23 
Fev
2024
19:20
180
13
936
Virtual karabakh

Fransanın məkrli Qafqaz planı: Ağasını dəyişmək İrəvana baha başa gələcək - ŞƏRH + FOTO

23 Fev, 2024
19:20
936

Fransanın məkrli Qafqaz planı: Ağasını dəyişmək İrəvana baha başa gələcək - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə səfəri başa çatar-çatmaz Fransanın müdafiə naziri Sebastyan Lekornyu İrəvana gəlib, iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Erməni həmkarı Suren Papikyanla görüşdən dərhal sonra fransalı nazir sevinclə bildirib ki, Ermənistan hökumətində daimi hərbi məsləhətçiləri olacaq. Sevinci də əbəs deyil. Fransa Prezidenti Emmanuel Makron bölgədə hədəflərindən birinə çatıb - İrəvanda mövcudluğu qətiləşdirib, bu ölkəni Rusiyanın orbitindən uzaqlaşdırmağa müvəffəq olur. N.Paşinyan da bu planın icraçısına çevrilib. Fransaya səfəri zamanı Rusiyanı hədəfə alması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ünvanına sərt bəyanatlar səsləndirməsi də bundan xəbər verir. Səslənən bəyanatlar onu göstərir ki, İrəvanın KTMT-ni tərk etməsi artıq reallaşmaq üzrədir. Bunun ardınca Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına başlanılacaq.

Digər tərəfdən, İrəvan hərbi sahədə də Parislə əməkdaşlığı gücləndirəcək, Rusiya silahından imtina ediləcək. Fransalı nazir mətbuat konfransında deyib ki, ölkəsi İrəvana müdafiə silahları göndərib: “Yaxın vaxtlarda “Bastion” zirehli texnikaları da tədarük ediləcək. Lazım olarsa, qısa, orta və uzaqmənzilli raketlər də verəcəyik”. S.Papikyan isə bildirib ki, hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır. O söyləyib ki, ölkəsi Azərbaycanla sülh sazişi imzaladıqdan sonra da silah və sursat almağa davam edəcək: “Yaxın gələcəkdə regiondakı vəziyyətdən asılı olmayaraq, hətta sülh sazişi imzalandıqdan sonra da Ermənistan silah və sursat almağa davam edəcək”.

Lakin məsələ ondadır ki, Ermənistan cəmiyyətində fransız-erməni strateji əməkdaşlığının təhlükəli və mənasız olduğunu düşünənlər də çoxdur. Rəsmi İrəvanı Qərbin vədlərinə inanıb reallıq hissini itirməkdə, mənasız məsələləri gündəmə gətirməkdə ittiham edirlər. Əsas xətt də budur ki, Ermənistan təxribatlara əl atıb Azərbaycanla gərginliyə gedərsə, zərərçəkən özü olacaq. KTMT-dən nümayişkaranə şəkildə imtina ilə ölkənin çöküşü sürətlənəcək. Bu xəttin tərəfdarları hesab edirlər ki, NATO üzvü olan Fransa KTMT-yə üzv İrəvana hərbi yardım göstərə bilməyəcək. O ki qaldı Fransanın Ermənistanı NATO sistemində olmayan fransız silahları ilə təchiz etməsinə, bunun da effektivliyi aşağıdır. Lakin Fransanın Ermənistanı illüziya bataqlığına sürüklədiyini hər kəs anlasa da, Nikol Paşinyan hökuməti bunu başa düşmək istəmir. İrəvana verilən silah sistemlərinin rusiyalı mütəxəssislər tərəfindən mənimsənilməsi və idarə olunması da qəbul edilməyəcək. Digər tərəfdən, Moskva Fransadan alınan sistemlərin Rusiya-Ermənistan birləşmiş hava hücumundan müdafiə sisteminə inteqrasiyasına razılaşsa, onda Rusiya dünyanın əsas silah ixracatçılarından biri kimi fransız hərbi texnikasının rus hərbi texnikasından daha keyfiyyətli və etibarlı olduğunu dolayısı ilə qəbul etmiş sayılacaq. Bu səbəbdən də Fransadan alınmış radarların Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminə qoşulacağı mümkün sayılmır.

Ona görə də erməni siyasi dairələrində İrəvan-Paris sövdələşməsi ciddi müzakirə olunur.

Hərbi ekspert Ayk Naqapetyan hesab edir ki, Ermənistan Rusiya ilə tarixi münasibətlərindən geri çəkilir, Paris isə Kremlin keçmiş müttəfiqləri üzərində təsirini gücləndirməyə çalışır. Bu sırada Moldova və Mərkəzi Asiya da var. Ekspertin fikrincə, bu silahlar Ermənistan üçün heç bir effekt verməyəcək.

“Məsələn, bu silahları Ukraynaya təklif etmişdilər, lakin o bundan imtina elədi. Cəbhədə onlar heç bir əhəmiyyət kəsb etmir. O ki qaldı radarların Ermənistana verilməsinə - hədəf bəllidir. Rusiya Ermənistanla Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə idarə olunması barədə saziş imzalayıb. Qərb bununla Ermənistanın ölkənin ümumi idarəetmə sisteminə daxil olmağa çalışır. Son hədəf isə Rusiya-Ukrayna cəbhəsinə daxil olmaqdır”, - A.Naqapetyan vurğulayıb. O, Fransanın müdafiə nazirinin bu mənada ölkəyə səfərinin arxasında təhlükəli məqamların olduğunu deyib: “Fransa, əslində, Ermənistana silah vermir, sadəcə, imitasiya yaradır. Hədəf Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır, çünki Kiyev cəbhəsində nəticənin necə olacağı artıq aydın görünür. Gec-tez bu cəbhə NATO-nun məğlubiyyəti ilə bağlanacaq”.

Fransanın “Le Figaro” nəşrinin yazdığına görə, Yelisey sarayı yeni silah partiyası göndərəcək. Bu, əsasən, Fransanın “Thales” müdafiə qrupundan alınacaq üç ədəd “Ground Master 200” (GM200) radar sistemi və gecəgörmə cihazlarından ibarət silah və hərbi vəsaitlər dəstini əhatə edir. Ermənistanın hakim partiyasının üzvü Armen Xaçatryan bildirmişdi ki, hava hücumundan müdafiə məsələsi Ermənistanın ən zəif tərəflərindən biridir. Buna görə də ölkəsi daha keyfiyyətli və müasir HHM sistemləri almaq istiqamətində iş aparır. Rəsmi İrəvan hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə Fransa və Hindistan şirkətlərinin məhsullarına üstünlük verir.

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri