Dek
2023
13:40
40
9
1501
Virtual karabakh

Dmitri Solonnikov: “Vaşinqtonda heç kim ABŞ-nin dünyada hegemonluğu ideyasını ləğv etməyib” - RF-dən MÜSAHİBƏ

1 Dek, 2023
13:40
1501

Dmitri Solonnikov: “Vaşinqtonda heç kim ABŞ-nin dünyada hegemonluğu ideyasını ləğv etməyib” - RF-dən MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 30-da baş tutan Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının beşinci iclası heç də sıçrayışlı nəticələrə gətirib çıxarmayıb. Ermənistan və Rusiya arasında yaranan gərginlikdən və İrəvanın nümayişkaranə şəkildə Qərbə üz tutmasından sonra sülh müqaviləsinin hazırlanması ilə bağlı Ermənistan-Azərbaycan danışıqlarının faktiki olaraq ləngidiyini nəzərə alsaq, bu, təəccüblü deyil.

Qeyri-müəyyən vəziyyət hələ də qalmaqdadır. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin görüşünə və Ermənistanın təşkilatın sədri elan edilməli olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinə gəlib-gəlməyəcəyi dəqiq məlum deyil. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistanın Aİİ sammitində mümkün iştirakını şərh edərkən Ermənistanın baş naziri Nikol Paşinyanın konkret addımlarını gözləməyə çağırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Putinin qrafikində Paşinyanla hələ telefon danışığı olmadığını bildirib.

Bununla yanaşı, Ermənistan gərginliyi azaltmaq niyyətində deyil. Moskvanın İrəvanın Qərblə yaxınlaşmasından narazı olduğunu başa düşən erməni hakim elitasının nümayəndələri buna baxmayaraq, bəyan edirlər ki, Rusiya Ermənistanın hansı istiqamətdə hərəkət etmək istəməsi ilə maraqlanmamalıdır. Bunu deyənlərdən biri hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Akop Aslanyandır. Bundan əlavə, dünən Skopyedə (Şimali Makedoniyanın paytaxtı) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin nümayəndələrinin işçi görüşü keçirilib. Əlbəttə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu tədbirdə iştirakdan nümayişkaranə şəkildə imtina edib.

Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsi ilə sülh müqaviləsinin imzalanmasına görə Ermənistan-Azərbaycan danışıqlar prosesinin dalana dirənməsini əlaqələndirmək mümkündürmü? Oxu.Az-ın bu sualına rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov müsbət cavab verib:

- Ermənistan Respublikası daha çox Qərbdən - Fransadan, ABŞ-dən müəyyən imtiyazlar almağa ümid edir. İrəvanın xarici siyasətinin bütün digər konturlarında davranışını diktə edən də məhz budur. Söhbət ilk növbədə Cənubi Qafqazdakı danışıqlar prosesindən, Azərbaycanla sülh sazişinin bağlanmasından gedir. Amma bu, Ermənistanın KTMT, MDB, Aİİ, Rusiya və əslində, digər postsovet ölkələri ilə münasibətlərinə də aiddir.

Ermənistanın xarici siyasətini kənardan idarə etməyə çalışan, gördüyümüz kimi, artıq bütün istiqamətlərdə dəyişən struktur yaranıb.

- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda bəyan etdi ki, bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Türkiyədən də açıqlamalar var. Məsələn, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının spikeri Ömer Çelik qeyd edib ki, ABŞ Türkiyədən Qarabağ məsələsində Azərbaycana dəstəyi dayandırmağı tələb edib. Qərb, həqiqətən, nəyə nail olmağa çalışır?

- Qərb Ermənistana aydın ermənipərəst mövqeyini nümayiş etdirir, İrəvana göstərir ki, Ermənistanın yeganə müttəfiqi ABŞ və Avropa İttifaqıdır. Bu vəziyyəti “bərkitdikdən” sonra isə Ermənistandan Qərbin qoyduğu şərtləri yerinə yetirməyi tələb edəcəklər. Oyun gedir, Ermənistan, dediyim kimi, sadəcə olaraq, idarə olunacaq.

- Amma Türkiyə, yuxarıda adını çəkdiyimiz Ömer Çelikin dediyi kimi, Qərbin şantaj cəhdlərinə getməyib və getməyəcək də. Bakı da təzyiqlərə boyun əymir və nəticələr artıq bəllidir - Vaşinqton münasibətləri normallaşdırmaq üçün dekabrda ABŞ dövlət katibinin qalmaqalları ilə tanınmış köməkçisi Ceyms O'Brayenin Azərbaycana gəlməsi üçün Bakıdan icazə istəyib. Ona görə də sual yaranır: Qərbin bütün bu yöndəmsiz hərəkətləri yalnız Ermənistanı razı salmaq ümidi ilə edilibmi?

- Vaşinqtonda heç kim ABŞ-nin dünyada hegemonluğu ideyasını ləğv etməyib. Birləşmiş Ştatlar, onların anlayışına görə, bütün dünyanı idarə edən ölkə olmalıdır. Müvafiq olaraq, ABŞ-lilər hesab edirlər ki, onların bütün vəziyyətlərə müdaxilə etmək hüququ var, onlar əsasdırlar, ona görə də hamı onların göstərişlərinə əməl etməlidir. Bu, ABŞ isteblişmentinin nümayəndələrinin əksəriyyətinin daxili, çox səmimi inamıdır.

- Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının vacibliyində israr edir. Lakin elə hərəkət edir ki, Qərbin yalnız bir tərəfi - Ermənistanı qane etməli olan şərtlərlə sülh sazişi əldə etmək istədiyi aydın olur. Amma bununla onlar, ən azı, Qərb platformalarında danışıqlar prosesini pozurlar.

- Bu belədir. Sülh müqaviləsi çoxdan, 9-10 noyabr 2020-ci il tarixlərində Üçtərəfli Bəyanatdan dərhal sonra imzalana bilərdi. Onda belə bir hiss vardı ki, Ermənistan yeni reallığı anlayır və onun sabitlənməsinə və inkişafına töhfə verməlidir. Lakin sonra buna elə qüvvələr müdaxilə etdilər ki, onlar  nə sülh sazişinin, nə də vəziyyətin həllinin marağında idilər. Yeni imkanlar, qisas və s. haqqında danışıqlar (Ermənistanda - red.) başladı. Buna görə də danışıqlar prosesi uzanmağa başladı. Bu, təbii ki, xarici manipulyasiyanın təzahürüdür.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri