Okt
2023
20:42
74
21
1514
Virtual karabakh

USAID regiondan nə istəyir? - ŞƏRH + FOTO

3 Okt, 2023
20:42
1514

USAID regiondan nə istəyir? - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qonşu Gürcüstanda baş verən növbəti qalmaqal ABŞ-nin Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq planı üçün düyməyə basdığına işarə edir. Rusiya ilə Ermənistan arasında iplərin qopmaq həddinə çatdığı bir dövrdə, analoji olaraq, Gürcüstanda baş verən hadisələr də sözügedən ölkədə ABŞ kəşfiyyatının dövlət çevrilişinə hazırlaşmasından xəbər verir.

Gürcüstan cari ilin sonuna kimi Avropa İttifaqına namizəd statusunun həll olunmasını gözlədiyi bir dövrdə ölkədə iğtişaş yaratmaqda maraqlı olan xarici qüvvələr hərəkətə keçiblər. Bunu demək üçün isə kifayət qədər əsas var. Məsələ burasındadır ki, sentyabrın 25-də USAID proqramı çərçivəsində Serbiya vətəndaşları Sinisa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç Gürcüstana səfər ediblər. İlk baxışdan adi səfər kimi görünsə də, maraqlı məqamlar diqqət çəkib.

Birincisi, USAID (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi) uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlmiş qurum sayılır və müxtəlif proqramlarla əsasən kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. Bu, aysberqin görünən üzüdür. Əsas məsələ aysberqin görünməyən üzüdür. Yəni ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi öz əməliyyatlarını həyata keçirmək məqsədilə USAID-dən pərdələnmək üçün istifadə edir. USAID-in davamlı olaraq bir ölkədə görünməsi həmin dövlətin daxili işlərinə qarışmaq, siyasi proseslərə müdaxilə etmək, hakimiyyət çevrilişlərinə cəhd məsələləri deməkdir.

İkincisi, USAID tərəfindən dəvət edilən şəxslərin müəmmalı olmasıdır. Gürcüstanın xüsusi xidmət orqanları bildirirlər ki, sözügedən şəxslər 2003-cü ildə Gürcüstanda baş verən inqilabla bağlı şəxslərdir. Məsələ bununla da bitmir, Gürcüstana dəvət edilən Sinisa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç müxtəlif illərdə Serbiya, Ukrayna və digər dövlətlərdə baş verən analoji proseslərdə iştirak ediblər.

Bu şəxslər əsasən etiraz əhval-ruhiyyəsi yaratmaqda, zorakılıqla müşayiət edilən mitinq taktikalarını öyrətməkdə peşəkardırlar. USAID-in dəstəyi ilə Gürcüstana səfər edən bu şəxslər rəsmi olaraq mədəniyyət sahəsində çalışanlar üçün strateji qeyri-zorakı mübarizə mövzusunda təlim keçiblər. Amma əslində plan başqadır və oktyabr-dekabr aylarında Gürcüstanda iğtişaşlar planlaşdırılır. Sözügedən şəxslərin isə əsas işi planlaşdırılan iğtişaşlar üçün inqilabi gənclər qruplarını hazırlaşdırmaq olub.

USAID Azərbaycanda da 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə dəfələrlə eyni üsullar, eyni taktikalara əl atılsa da, bu planlar dövlətin xüsusi xidmət orqanları tərəfindən zamanında ifşa edilib və reallaşmasına imkan verilməyib. Sözügedən qurumun Azərbaycana qarşı çirkin əməlləri bu gün də davam edir. Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi regionunda başlatdığı lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAID dərhal özünü göstərdi və qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi. O, səfər zamanı isə “qaçqınlar”a 2.5 milyon dollar yardım göstəriləcəyini bəyan etdi.

Samanta Pauerin adı qalmaqallarla yadda qalıb. Şübhəsiz ki, 2006-cı ildə lentə alınan qondarma erməni soyqırımından bəhs edən filmdə türkləri faşist adlandıran, soyqırımının tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirən Pauer radikal ermənipərəstdir. Bəs USAID-ın Azərbaycana qarşı bu mövqeyinin əsl səbəbi nədir? Təbii ki, bağlı olduğu Soros fondu. Zamanında Azərbaycanda hərcmərcliklər yaratmaq istəyən “Soros Fondu” biabırçı şəkildə ölkədən qovulmuşdu.

Görünür, quyruq acısını unuda bilməyən fond törəməsi USAID-i işə salaraq Azərbaycana qarşı qərəzli mövqe tutmaqda davam edir. USAID-in Azərbaycana qarşı münasibəti isə necə deyərlər, gün kimi aydındır. Qurum təmsil etdiyi dövlətin xarici siyasətinə kölgə salaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı sərsəm açıqlamalar verir, BMT, ATƏT, Aİ kimi qurumlar bu barədə danışmadığı halda erməni nağılını təkrarlayaraq “etnik təmizləmə”dən dəm vurur. Bu isə ABŞ-nin nə xarici siyasətinə, nə də regionda yürütdüyü xəttə uyğundur.

Sözügedən qurum vaxtilə Azərbaycanda “NİDA”, “Dalğa” kimi təşkilatları maliyyələşdirir, Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyalar da təşkil etdirməkdən çəkinmirdi. Bununla yanaşı, fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi. Məsələn, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün 2,4 milyon dollar məbləğində qrant ayırıb və vəsaiti özlərinə yaxın bildikləri media və qurumlara qeyri-şəffaf formada paylayıb.

Əslində, USAID-in layihələrinə ehtiyac yoxdur. Azərbaycanın istənilən layihəni reallaşdırmaq üçün kifayət qədər resursu var. Ancaq rəsmi qurumlar tərəfindən bu layihələrə ehtiyac olmadığı bildirilsə də, USAID fəaliyyətini dayandırmır. Çünki bu fəaliyyətləri ilə əslində özünə informasiya toplayır, yeni tərəfdaşlar cəlb edirlər. Təsadüfi deyil ki, müxalifətyönlü QHT-lərin əksəriyyəti USAID-dən, ABŞ Milli Demokratiya İnstitutundan (MDI/NDI) maliyyələşir və aldıqları qrant müqabilində lazım olan informasiya və dəstəyi göstərməyi özlərinə borc bilirlər. Belə ki, 2014-cü ildə MDI/NDI-nin Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs özünün bank hesabından 2 milyon dollar çıxararaq bir sıra QHT-lərə, bəzi şəxslərə paylayıb ki, özləri üçün burada bir dayaq qrupu yaratsınlar.

Amma hər zaman olduğu kimi, USAID-in Azərbaycanda istənilən “fəaliyyəti” fiaskoya uğrayır, rəngli inqilab, ölkədə narazılıq salmaq, dövlətlə xalq arasında qarşıdurma yaratmaq tipli arzuları ürəklərində qalır. MKİ rəhbərliyi və USAID ağaları anlamalıdırlar ki, Azərbaycanda dövlətlə xalqın arasına girmək mümkün deyil. Amma görünür, Azərbaycanın səbir kasası bir gün dolacaq və “Soros Fondu” kimi qurumu ölkədən qovduğu kimi, USAID-ə də qapını göstərəcək.

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri