29 
Fev
2024
20:40
209
8
1247
Virtual karabakh

Fransanın gözündə qalacaq savaş arzusu: Azərbaycan müharibə istəmir - ŞƏRH + FOTO

29 Fev, 2024
20:40
1247

Fransanın gözündə qalacaq savaş arzusu: Azərbaycan müharibə istəmir - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla Ermənistan arasında qarışıqlıq salmaq üçün yenə qaşıq bulayırlar. Son illərin təcrübəsi sübut edir ki, tərəflər arasında danışıqlar başlayanda, yaxud normallaşma prosesi ilə bağlı addım atmağa cəhd göstəriləndə Azərbaycana qarşı təhrikedici təxribat törədilir.

Bu il fevralın 12-də iki ölkə arasındakı şərti sərhəddə Ermənistan təxribat törədib. Rəsmi İrəvan, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı (Aİ), Rusiya Xarici İşlər Nazirliyi də bu insidenti təsdiqləyiblər. Bu hadisədən əvvəl, yanvarın 31-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan arasında görüş olmuşdu.

Sərhədyanı bölgədə erməni hərbçilərin atəşkəsi pozmasına baxmayaraq, rəsmi Bakı Almaniyanın təklifini qəbul etdi. Fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində birbaşa ikitərəfli görüş reallaşdı. Bu danışıqların davamı olaraq fevralın 28-də Berlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü başlayıb. Tərəflər sərhədlərin müəyyənləşməsi kimi məsələləri müzakirə ediblər.

Görüş keçirildiyi gün də sərhədyanı bölgədə yenə olay baş verib. Əlverişsiz hava şəraitinə görə azan hərbçiyə Ermənistanda cinayət işinin açılması qeyri-humanistlikdir və yeni təxribata zəmin hazırlamaq anlamına gələ bilər.

İrəvanın belə təxribatları Avropa Parlamentində Aİ-nin Azərbaycan üzrə müzakirə edilən qətnaməsinə don geyindirmək üçün saxtakarlığa rəvac verir.

Qurumun Fransadan olan deputatları Fransua-Ksavye Bellami və Milli Cəbhə Partiyasının baş katibi Nikolya Benin çıxışları Ermənistan-Fransa cütlüyünün Azərbaycana qarşı qarayaxma kampaniyasının davamlı təzahürü idi. Bunlar bir müddət əvvəl Nikol Paşinyanın rəsmi Bakıya qarşı böhtan dolu çıxışının davamıdır. O, fevralın 15-də hökumətin iclasında bildirmişdi ki, guya Azərbaycan müharibəyə hazırlaşır. Böhtanla dolu belə bir açıqlama ilə çıxış edən hökumət başçısı bir gün sonra Münhendə sülh və normallaşma prosesindən danışırdı.

Azərbaycan müharibə istəyir?

Torpaqları işğal altında olanda belə, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Hətta buna görə ATƏT-in yarıtmaz keçmiş Minsk qrupu həmsədrlərinin nəticəsiz görüş və danışıqlarına 30 il dözdü. Hesab edilirdi ki, problem BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və beynəlxalq hüquq normaları çərçivəsində həll olunacaq. Ancaq təəssüf ki, bu, baş vermədi.

Rəsmi Bakı bütün görüş və toplantılarda sülh prinsipi və çağırışlarına sadiqliyini nümayiş etdirir. Azərbaycan Ordusu bütün parametrlərə, mənəvi və ruh yüksəkliyinə görə Ermənistan silahlı qüvvələrindən üstün vəziyyətdədir. Bu baxımdan, o, müharibəni davam etdirsə idi, onu İrəvanda da bitirə bilərdi. İkinci Dünya müharibəsi işğalçı Hitler faşizminin paytaxtı Berlində sona çatdığı kimi analogiya da ola baş verərdi. Ancaq Azərbaycan tərəfinin belə bir istəyi olmadığından Qarabağdakı erməni icmasına inteqrasiya üçün imkan və şərait yaratdı. Onlar bu humanist vəziyyət və möhlətdən Azərbaycana qarşı istifadə etməyə cəhd göstərdi.

Rəsmi Bakı regional sabitliyin, təhlükəsizliyin təmin olunması məqsədi ilə İrəvana sülh, əməkdaşlıq kimi təkliflər edir. Ancaq Ermənistan və onun Avropadakı havadarları ara qarışdırmaqla məşğuldurlar. Paşinyan və Avroparlamentdəki qarayaxma kampaniyasına dəstək verənlərdən biri də Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borreldir.

Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı çıxışında Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını bəyan edib. Dövlət başçısı bildirib ki, Ermənistan tərəfinin, onların havadarlarının bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir: “İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir”.

Çünki Borrel həmin avantürist çıxışında Ermənistanın baş komandanı kimi özünü apararaq bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Prezident vurğulayıb ki, bütün bunlar Fransanın dövlət başçısı Emmanuel Makronun insinuasiyalarıdır:

“Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.

İlham Əliyev fevralın 12-də şərti sərhəddə erməni snayperin Azərbaycan əsgərini ağır yaralamasına adekvat cavab verildiyini xatırladıb. Prezident deyib ki, bu hadisə istisna olmaqla sərhəddə sakitlikdir: “Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib-hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!”

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sözdə deyil, əməldə də sülhü müdafiə etdiyini, bu istiqamətdə addımlar atdığını dəfələrlə nümayiş etdirib. Torpaqları işğal altında olan da regional və qlobal əhəmiyyətli layihələrin reallaşmasında iştirak edib. Bir sıra hallarda onun müəllifi olub. 44 günlük müharibə başa çatandan sonra “3+3” formatda əməkdaşlıq təklifi də Azərbaycanın regional və qlobal təhlükəsizlik, sülhə töhfə vermək istəyinin göstəricisidir.

Odur ki, Cənubi Qafqazda müharibəni təbliğ edənlər, onu regiona yenidən sırımaq istəyənlər məğlub tərəf, işğalçılar, revanşistlər, onların Fransa kimi havadarlarıdır. Təəssüf ki, Avropa İttifaqının müxtəlif qurumlarında rəsmi Parisin müharibəyə təhrik havasına oynayanlar da tapılır. Yelisey sarayı Avropa İttifaqı bayrağı altında Azərbaycana qarşı çirkli, hiyləgər istəyini gizlətməyə çalışır. Ancaq ittifaq təkcə Fransadan ibarət deyil. Odur ki, onun Cənubi Qafqazda savaş arzusu gözündə qalacaq...

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri