Mar
2024
14:02
15
58
1611
Virtual karabakh

Azərbaycan-İran münasibətlərinin hazırkı səviyyəsi dörd istiqamətdə - TƏHLİL

4 Mar, 2024
14:02
1611

Azərbaycan-İran münasibətlərinin hazırkı səviyyəsi dörd istiqamətdə - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyəti barədə fikir yürüdərkən dörd əsas hissəyə diqqət yetirmək olar.

Birincisi, İranda hələ də Azərbaycanın regional reallıqlardakı güclənən strateji mövqeyinə qarşı ənənəvi qısqanclıq dalğası qalmaqdadır. Bu, əsasən, ara-sıra rəsmi, intensiv olaraq isə qeyri-rəsmi kanallar vasitəsilə gündəmə gətirilir.

İkincisi, Azərbaycan-İran əlaqələrindəki diplomatik müstəvidə aktivləşmə diqqət çəkir, ancaq Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi məsələsi hələ də açıq olaraq qalır.

Böyük bir ehtimalla Azərbaycan səfirliyin fəaliyyəti üçün Tehrandan tələb etdiyi təhlükəsizlik zəmanətlərini ala bilməyib.

Üçüncüsü, Azərbaycanla İranın regional tranzit dəhlizinin yaradılması istiqamətində birgə irəliləyişidir. Bu, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra xeyli aktuallaşıb və Tehranın regional tranzit dəhlizlərinə qarşı ritorikası əvvəlkitək nəzərə çarpmır.

Azərbaycanla İranın dil tapdığı nöqtə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daha qabarıq görünür.

Bununla belə, hiss edilir ki, İranın Ermənistanla müttəfiqlik münasibətləri soyuyur. Bu o deməkdir ki, İran Zəngəzur dəhlizinə maneəni Ermənistanı mühafizə etməkdən ötrü yox, özünün maraqlarını irəliyə doğru aparmaq üçün inkişaf etdirir.

İran Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya ilə strateji birləşməsindən, bunun Tehranı regional izolyasiyaya salacağından qorxur.

Bu prosesdə Tehran İrəvandan təcrid ediləcəyindən narahatdır, çünki onun məntiqinə əsasən, Zəngəzur dəhlizi İranın beynəlxalq çıxışlarından birini bloklayır.

Amma Azərbaycanla İranın “Araz” dəhlizində iştirakı Tehranın bu qorxularını bir qədər azaldır.

Çünki bu dəhliz Türkiyə ərazisi vasitəsilə İslam Respublikasına Aralıq dənizi və Qara dənizlərə çıxış imkanı verə bilər.

Amma nəticədə, Azərbaycanla İranın rəqabət arenası böyük ölçüdə Zəngəzur dəhlizi ilə əlaqədar canlanır, hərçənd ki, Tehranın burada rəqabətədavamlılıq qabiliyyəti zəifləyə bilər.

Çünki Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə yanaşı, həm Rusiya, həm Qərb, həm də Çinlə əlaqələrinin müsbət dinamikası onun Zəngəzur dəhlizi planı üçün fürsət yaradır.

İran Hindistana alternativ yaratmağa qadir deyil, Rusiya isə ümumiyyətlə Tehranla yaxşı əlaqələrinə rəğmən, Zəngəzur dəhlizi mövzusunda ona dəstək göstərmir.

Bu amil İran diplomatiyasını Zəngəzur dəhlizi kontekstindəki yeni reallıqların içərisində regional əməkdaşlıq formatında iştiraka həvəsləndirir. 

Dördüncüsü, İrandan Azərbaycana narkotrafik üzrə canlanma problem olaraq qalmaqdadır. İran Azərbaycanla genişlənən iqtisadi-ticari əlaqələrini, müştərək maraqları rəhbər tutaraq qeyri-leqal marşrutlara qarşı birgə əməliyyatlar keçirmək seçimini edə bilər. Hərçənd ki, bu, o qədər də real görünmür, çünki İrandakı güc imperiyası yaradan təhlükəsizlik qüvvələri sanksiyalardan yayınmaq üçün qeyri-qanuni ticarətdən gələn gəlirlərə önəm verir.

Hər halda, problemlərə və mübahisəli mövzulara baxmayaraq, İran Azərbaycanın maraqlarını nəzərə alaraq regionda yaranan reallıqlardan faydalanmağı hədəfləyir.

Burada əsas həssaslıq riskləri tarazlaşdırmaq üçün düzgün qiymətləndirmələrlə əlaqəlidir. Yəqin ki, Azərbaycanla İran regional təhlükəsizlik aspektləri ilə əlaqədar müzakirələrin növbəti raundunu başladacaqlar.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri