24 
Fev
2024
22:43
211
21
1815
Virtual karabakh

ABŞ Ermənistan əhalisini təcrübə dovşanı kimi istifadə edir - TƏHLİL + FOTO

24 Fev, 2024
22:43
1815

ABŞ Ermənistan əhalisini təcrübə dovşanı kimi istifadə edir - TƏHLİL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin bəzi “tərəfdaş” ölkələrdə yaratdığı müxtəlif biolaboratoriyalar hər zaman müzakirə mövzusudur. Amma deyəsən, Ermənistan bu məsələdə hər kəsi qabaqlayıb. Bu ölkədə ötən illər ərzində 12 belə laboratoriya fəaliyyət göstərib. Təkcə yaxın dövr ərzində birdən-birə üç laboratoriya işə salınıb. Onlardan biri İrəvanda, biri Gümrüdə, digəri isə İcevanda açılıb. Onlar Pentaqon tərəfindən maliyyələşdirilir.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

Erməni hökumətinin qazancı

Qeyd etmək yerinə düşər ki, referens-laboratoriya qurmaq üçün Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinə 4.1 milyon dollar, Səhiyyə Nazirliyinə isə 9.1 milyon dollar ödənilib. 17 milyon dollar isə bu nazirliklərin balansında yaradılan mərkəzlərin mebel və təchizatı üçün ayrılıb.

Bu yaxınlarda məlum olub ki, ABŞ-nin sayca 13-cü biolaboratoriyası Gümrü şəhərində qurulacaq. Ermənistanın müdafiə naziri Suren Papikyan yanvar ayında Pentaqonla bu məsələ ilə bağlı müqavilə imzalayıb. Yeni laboratoriyanın Gümrü şəhərində, Rusiyanın 102-ci hərbi bazası yaxınlığında qurulması planlaşdırılır. Baş nazir hər nə qədər “bu laboratoriyalar ABŞ-nin dəstəyi ilə qurulsa da, Ermənistanın əmlakı sayılır” desə də, reallıq başqadır.

Təhlükə riskləri

Bu laboratoriyaların açılış məqsədi müxtəlif təhlükəli patogenlərə qarşı təhlükəsizliyi təmin etmək, onlardan qorunmaq üçün vaksinlər istehsal etməkdir. 

Nəzərə almaq lazımdır ki, bu tip müəssisələr patogen faktorlarla çalışır və müxtəlif virusların, xəstəliklərin yaradılması, ətrafa yayılması riski həddən artıq çoxdur. 

Qapalı rejimdə gizli fəaliyyət

Laboratoriyalar qapalı rejimdə fəaliyyət göstərir. Personal sırf amerikalılardan ibarətdir. Yerli səhiyyə təşkilatlarının nümayəndələrinin müəssisə ərazisinə daxil olmağa icazəsi yoxdur. Bir müəssisədə 50-250 nəfər arası personal çalışa bilər. Maraqlıdır ki, Gümrüdə fəaliyyət göstərən biolaboratoriyalardan biri sırf məktəbin yanında inşa edilib. Bu isə bir çox məsələlərdən xəbər verir. Laboratoriyalarda erməni ictimaiyyətindən gizlədilmiş iş aparılır.

Medalyonun digər üzü

Ermənistandakı ABŞ səfirliyinin əməkdaşları laboratoriyalar mövzusunda bildirirlər ki, bu, geosiyasi məsələlərlə bağlı deyil. Ermənistan miqrasiyanın yüksək olduğu regionda yerləşir və müxtəlif yoluxucu xəstəliklər riski böyükdür. Beynəlxalq öhdəliklərə görə, rəsmi İrəvan bu riskləri vaxtından əvvəl aşkar etməli, onun ölkə daxilində və sərhədlərdən kənarda yayılmasının qarşısını almalıdır. Laboratoriyalar da sırf təcrübə xarakteri daşıyır və bu problemi həll etmək üçün nəzərdə tutulub. Təbii ki, bu, medalyonun görünən üzüdür. Daha doğrusu, amerikalı kəşfiyyatçılar tərəfindən gözə üfürülən küldür.

Birincisi, Ermənistanda yayılma riski olan viruslarla bu ölkənin Səhiyyə Nazirliyi əvəzinə niyə Pentaqon məşğul olmalıdır?

İkincisi, bir sıra erməni təşkilatları bu laboratoriyaların əleyhinə müntəzəm olaraq aksiyalar keçirir, onların qapadılmasını tələb edirlər. Məsələn, ictimai təşkilat sədri Babken Pipoyan bildirir ki, bu tip laboratoriyaların fəaliyyəti müxtəlif problem və təhdidlərə yol açır. Çünki onların qurulması zamanı virus kolleksiyalarında saxlanılan bütün ştammların ABŞ tərəfinə təhvil verilməsi lazımdır. Nəzarət isə sırf Birləşmiş Ştatların hərbçiləri tərəfindən həyata keçirilir. Bu qurum vasitəsilə rəsmi Vaşinqton ölkə ərazisində yaxın qonşuların ərazisində bioloji vəziyyəti nəzarətində saxlayır.

ABŞ-nin hədəfi Rusiyadır

Rusiya Ermənistanın faktiki olaraq strateji müttəfiqidir. Təbii ki, ABŞ laboratoriyalarının Ermənistan ərazisində, özü də 102-ci bazanın yanında qurulması Kremlin xoşuna gəlməyəcək. Rəsmi Vaşinqtonun maliyyələşdirdiyi qlobal laboratoriya şəbəkəsinin Rusiya sərhədləri yaxınlığında olması bir sıra strateji tapşırıqların öhdəsindən gəlməyə şərait yaradır. Məsələn, müxtəlif patogenlər barədə məlumat toplamaq, onlarla mübarizə üsullarını araşdırmaq, bu məlumatlardan bioloji silah istehsalında istifadə etmək kimi faktorlar var. 

Bir faktı da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın Rusiyaya rəsmi səfərlərinin birində ortaq bəyanat imzalanıb və maddələrdən biri biotəhlükəsizlik sahəsinə aiddir. Bu maddəyə görə, İrəvan və Moskva Ermənistan və ya Rusiyanın maraqlarına zidd olan bioloji təhlükəsizlik sahəsində fəaliyyət üçün öz ərazilərini üçüncü ölkələrə verməyəcəklər. Ancaq vəziyyət göz önündədir. 

ABŞ Ermənistanı koloniyasına çevirir

Qeyd etmək yerinə düşər ki, hansısa ölkənin ərazisində ABŞ tərəfindən bu sayda biolaboratoriyanın qurulması de-fakto onun koloniyaya çevrilməsi deməkdir. Əgər hakim komanda Vaşinqtonun maraqlarını təmin etməsə, ölkədə qəflətən epidemioloji vəziyyət pisləşə bilər. Laboratoriyalar ölkələri müstəmləkə kimi saxlamağa kömək etməklə yanaşı, həm də hərbi məqsəd daşıyır. Bu laboratoriyaların yerləşdiyi yerlər xüsusi olaraq müəyyən geosiyasi məqsədlər üçün seçilib. Ermənistanda isə bu müəssisələr İranla müharibə ehtimalına qarşı qurulmaqla yanaşı, Rusiyanın iqtisadiyyatına və təhlükəsizliyinə təsir məqsədi də daşıyır. 

Göründüyü kimi, Paşinyan hökuməti ölkəsini amerikalılar üçün təcrübə meydançasına çevirib. Pentaqonun ayırdığı bir neçə milyon dollar müqabilində regionun hansı dərəcədə fəlakətə sürükləndiyi göz önündədir. Ermənistan əhalisi isə təcrübə dovşanı rolunu oynayır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri