Dek
2023
19:35
37
23
2735
Virtual karabakh

Cənubi Amerikada müharibə və neftin qiyməti - STANİSLAV MİTRAXOVİÇLƏ MÜSAHİBƏ

6 Dek, 2023
19:35
2735

Cənubi Amerikada müharibə və neftin qiyməti - STANİSLAV MİTRAXOVİÇLƏ MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tezliklə dünyanın siyasi xəritəsində müharibəyə çevrilmək təhlükəsi olan yeni qaynar nöqtə yarana bilər. Dekabrın 3-də Venesuelada məşvərətçi referendum keçirilib və iştirakçıların 95%-i hakimiyyətin yeni Essekibo ştatını ölkə sərhədləri çərçivəsinə daxil etmək niyyətini dəstəkləyib. Lakin bu ərazi hazırda qonşu Qayananın bir hissəsidir. Ölkələr arasında ərazi mübahisəsi 19-cu əsrin sonlarından davam edir. Söhbət Essekibo və Orinoko çayları arasında ümumi sahəsi təxminən 160 min kv.km olan geniş ərazidən gedir. Bu yaxınlarda regionda bir neçə böyük neft yatağı kəşf edilib.

Vəziyyət o qədər gərginləşib ki, qonşu Braziliya ordunun səfərbər olunduğunu elan edib və Qayananı Venesuelanın işğalından qoruyacağını vəd edərək, silahlı qüvvələrini bu ölkə ilə sərhədə toplamağa başlayıb.

Regionda nə baş verir? Gərginliyin səbəbi nədir? Söhbət təkcə neft yataqlarından gedir? Oxu.Az-ın bu suallarını cavablandıran Milli Enerji Təhlükəsizliyi Fondunun və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç qeyd edib ki, neft münaqişələrə təsir edən qiymətli resursdur:

- Venesuelanın Qayananın bir hissəsi hesab edilən əraziyə çoxdan marağı var. Bu məsələnin kökü tarixə gedib çıxır. Eyni zamanda, Venesuela hakimiyyəti vaxtaşırı ölkə daxilində öz mövqelərini gücləndirmək üçün bəzi variantlar axtarır. Bu cür, hətta deyərdim avantürizmə yaxın olan xarici siyasət ssenariləri ölkədəki böyük inflyasiya və bir çox başqa problemlər ucbatından çətin şəraitdə yaşayan əhalinin xoşuna gələ bilər.

Ancaq mənə elə gəlir ki, bu bölgə tam hüquqlu qaynar nöqtə olmayacaq. Bu cür təşəbbüsü Venesuelaya tətbiq edilən sanksiyaların ləğvi ilə uzlaşdırmaq çətindir. Amerikalılar hazırda məhz sanksiyaların aradan qaldırılması ilə məşğul olurlar. İndi ABŞ-nin Rusiyaya təzyiq göstərməsi daha vacibdir, ona görə də Venesuela və hətta İran neftinin bazara daha iri həcmdə çıxarılması ABŞ strategiyasına uyğun gəlir. Vaşinqton İranın son bir ildə neft ixracatını müəyyən qədər artırmasına göz yumub. Venesuelada da oxşar hadisə baş verir. ABŞ sanksiyaları aradan qaldırmaq istəyirlər ki, bu ölkə ixracını artıra bilsin.

Aydındır ki, bu, sürətli proses olmayacaq və son onilliklər ərzində deqradasiyaya uğramış infrastruktura investisiya tələb edəcək. Ancaq buna baxmayaraq, amerikalılar tərəfindən hərəkət başlayıb. Elə isə Karakasın bütün bunları xarici siyasət avantüralarına görə məhv etməsinin nə mənası var? Mənə elə gəlir ki, Venesuela hakimiyyəti buna çətin ki, hazırdır. Ona görə də təkrar edirəm: Çox güman ki, bu regionda tam hüquqlu qaynar nöqtə olmayacaq. Bu, yalnız Karakas sanksiyaların ləğvi ilə bağlı Vaşinqtonla razılığa gələ bilmədikdə mümkündür. Lakin Venesuela sanksiyaların ləğvini daha çox istəyir, nəinki ölkəyə yeni bir ştatın daxil edilməsini.

- Bəlkə buna görə referendum “məşvərətçi”, yəni əslində məcburi deyildi?

- Təbii ki, bu, bir növ məsləhətləşmə idi. Venesuelada əhalinin necə səs verməsindən asılı olaraq döyüşlər başlaya bilməz. Sadəcə, ictimai rəylə işləmək ehtiyacı ortaya çıxdı. Bu, hazırkı hökumətin populyarlığını artırır, çünki əhali Qayana ərazisinin bir hissəsinin Venesuelaya aid olduğuna inanır. Amma sözün əsl mənasında döyüşmək istəyi şübhə doğurur. Müharibə ümumiyyətlə çox baha başa gələn mövzudur, xüsusən də ona hazırlaşmırsınızsa, qısamüddətli deyilsə və s.

- Artıq mövcud, lakin müharibəsiz gərginlik neftin qiymətinə necə təsir edə bilər?

- Tammiqyaslı hərbi əməliyyatların əlamətləri olmadığına görə, neft bahalaşmayacaq. Yaxın Şərqdə İsrail və qonşu dövlətlərin iştirakı ilə münaqişənin gərginləşəcəyi gözləntiləri var idi və buna görə neftin qiyməti qalxdı. Treyderlər anlayanda ki, İsrail 2008-ci ildəki “Tökmə Qurğuşun” əməliyyatındakı kimi Qəzza zolağında lokal hərbi fəaliyyətlə məhdudlaşacaq, genişmiqyaslı eskalasiya olmayacaq, məhz bundan sonra neftin qiyməti stabilləşməyə başladı və daha sonra ucuzlaşdı.

- Sizcə, Braziliya niyə Qayananın müdafiəsinə qalxır və Venesuelanın hücumunu dəf edəcəyinə söz verir? Düzü, Latın Amerikasından olan həmsöhbətlərimin mənə dediyi kimi, Braziliyanın çox yaxşı ordusu, ən azı bir çox qonşu ölkələrin ordusundan daha yüksək səviyəli ordusu var.

- Braziliya bu regionda lider olduğunu iddia edir. Braziliyaya yeganə alternativ Argentina ola bilər, lakin o, daim defolt ərəfəsində yaşayır. Bu azmış kimi, ölkədə Argentina iqtisadiyyatı üçün çox qəribə reseptlər təklif edən Havyer Miley hakimiyyətə gəlib. Braziliya, xüsusilə Latın Amerikası standartlarına görə, kifayət qədər uğurlu ölkədir. O, “Embraer” təyyarələrini istehsal edir (Braziliyanın təyyarə istehsalı konqlomeratı “Empresa Brasileira de Aeronautica” orta məsafəli sərnişin təyyarələri üçün qlobal bazarda liderlərdən biri hesab olunur - red.). Ona görə də Braziliya hansısa ölkənin tələbi ilə onu qoruya bilər. Ancaq yenə də düşünürəm ki, işlər müharibəyə doğru getmir və Venesuela özü də buna hazırlaşmır. Braziliya ordusunun səfərbər olması isə simvolik bir jestdir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri