Dek
2023
10:44
4
33
1132
Virtual karabakh

Siyasi naşılıq, yoxsa Qərb küləyi?

8 Dek, 2023
10:44
1132

Siyasi naşılıq, yoxsa Qərb küləyi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konfliktoloq Rüstəm Qaraxanlı yazır...

Bazar ertəsi Litvanın Müdafiə Nazirliyi gözlənilmədən Azərbaycanı dost olmayan ölkələr siyahısına daxil etməyə hazırlaşdığını bildirib. Əgər təklif yerli parlamentdən keçərsə, yanvardan etibarən Litva hökuməti hərbi mükəlləfiyyətli şəxslərin siyahıdakı ölkələrə, o cümlədən Azərbaycana səfər etmələrinə məhdudiyyət qoyacaq. Litva Azərbaycanla strateji münasibətlərə malikdir. Bunu ölkələr arasında imzalanan sənədlərin çəkisi və 2022-ci ildə Litva prezidentinin Bakıya, bir il sonra isə Azərbaycan dövlət başçısının Vilnüsə səfərləri təsdiqləyir. Hərbçilərin bu təklifi siyasi naşılıqdır, yoxsa Qərbdəki tərəfdaşlardan gələn məsləhət/təlimat?

Sözügedən siyahıda Azərbaycanla yanaşı Ermənistanın da yer alması Vilnüsün İrəvanı silahlandırmağı üzərinə öhdəlik götürmüş Avropa Birliyini (AB) təkrarlayaraq Bakıya qarşı ikili standartlardan yanaşma ehtimalını istisna edir. Hərçənd həm 44 günlük müharibə ərzində, həm də sonra Ermənistan-Azərbaycan trekində Litva rəsmilərinin arzuolunmayan bəyanatlarının şahidi olmuşuq. Litva MN-in qərarı Azərbaycanın beynəlxalq reputasiyasına kölgə salmaq cəhdindən savayı, həm də özünü Bakı-Brüssel münasibətlərində də büruzə verəcək amildir. Coğrafiyalar fərqli və uzaq olsa da, Azərbaycan Litvaya və bütövlükdə Baltikyanı bölgəyə AB ilə münasibətlər baxımından ciddi önəm verir. Azərbaycanın AB üzvlərindən 9-u ilə müqaviləsi var. Bu, ittifaqın üçdəbiri deməkdir. Bu müstəvidə Litva ilə əlaqələrin inkişafı çox vacibdir və parlamentin müzakirəsinə çıxarılan təklif ikitərəfli münasibətlərə aşkar xələl gətirən hadisədir.
Litva ilə iqtisadi dövriyyəmiz potensial baxımından münasibətlərimizin miqyasını tam əks etdirmir. 2022-i ildə ticarət cəmi 33 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Litvaya 36 milyon dollar kapital yatırıb. Azərbaycanda 20 milyon dollarlıq Litva investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Ancaq Azərbaycanın Avropa ilə enerji təchizatı platformasında işbirliyi faktoru unudulmamalıdır ki, bu reallığın Litvanın gündəmində sonuncu məsələ olmadığı da bəllidir.

Aramızdakı strateji münasibətlərdən başqa Litva, həm də AB-nin subbirliklərindən olan Baltik Assambleyasının (BA) aparıcı üzvü kimi Azərbaycan üçün önəm kəsb edir. BA Vışeqrad qrupu (V4) ilə yanaşı Rusiyanın münasibətlərini hətta Ukrayna ərazisinə müdaxilədən əvvəl belə tarazlaşdırmağa müvəffəq ola bilmədiyi təşkilatlardandır. AB daxilindəki subbirliklər müəyyən məhdud coğrafiyanı və qonşuluq münasibətlərini əks etdirən dövlətlərin bir araya gəlmələri nəticəsində formalaşıblar. Çexiya, Slovakiya, Polşa və Macarıstanı birləşdirən V4-dən fərqli olaraq BA (Latviya, Litva, Estoniya) Avropanın Rusiya ilə qarşıdurmasının ön cəbhəsində dayanıb ki, Litvanın burada xüsusi aktivliyi nəzərə çarpır. Məsələn, qurumun ötən il keçirilən 41-ci sessiyasının qətnaməsində yazılıb ki, “BA üzvləri üçün Ukraynaya dəstək durmaq və Rusiyanı Avropa cəmiyyətindən təcrid etməyin mühüm önəmi var”. Elə həmin sessiyanın yekun sənədində Şimali Avropa dövlətlərini birləşdirən Şimal Şurası və Benilüks ittifaqındakı tərəfdaşlarla Rusiya təhlükəsinə qarşı vahid cəbhədən çıxış etmənin vacibliyi vurğulanır. 

Avropada hakim olan rəyə əsasən, Macarıstanın baş naziri Viktor Orbanın Rusiya lideri ilə xoş münasibətləri V4-ü anti-Moskva statusundan məhrum edir. BA-ya daxil olan üç Baltikyanı dövlət isə Rusiya ilə ənənəvi konfrontasiyadadırlar. İstisna deyil ki, Litva MN-nin sözügedən təklifi siyahıya daxil edilən ölkələrin Rusiya ilə münasibətlərindən qaynaqlanır. Çin və Orta Asiya dövlətləri, habelə Azərbaycanın Rusiya ilə praqmatizmə və milli maraqlara söykənən əlaqələri mövcuddur. Ermənistan Qərbə doğru etdiyi aşkar və qaba dönüşə baxmayaraq, bu günün özündə belə Moskvanın sərt nəzarəti altındadır. Rusiyanın Gümrüdəki hərbi bazası yerindədir, iqtisadiyyat isə tamamilə Moskvanın kurasiyasındadır. Gürcüstana gəldikdə, çox güman ki, Ukrayna müharibəsində Rusiyaya qarşı ikinci cəbhəni açmayan Tbilisi Kiyevdəkilər kimi Vilnüsdəkilərin da gözləntilərini doğrultmayıb.

AB-nin daxilindəki bir sıra altbirliklər postsovet təmsilçilərinin Avropaya inteqrasiya prosesində belə demək mümkündürsə, körpü rolunu oynayırlar. Bunların sırasında BA, V4, Skandinaviya dövlətlərini birləşdirən Şimal Şurası (ŞŞ) xüsusilə seçilirlər. Bu qurumlar daha bir postsovet subbirlik olan GUAM-la sıx təmasdadırlar. Onlarla əməkdaşlıq bu yöndən də Azərbaycanın marağındadır. Bu parlamentar strukturların başlıca missiyası qanunverici orqanlarla əməkdaşlıq müstəvisində AB-nin Şərq Tərəfdaşlığı proqramının üzvü olan ölkələrə dəstək verməkdir. 2019-cu ildə, BA-nın 38-ci sessiyanın qəbul etdiyi sənəddə üzvlər (o cümlədən də Litva) Avropa Parlamentinə müraciət ediblər ki, Şərq Tərəfdaşlığının iştirakçıları olan Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycana qarşı “Rusiyanın müxtəlif rıçaqlarla təzyiqinə müqavimət göstərilsin”. Yəni cəmi 4 il öncə indi adları “qara siyahısı”na salınması təklif edilən Azərbaycan, Gürcüstan, Ermənistan və Belarus Litva üçün Rusiyanın təhdidlərindən qorunmalı olan ölkələr idi. Hazırda Ukrayna və Moldovanın AB-yə üzvlükləri ilə bağlı təmaslara start verilməsi, hətta Fransa lideri Makronun Macarıstanın baş naziri Orbanı prosesə maneə olmamağa səsləməsi, onu Parisə dəvət etməsi özünü müəyyən mənada Litvanın son addımında da büruzə verir. Belarusla hər şey aydındır. Gürcüstanla aktiv təmaslara baxmayaraq, hökumət-prezident qarşıdurması AB-də müsbət qarşılanmır (prezidentin Fransa vətəndaşı olduğunu da unutmayaq). Ermənistana güclü dəstək göstərilsə də, belə görünür ki, Yerevan Rusiyanın orbitindən çıxmaq üçün qəti addımlar atmaqdan qorxur və bu da Brüsselin xoşuna gəlmir. Ermənistanın daxilindəki sərt Qərbpərəstlər də belə iddia edirlər. Azərbaycanda isə Avropa ilə enerji tərəfdaşlığına rəğmən AB-nin bu növ kaprizlərinə qarşı immunitet formalaşıb. Bu baxımdan güman etmək olar ki, AB sözügedən ölkələrlə münasibətlərdə yeni və fərqli mərhələnin başlanğıcına start verib və Litva MN-nin təklifini prosesin başlanğıc nöqtəsi kimi də qiymətləndirə bilərik. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri