Bu yaxınlarda Rusiyanın “ermənipərəst” hesab olunan “Regnum” xəbər agentliyi Zahirəddin İbrahimi adlı müəllifin böyük materialını dərc edib. Mətndə Azərbaycan tarixi, Qarabağ nizamlanması və başqa bir çox mətləblərdən bəhs olunur. Təbii ki, Azərbaycan üçün burada hər şey neqativdir, amma bu, təəccüb doğurmur. Eyni zamanda, müəllif materialda Gürcüstana da toxunaraq, “Erməni Tiflisi” nəzəriyyəsini inkişaf etdirmək qərarına gəlib və hətta gürcü çarı Tamaraya (XII-XIII əsrlər) qədər gedib çıxıb.
Müəllifə görə, Tamaranın rəhbərliyi altında ermənilər artıq bu şəhərdə (Tbilisidə) böyük rol oynayıblar.
“XIII əsrin ikinci yarısında Marko Polo Tiflisdəki ermənilər haqqında məlumat verir. XIV əsrdə Ermənistanın türklər tərəfindən ələ keçirilməsi nəticəsində minlərlə erməni şimala - Tiflisdə və ətraf ərazilərdə böyük kütlə təşkil edərək, Gürcüstana köç etmək məcburiyyətində qalıb.
Bu dövrdə gürcülər arasında erməni əhalisinə aid qədim bir təbəqə yaranır... İnanılmaz olsa da, eyni zamanda, Tiflisdə 1803-cü ildə mövcud olmuş 2700 evin 2500-dən çoxunun ermənilərə aid olduğu məlumdur. Belə olduqda, o zaman paytaxt tamamilə erməni mülkü olub”, - deyə müəllif M.Vladıkinin “Qafqaza səyahət üzrə bələdçi və həmsöhbət” (Moskva, 1885) əsərinə istinad edərək yazır.
İndi isə gürcü əhalisinin sayı haqqında. “Regnum” materialda qeyd edir ki, XIX əsrin ortalarında “Statistik təsvirə daxil olan Tiflis sakinlərinin sayı 27000 nəfərə çatır: dövlət idarəsi altında ermənilər - 16890, gürcülər - 4185... kilsə kəndliləri: ermənilər - 1120, gürcülər - 530; torpaq sahibi kəndlilər: ermənilər - 1570, gürcülər - 750”. Sənətkarlar arasında 1926 nəfərin əksəriyyəti - 1448-i erməni olub.
Gürcü politoloq, Avrasiya İnstitutunun rəhbəri Qulbaat Rtsxiladze Media.Az-a verdiyi şərhdə qeyd edir ki, “Regnum” ermənipərəst qaynaq kimi tanınır:
“Bu yazı daha çox zarafat və ya məsxərəyə bənzəyir. Bəli, ermənilər Tiflisdə (gürcü dilində Tfilis) yaşayırdılar, əsasən, tacir olublar. Tiflis, həqiqətən, tacirləri cəlb edib. Söhbət çar Tamaranın dövründən gedirsə, ərəblərlə farslar da var idi. Tiflis həmişə çox beynəlmiləl şəhər olub. Azərbaycanlılar da o zaman da, indi də yaşayırlar. Ancaq kimə neçə evin məxsus olduğunun kim tərəfindən sayılması başqa məsələdir”.
Müsahibimizin sözlərinə görə, burjua münasibətləri inkişaf edən zaman ermənilər nəzərəçarpan rol oynayıblar və burda pis bir şey yoxdur:
“Heç kim nə onların, nə də digər xalqların hüquqlarını pozmağa çalışmayıb. Ancaq Tiflis həmişə erməni yox, gürcü şəhəri olub. Bəli, həm farslar, həm də ərəblər onu işğal ediblər. Ermənistanın isə öz dövlətçiliyi olmayıb.
Yeri gəlmişkən, XI əsrin sonu - XII əsrin birinci rübündə Gürcüstanı idarə edən çar IV Qurucu David erməniləri səlcuqlardan xilas edib. Bu tarixdir. Niyə indi gürcülərlə erməniləri toqquşdurmaq istəyirlər? Bu, təxribatdır.
Bütün bunlar, ilk növbədə, Ermənistanın maraqlarına uyğun deyil. Yerevan üçün Tbilisi ilə münasibətləri korlamaq, bu cür yalançı tarixi mövzular qaldırmaq heç də sərfəli deyil. Bu, Gürcüstan cəmiyyətində reaksiya, qıcıq yaradır.
Bir axmaq erməni siyasətçi və ya yalançı alim gülünc bir şey deyir... Və bu bizim KİV-də yayılır. Eyni zamanda, bunu da yadda saxlamaq lazımdır ki, Gürcüstanda heç bir fobiya yoxdur”.