Və tarix boyu Azərbaycanda hansı zonada hansı məhsullar istehsal olunur, bunu hamı bilir.
Misal üçün, Quba-Xaçmaz zonası meyvə-tərəvəz zonasıdır. Bu, tarix boyu belə olub. İndi orada aparıb fındıq kolları əksən də, Xaçmazda müəyyən qədər əmələ gələr, amma Qubada mümkün deyil. Çünki Quba soyuq olan rayondur. Yaxud, Lənkəran-Astara zonasını götürək. Burada həmişə subtropik bitkilərin istehsalı ilə məşğul olublar, bu gün də məşğuldurlar.
Digər aqrar rayonlar var ki, hansı ki, pambıqçılıqla məşğuldurlar, şimal rayonları var - Balakəndir, Şəkidir, orada daha çox tütünçülüklə məşğul olurlar və sairə. Yəni, bu sahələr artıq bilinir. Biz özümüzdən təzə Amerika açmırıq. Orada məhz bu sahələri inkişaf etdirmək lazımdır ki, daha böyük gəlirlər əldə etmək mümkün olsun.
Bakının özündə vaxt var idi gül istehsalı ilə çox ciddi məşğul idilər. İndi pomidor, xiyar və digər kənd təsərrüfatı məhsulları istehsal edilir. Fikir verirsinizsə, Azərbaycanda pomidor ixracı çox yüksək səviyyədə həyata keçirilir. Yəni, müəyyən xarici firmalar Azərbaycanda işləyiblər, qurublar bu istixanaları. Artıq bu istehsal nəinki özümüzü təmin edir, hətta Rusiya, digər dövlətlərə də ixrac edilir.
Yerli məhsullara daha çox diqqət yetirmək lazımdır. Son vaxtlar bəzi sahibkarlar gedirlər Fransadan, nə bilim İsraildən, digər yerlərdən meyvə-tərəvəz məhsulları gətirib burada yetişdirirlər. Amma bizim öz məhsullarımız, dədə-baba məhsullarımız daha çox keyfiyyətli olur, daha çox dadlı olur, nəinki xaricdən gələn məhsullar. Bunlara diqqət yetirmək lazımdır.
- Həmin məhsulların saxlanılması üçün bəs lazımi şərait, soyuducular, anbarlar varmı, onlar yetərlidirmi? Yəni, məhsulu satmaq üçün fermerə və ya sahibkara istənilən şəraiti yaratmaq, təmin mümkün olubmu?
- Bilirsiniz, ən ciddi məqamlardan biri, əlbəttə, fermerin və ya sahibkarın istehsal etdiyi məhsulun satılmasıdır. Bu, bizdə problemdir. Fikir verirsinizsə, biz daim bu məsələ ilə bağlı tez-tez şikayətlər eşidirik, alırıq. Misal üçün, Qubada meyvə-tərəvəz alma yetişdirilir.
Quba həmişə öz alması ilə tanınıb, bu gün də tanınır. Ancaq almanı satmaqda müəyyən problemlər var. Düzdür, indi Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. O, təzə yaranıb, yerlərdə müəyyən qurumları fəaliyyətə başlayıb. Onlar çox ciddi işlərlə məşğul olurlar. Yəni, artıq elə edirlər ki, əhali, birincisi, Azərbaycan təmin olunsun həmin məhsullarla, sonra xaricə ixrac olunsun. İkincisi, çalışmaq lazımdır ki, əhali, yəni, fermer, sahibkar, istehsal etdiyi məhsulun satılmasında problem yaşamasın.
Üçüncüsü, bilirsiniz ki, cənab prezident xüsusilə son 4-5 ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə soyuducuların tikilməsinə çox böyük diqqət yetirir. Bütün bölgələrdə soyuducular tikilməyə başlayıb. Soyuducular kifayət qədər olsa da, amma orada saxlama məsələsi var. Yəni, fermerlərə sərf etmir ki, aparıb orada öz məhsullarını saxlasınlar. Çünki qiymətdə müəyyən qədər problem yaranır. Bu məsələ ilə də İqtisadiyyat Nazirliyi ciddi şəkildə məşğul olmalıdır.
- Bu gün dünyada ən ciddi problemlərdən, insan sağlamlığı üçün ən zərərli məsələlərdən biri də geni dəyişdirilmiş məhsullar - GMO-lardır. Onların Azərbaycanda satışının, ölkəmizə gətirilməsinin qarşısının alınması üçün daha hansı addımlar atılmalıdır? Qida Təhlükəsizliyi Agentliyi bunu önləyə biləcəkmi?
- Bu, bir tək Qida Təhlükəsizliyi Agentliyinin məsələsi deyil. Ümumiyyətlə, buna məsuliyyət daşıyan digər qurumlar var, hansılar ki, onlar hamısı bu işlərlə birlikdə məşğul olmalıdır. Sərhəddən başlamış ta ki istehlakçıya gedib çatana qədər. Birincisi, GMO adlanan məhsul dünyanın hər yerində var. Avropa dövlətlərində də var, Amerikada da var, MDB dövlətlərində də var, hər yerdə istifadə edilir.
Düzdür, bəzi alimlər sübut edirlər ki, həmin məhsullardan zərərli olanı da var, amma xeyirli olanı da var. Azərbaycanda da çalışılır ki, həmin məhsullar ölkəmizə daha az daxil olsun.
Misal üçün, Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəaliyyət göstərirlər. Sərhəddə xüsusi laboratoriyalar var. O laboratoriyalarda həmin məhsullar ekspertizadan keçirilir və sair. Hesab edirəm ki, bu işlər bir qədər sürətləndirilməlidir.
Məndə olan məlumatlara görə, Qida Təhlükəsizliyi Agentliyinin də müəyyən addımlar atması nəzərdə tutulur ki, bununla GMO məhsullarının ölkəmizə daxil olmasının qarşısını müəyyən qədər alınacaq.
- Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar qaneedicidirmi, burada hədəflənən məqsədlərə çatmaq mümkün olacaqmı?
- Əlbəttə, müəyyən işlər görülür, göz qabağındadır, amma tendensiya, gedişat məni hələlik tam qane etmir. İstərdim ki, Azərbaycanda iri müəssisələr fəaliyyət göstərsin. Bir vaxtlar var idi, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir sənaye şəhərləri idi və insanlar hətta rayonlardan gəlib burada işləyirdilər, müəyyən vəsaitlər qazanırdılar. İstərdim ki, bu şəhərlər yenidən tam gücü ilə sənaye şəhərlərinə çevrilsin.
Bununla belə, indi rayonlarda müəyyən qədər şərait yaradılıb. Vaxt var idi, rayonlarda qaz, su, elektrik enerjisi, yol problemi var idi. Amma bu problemlər müəyyən qədər aradan qaldırıldı. Bu dəqiqə ölkədə elektrik enerjisində elə bir ciddi problem yoxdur. Müəyyən kəndlərdə qazla bağlı problem olsa da, aradan qaldırılıb. Su problemi faktiki olaraq yox səviyyəsindədir. Yollar çəkilir, müəyyən qədər vəsaitlər ayrılır. İnfrastruktur layihələri həyata keçirilir və çalışırlar ki, dövlət başçısının tapşırığıdır, rayonlarda müəyyən qədər iş yerləri açılsın.
Sənaye müəssisələri, kənd təsərrüfatı emalı müəssisələri açılsın. Bu gün “Azərxalça”nın faktiki olaraq əksər rayonlarda filialları açılmağa və fəaliyyət göstərməyə başlayıb. Yəni, belə işlər görülür. Amma bunlar kifayət etmir.
Ona görə qeyri-neft sektorunun inkişafını mən daha çox istərdim. İstədim ki, buna daha çox diqqət yetirilsin. Neftin qiyməti qalxdı, əllər tez soyudu, belə olmamalıdır. Dövlət proqramları var, həmin proqramlara uyğun olaraq bu sektoru inkişaf etdirməliyik.
- Bir az öncə dövlət büdcəsinə qısaca olaraq toxunduq. Büdcədə artımlar və ya azaldılmalar gözlənilir?
- Azaldılmalar olmayacaq. Mənim aldığım məlumata görə, əksinə, artımlar olacaq. Biz hələ büdcəni almamışıq. Eyni zamanda, neftin qiymətini 55-60 dollar götürürüksə, bu il 45 dollar götürmüşdük, ona görə müəyyən artımlar olacaq. Ancaq hansı sahələrə artımlar olacaq, bu, artıq prezidentin səlahiyyətində olan məsələdir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az