Dek
2023
19:28
27
54
1882
Virtual karabakh

COP29-a ev sahibliyi etməyin üstünlükləri: Azərbaycana hansı faydalar qazandıracaq? - TƏHLİL

9 Dek, 2023
19:28
1882

COP29-a ev sahibliyi etməyin üstünlükləri: Azərbaycana hansı faydalar qazandıracaq? - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) Bakıda keçiriləcək.

Bu barədə ilk olaraq “Climate Home News” portalı iclasda iştirak edən öz mənbələrinə istinadla məlumat vermişdi.

Daha sonra isə BMT-nin beş regional qrupundan biri olan Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyən etdiyini açıqlayıb.

Rəsmi qərar dekabrın 12-də plenar iclas zamanı veriləcək.

İlk öncə COP29-un məqsəd və məramının nədən ibarət olduğuna nəzər salaq:

Məlumat üçün öncə onu bildirək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi isə Bonnda yerləşir.

Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.

1995-ci ildə Berlin şəhərində COP-un ilk toplantısı keçirilib, sonuncu COP28 cari il Dubayda baş tutub. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.

COP-a ev sahibliyi müəyyən qayda əsasında həyata keçirilir. Belə ki, ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb.

Xatırladaq ki, 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkilib.

Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib və nəticədə bu gün dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən edib. Rəsmi qərar dekabrın 12-də plenar iclas zamanı veriləcək.

Bəs COP-a ev sahibliyi etməyin hansı üstünlükləri var və bu, Azərbaycana hansı faydalar qazandıra bilər?

Bu suala cavab verməzdən qabaq xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Vətən müharibəsində qazandığımız şanlı zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır.

Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb.

Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Bu, beynəlxalq birlik tərəfindən də qəbul edilib və təqdirlə qarşılanıb.

Belə dünya səviyyəli və böyük tədbirləri təşkil etmək üçün ilk növbədə müasir infrastruktur və təhlükəsizlik əsas amillər arasında yer alır. Azərbaycan hər iki amilə malik azsaylı dünya ölkələrindən biridir.

Statistika Azərbaycanın ətraf mühitə verdiyi önəmi təsdiqləyir

Sözügedən tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biqanə qalmadığını göstərir.

Statistik göstəricilər də Azərbaycanın niyyətini ortaya qoyur. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35% azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40% azaldılmasından ibarətdir.

Ermənilərin işğal zamanı viran qoyduqları ərazilərimiz də bu hədəflərdən kənarda qalmayıb. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsi

Təbii ki, ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır.

2023-cü il Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm ili növbəti qələbə ilə yekunlaşdırırıq.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri