Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistanı silahlandıran Fransanın mallarını niyə boykot etmirik? - ARAŞDIRMA + FOTO
Fransanın Gürcüstan vasitəsilə Ermənistana silah göndərməsi Azərbaycan mətbuatında və cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Ekspertlər və təhlilçilər Fransanın son zamanlar, xüsusilə, ölkəmizə qarşı yönələn bu tipli addımlarına ciddi cavab verilməsinin vacibliyi haqqında fikirlər səsləndirirlər. Hətta bəzi təkliflər arasında Fransa istehsalı olan məhsulların boykot edilməsi, Azərbaycana bu ölkədən ixrac edilən məhsullara məhdudiyyət qoyulması təklifləri də var.
Maraqlıdır, regionda münaqişə ocağını qızışdırmaq niyyəti güdən rəsmi Parisə cavab tədbirləri necə olmalıdır? İqtisadi əngəllər haqqında təklifləri real qəbul etmək mümkündür?
Bununla bağlı fikirlərini Oxu.Az-la bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev diqqətə çatdırıb ki, Fransanın Ermənistanı silahlandırması “Bastion” adlı hərbi texnikanın bu ölkəyə ötürülməsi, demək olar, təsdiqlənib. Görünür, Fransa artıq aqressiv ritorikadan təhlükəli hərbi element kimi Ermənistanı silahlandırma mərhələsinə qədəm qoyub. Deputatın fikrincə, bu, regionumuzda çox təhlükəli bir tendensiyanın yaranmasına səbəb ola bilər:
“Belə ki, Fransa regionda yaranmış yeni reallığı, haqq-ədalətin qalib gəlməsini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını həzm edə bilmir. Beləliklə, regionda güc balansını dəyişməyə yönəlik aqressiv addımları ilə yenidən münaqişə ocaqları yaratmaq istəyir. Ermənistan isə maşa, alət rolunda istifadə olunur. Fransanın aqressiv siyasəti, destruktiv hərbi planları, regionu hərbiləşdirmək, Ermənistanı yenidən revanşizmə, müharibəyə sürükləmək istəyi anlaşılır. Rəsmi İrəvanın isə üzləşdiyi acı nəticələrdən sonra yenidən Fransanın protejesi roluna düşməyi qəbuledilməzdir. Çünki Ermənistan həmin ölkədir ki, 30 il əl çəkmədiyi işğalçılıq siyasətinə, müharibə istəyinə görə ağır nəticələrlə üz-üzə qaldı. İqtisadiyyatı darmadağın olunmuş, hərbi gücü bitmiş, insan resursları ciddi xələl görmüş Ermənistanda iqtisadi rəzillik, sosial fəlakət o həddə gəlib ki, əhali emiqrasiya edərək, xaricə köçür. Xüsusilə, 44 günlük müharibə və 24 saatlıq antiterror tədbirlərindən sonra Ermənistanın Azərbaycana qarşı hərbi konfrontasiya yaratması ona baha başa gələcək. Bütün bunlara baxmayaraq, Ermənistanın hərbi-siyasi elitası yenə avantüraya, populist siyasətə meyil edir, tələyə düşür. Bizə yalnız bir daha xatırlatmaq qalır ki, Ermənistanı silahlandıran, istər Hindistan, istər Fransa olsun, həmin silahlar regiondakı geopolitik reallığı dəyişə bilməyəcək”.
Tural Gəncəliyev düşünür ki, Fransa dünyanın müxtəlif coğrafiyalarındakı məğlubiyyətinin əvəzini məhz Cənubi Qafqazda çıxmaq istəyir:
“Makron hakimiyyətinin, Fransanın cari iqtidarının öz seçiciləri qarşısında reytinqini qaldırmaq, nüfuzunu artırmaq, ölkənin hazırda çox aşağı səviyyədə olan hərbi-siyasi nüfuzunu hansısa yolla kompensasiya etmək cəhdləri tamamilə iflasa uğrayacaq. Çünki Ermənistanın silahlandırılması təkcə Azərbaycan əleyhinə atılan addım deyil. Bu, eyni zamanda “3+3” arxitekturasına müdaxilədir. Fransanın addımları region ölkələrinin hər biri üçün konkret təhdid yaradır.
Bir məqamı da vurğulamaq yerinə düşər. Hansısa bir eskalasiya halında Fransa, yaxud “dünya erməniliyi”nə dəstək verən qüvvələr, güc mərkəzləri Ermənistanı bir alət, maşa kimi istifadə edib, işi bitəndə kənara qoyacaqlar. Nəticədə Ermənistan yenə də regiondakı vəziyyətlə üzbəüz qalacaq. Bu baxımdan, Ermənistan siyasi elitasının, liderlərinin növbəti dəfə məntiqsiz davranışlarını, qeyri-uzaqgörən planlarını müşahidə edirik”.
Fransaya cavab olaraq atıla biləcək addımlara gəlincə, deputat xatırladıb ki, Azərbaycan kifayət qədər nüfuza malikdir:
“Biz Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və s. beynəlxalq təşkilatlar çərçivəsində kifayət qədər nüfuz və söz sahibiyik. Bunun sayəsində Fransanın addımlarını neytrallaşdırmaq, əks addımlar atmaq iqtidarındayıq. Ona görə rəsmi Parisin beynəlxalq təşkilatların nüfuzuna xələl gətirən davranışlarını ifşa etməliyik.
Bundan başqa, iqtisadi addımlardan daha çox, siyasi-diplomatik tədbirlərin səmərə verəcəyini düşünürəm. Fransanın ərazisində yerləşən beynəlxalq təşkilatların, parlament institutlarının qərargahlarının həmin ölkədən çıxarılması məsələsini qaldırmaq lazımdır. Çünki Fransa beynəlxalq hüquq-parlamentarizm prinsiplərindən kənara çıxır. Bu ölkənin haqqı yoxdur ki, səviyyəli beynəlxalq təşkilatlar Strasburqda, Parisdə qalsın.
Həmçinin, Fransanın Birləşmiş Millətlər Təşkilatının daimi üzvlüyünə layiq olmadığı məsələsini qaldırmaq lazımdır. Bunu biz parlamentarilər olaraq, həm mediada, həm beynəlxalq təşkilatlarda çıxışlarımızda həmişə diqqətə çatdırmalıyıq. Fransanın vaxtilə koloniyası olmuş ölkələrdə törətdiyi vəhşiliklər, genosidlər, insan hüquqlarının pozulması faktları gündəmə gətirilməlidir. Biz keçmiş müstəmləkə ölkələri ilə əməkdaşlığı artırmalıyıq.
Fransanın Frankofoniya təşkilatı çərçivəsində ölkəmizə qarşı islamofobiya, türkofobiya, azərbaycanofobiya yaydığını ifşa etmək lazımdır. Çünki biz Frankofoniya təşkilatının yalnız fransızdilli ölkələrin mədəni, humanitar məsələlərini müzakirə etmək məqsədilə yaradıldığını elan edən Fransanın səmimiyyətinə inanmırıq. Fransa bu təşkilatdan “yumşaq güc” taktikası kimi, qarayaxma kampaniyasında istifadə edir. Məsələn, Ermənistan kimi frankofoniyaya heç bir aidiyyəti olmayan, qeyri-fransızdilli ölkənin Frankofoniya təşkilatında müşahidəçi üzv kimi çıxış etməsi məntiqsiz təşəbbüsdür”.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə Oxu.Az-a açıqlamasında Fransa məhsullarının boykot edilməsi təkliflərini rəqəmlərə əsasən dəyərləndirərək, məsələnin iqtisadi nəticələrini təhlil edib:
“Ötən il Fransa 603,4 milyard dollarlıq məhsul satıb. Bunun cəmi 222 milyon dollarını Azərbaycan alıb. Bu isə 0,03 faiz deməkdir. Yəni Fransanın mal satıb, qazandığı hər 100 dolların cəmi 3 sentini (100 manatdan 3 qəpiyi) ötən il biz vermişik.
Tutaq ki, boykot qərarı verildi, yenə də biz öz boykotumuzla bu 3 qəpiyin maksimum 1 qəpiyini azalda biləcəyik. Yəni cibində 100 manat olan adama 1 qəpik zərər dəyər. Bu da heç zərər deyil, biz almasaq, başqasına satacaq.
Maraqlısı isə odur ki, siyasi anlamda münasibətlər gərgin görünsə də, iqtisadi baxımdan vəziyyət başqa şey deyir. Bu ilin altı ayı ərzində Fransa ilə ticarət dövriyyəmiz 3,6 dəfə, yəni 260 faiz artıb.
Odur ki, Fransa kimi dövlətin iyrənc hərəkətlərinə qarşı mübarizə siyasi arenada effektiv ola bilər, iqtisadi arenada deyil”.
Aysel Aslan