13 
Noy
2023
12:20
18
97
1525
Virtual karabakh

İranın çaldığı “erməni havası”: Səfir Tehranın hədəfini göstərir - TƏHLİL

13 Noy, 2023
12:20
1525

İranın çaldığı “erməni havası”: Səfir Tehranın hədəfini göstərir - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Qarabağdan köçən ermənilərin müqəddəratını təyin etmək hüququndan bəhs edib. Səfirin açıqlaması Azərbaycan-İran münasibətlərinin yumşalması istiqamətində görülən işlərə zərbə vurmaq məqsədi daşıyır, yəni diplomat İran Xarici İşlər Nazirliyinin deyil, məhz SEPAH aparatının təsiri ilə danışır.

Deməli, İran regional siyasət doktrinasında Azərbaycanla bağlı mövqeyini dəyişməyib.

Buna görə də Azərbaycanla İran arasındakı münasibətlərdə gərginlik xəttindən qaçış meyilləri gündəmdə ikən Tehranın İrəvandan səsləndirdiyi bəyanat təəccüblü gəlməməlidir.

Sürpriz bir mövqe olmasa da, Sübhaninin açıqlaması İranın bir daşla iki hədəf vurmaq istədiyini göstərir.

Birincisi, İran Qarabağ ermənilərinə hüquq tələb etməklə onları regional siyasət praktikasının tərkibinə daxil etmək istəyir.

İkincisi, Tehran planına elə forma və ölçü vermək istəyir ki, Zəngəzur dəhlizinin konteksti İranın maraqlarından kənara çıxan miqyasa çatmasın.

Bu baxımdan, səfir iki fərqli sitatını İranın vahid strateji məntiqində mənalandırır.

Birinci sitat: “Hesab edirik ki, Qarabağ xalqının hər bir nümayəndəsinin hüquqları təmin edilməlidir, onların öz hüquqlarını reallaşdırmaq imkanı olmalıdır. Bu, heç kimin, o cümlədən Azərbaycanın gözardı edə bilməyəcəyi reallıqdır”.

İkinci sitat: “Dəhlizə gəlincə, qeyd etməliyəm ki, beynəlxalq terminologiyada bu, əlaqə marşrutu deməkdir, lakin Ermənistanla bağlı olanda xüsusi hüquqi məna kəsb edir. Bu sözü təkrar edənlər xüsusi mənada işlədirlər və fikirlərini öz bəyanatlarının arxasında gizlədirlər”.

Bu iki sitat fonunda İranın regional siyasətdə bir məqsəddə vahidləşən məramı gündəmə gəlir. Onun qısa tərifini belə qeyd edə bilərik:

İran xarici siyasətindəki radikal tarazlığı saxlamaq üçün proksi qüvvələr formalaşdırmağa davam edən səylərinin bir hissəsini erməni amilinin üzərinə proyeksiya edir.

Hərçənd ki, İran Azərbaycanla iqtisadi, siyasi əlaqələri stimullaşdırmaqla məqsədlərini paralel şəkildə irəlilətməyə çalışır.

Mürəkkəb bir regional tabloda rəsmi Bakı İranın start verdiyi yeni kampaniyaya qarşı çağırışları icra etməklə üzləşir və o, Tehranı ambisiyalarından çəkindirmək üçün özünün qətiyyəti ilə yanaşı, müttəfiq və tərəfdaşlarının potensialından da yararlanmaq hüququna malikdir.

İranın regional əməliyyatlarda ali məqsədlərini doğruldacaq formada uğur qazanacağına ümid etməsi Yaxın Şərqdəki hərbi eskalasiya ilə mütənasibdir.

İran ümidlənir ki, Yaxın Şərqdə formalaşdırdığı qeyri-dövlət aktorlarının Cənubi Qafqaz modelini qura biləcək, lakin burada Azərbaycan və Türkiyə strateji müttəfiqliyi tablonu tamamilə fərqli formatda şəkilləndirir.

Tehran isə regional layihələndirməyə daxil olmaq məqsədlərini konstruktiv əsaslarla deyil, radikal kampaniyalara söykəməklə təhlükəsizlik sütunlarını şübhə altına alır.

Bu, ciddi siqnaldır, hərçənd, qarşıda Azərbaycanla İran münasibətlərinin, əsasən, iqtisadi fazasına xələl gətirəcək bir meyar deyil.

Perspektiv üçün proqnozlaşdırmaq olar ki, İrandakı radikal mövqelərə rəğmən, Bakı-Tehran əlaqələrinin əhəmiyyəti kiçilən bir səviyyəyə düşən deyil.

Çünki iki dövlətin geoiqtisadi maraqlarında birləşdirici nöqtə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və regionun bəzi təhlükəsizlik kəmərləri haqqında ortaq mövqelərdir.

Təhlükəsizliklə əlaqədar mövqeləri Prezident İlham Əliyev və iranlı həmkarı Seyid İbrahim Rəisi Daşkənddəki görüşdə dilə gətirmişdilər, lakin gələcəkdə həmin müştərək mövqelər yenidən haçalanma mərhələsinə daxil ola bilər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri