Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ruben Vardanyanın ofşor şirkətlərinin fırıldaqları beynəlxalq HESABATDA
Son illər ərzində özü barədə filantrop təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma “Artsax respublikası” adlı qanunsuz silahlı terrorçu birləşmədə, ardınca isə Ermənistanda hakimiyyətə yiyələnmək niyyətində olmuş şəxs kimi tanıdığı, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında həbsdə olan Ruben Vardanyanın pulları hesabına ona bağlı bir qrup tərəfindən Nobel mükafatına namizədliyinin irəli sürülməsi istiqamətində iş aparıldığı barədə məlumat yayılıb.
Məlum olur ki, hələ 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) R.Vardanyan barədə “The Troika Landromat” kimi təqdim edilən araşdırma hesabatını təqdim edib.
Oxu.Az xəbər verir ki, hesabatda Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankı olmuş, sahiblik etdiyi “Troika Dialoq” və heç nədən xəbəri olmayan erməni fəhlələrin adlarına yaratdığı nəhəng ofşor şirkətlər vasitəsilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına, qeyd edilən qanunsuz əməliyyatlardan nəhəng gəlirlər əldə etməsinə dair üzə çıxan çoxsaylı faktlar təqdim edilir.
OCCRP-nin qeyd edilən hesabatının tam mətnini təqdim edirik:
“Digər məqamlara keçid etməzdən öncə qeyd etmək lazımdır ki, Ruben Vardanyanla Armen Ustyanın hər ikisinin ermənimənşəli olmalarından başqa, hər hansı ortaq cəhətləri yoxdur.
Belə ki, Vardanyan bir vaxtlar ölkənin ən böyük özəl investisiya bankı olan “Troika Dialoq”a rəhbərlik edən zəngin rusiyalı bankirdir. Onun barəsində Davosda keçirilən Dünya İqtisadi Forumunda danışılıb, bildirilib ki, vətəni Ermənistan üçün xeyriyyəçilik layihələrinə onmilyonlarla dollar xərcləyib.
Vardanyandan fərqli olaraq, Ustyan isə Moskvada mənzillərin təmir edilməsi biznesinə başlamazdan əvvəl öz vətənində həyat yoldaşı və valideynləri ilə bir evdə yaşayan mövsümi inşaat işçisi idi. Lakin Ustyanın əvvəllər heç vaxt görmədiyini dediyi, ancaq üzərində imzası olan sənədlər “Troika”ya - əksər hissəsi Rusiya elitası olan bank müştərilərinə münasibətdə milyonlarla vəsaitin ofşor şirkətlər vasitəsilə köçürülməsini nəzərdə tutan “Troika Laundromatı”na (çirkli pulyuma maşını) - işarə edir. Bank sisteminin özü elə təşkil edilib ki, müştərilər müəyyən olunmuş məhdudiyyətlərdən yan keçmək, xarici aktivlərini və “yuyulmuş pulları”nı gizlətmək imkanına malik olublar. Belə qayda nüfuz sahibi olan oliqarxların nağd pullarla təmin edilməsinə və cinayətkarlara qanunsuz əldə etdikləri nağd pullarının həqiqi mənbəyini pərdələməyə şərait yaradıb.
Lakin Ustyanın adı və pasportunun surəti “Troika”nın sistemində mühüm rol oynamış ofşor şirkətlərdən birinə aid bank sənədlərində aşkar edilib. Qeyd olunan şirkət 2006-cı ildən 2013-cü ilin əvvəlinə kimi fəaliyyət göstərərək mürəkkəb maliyyə şəbəkəsi yaradan azı 75 şirkətdən biri idi. Bu müddət ərzində “Troika” 4,6 milyard ABŞ dollarının sistemə daxil olmasına, həm də 4,8 milyard dolların sistem vasitəsi ilə müəyyən istiqamətlərə yönəldilməsinə şərait yaradıb. Bu əməliyyatlar üzrə qarşı tərəflər arasında böyük Qərb bankları olan “Citigroup Inc.”, “Raiffeisen” və “Deutsche Bank” da çıxış edib. Bunlardan başqa, həmin sistemdə onlarla şirkət nağd pulun mənbəyini gizlətmək məqsədilə 8,8 milyard dollar dəyərində daxili əməliyyatlar həyata keçirib. (“Citigroup Inc.” bu məsələ ilə bağlı sorğuya hər hansı münasibət bildirməyib. Həmçinin, “Raiffeisen” müştəri məxfiliyinə istinad edərək şərh verməkdən imtina edib, əlavə olaraq, “Deutsche Bank” “Troika” müştəri əməliyyatları haqqında məlumatlara “məhdud giriş” olduğunu əsas gətirərək hüquqi tələblərə görə konkret bizneslər haqqında şərh verə bilmədiyini qeyd edib).
Həmin ərəfələrdə Vardanyan “Troika”nın prezidenti, baş icraçı direktoru idi. O, Moskvadakı “Skolkovo” İdarəetmə Məktəbinin həmtəsisçisi, ölkənin biznes mühitinin inkişafına çalışan şəxs kimi tanınaraq, Rusiya kapitalizminin Qərb dostu nümayəndəsi kimi qazandığı nüfuzu ilə fərəhlənirdi. Bu vaxt “Troika”nın işçiləri qeyri-şəffaf maliyyə sistemi qururdular - OCCRP tərəfindən aşkar edilmiş əvvəlki çirkli pulların yuyulması sxemlərinə bənzədiyinə görə bu sistem “Troika” pulyuma maşını adlandırıldı.
Əvvəlki çirkli pulların yuyulması sistemlərində olduğu kimi, burada da böyük əməliyyatların çoxu uydurma ticarət sövdələşmələri əsasında həyata keçirilirdi. Saxta invoyslar “mallar”, “ərzaq malları”, “metal mallar”, “fakturalar” və “avtomobil hissələri” kimi müxtəlif adlarla rəsmiləşdirilirdi. Sızmış məlumatlara daxil olan invoyslar proksilər (həqiqi sahibin gizlədilməsi məqsədilə müvəkkil edilmiş digər şəxslər) tərəfindən təsdiq edilərək Troika.ru elektron poçt ünvanlarından göndərilirdi.
Ruben Vardanyanın pulyuma sistemi
Bu əməliyyat portreti OCCRP və Litvanın 15min.lt xəbər saytı tərəfindən əldə edilən və 21 media partnyoru ilə paylaşılan sızmış bank əməliyyatları və digər sənədlər toplusundan aşkarlanıb.
Bütövlükdə qeyd olunan məlumatlar 238 000 şirkət və insan tərəfindən aparılan 1,3 milyondan çox bank əməliyyatlarından, eləcə də minlərlə elektron məktub, müqavilələr və şirkət qeydiyyatı formalarından əldə edilib.
“Troika”nın mövcud şəbəkəsinin təhlili məlumatların detallı araşdırılmasına əsaslanır.
Məlum olmuş faktlarla bağlı müsahibəsində Vardanyan ona məxsus olan bankın qaydalarından kənar hər hansı əməliyyatın həyata keçirilmədiyini, həmin dövrdə digər investisiya bankları kimi fəaliyyət göstərdiyini bildirib. O, həmçinin, vurğulayıb ki, ona məxsus olan bankın öz müştərilərinə göstərdiyi geniş sahələri əhatə edən xidmətlər üzrə hər incə detala nəzarət etmək imkanı ola bilməzdi. Qeyd olunan pozuntularla bağlı Vardanyanın nə vaxtsa hakimiyyət orqanları tərəfindən hər hansı bir təqibə məruz qaldığı və ya ittiham olunduğuna dair də hər hansı bir sübut aşkar edilməyib. Şəxsən özünün imzasına həmin bank əməliyyatları üzrə yalnız “Troika” pulyuma maşınına daxil olan şirkətə kreditin ayrılması ilə bağlı sənəddə rast gəlinir (https://www.occrp.org/documents/troikalaundromat/VARDANYAN_SIGNED_CONTRACT.pdf).
Vardanyan qeyd olunan sistemi özəl sərvətlərin idarəolunması xidməti kimi təsvir edib. O, pulyuma maşınını formalaşdıran ofşor şirkətlər şəbəkəsinə istinad edərək bildirib: “Qeyd olunan şirkətlər, o cümlədən mənə məxsus olan şirkət “Troika Dialoq”un müştərilərinə texniki xidmət göstərməkdədir. Bunlar “çoxailəli şirkətlər” də adlandırıla bilər. Oxşar təcrübə hələ də digər banklarda mövcuddur. Həmin bankların müştərilərinin əksər hissəsi beynəlxalq banklar vasitəsilə işləyir. Bir daha təkrar edirəm ki, biz hər zaman xidmət göstərdiyimiz dövr üçün dünya maliyyə bazarlarında qüvvədə olan qaydalara uyğun fəaliyyət göstərmişik. Görünən odur ki, qaydalar dəyişir, lakin keçmiş maliyyə bazarlarına hazırkı qaydaların tətbiq edilməsi müasir standartların “böyük depressiya” dövrünə tətbiq edilməsi kimi bir şeydir. Məncə, belə tətbiqetmənin real vəziyyəti təhrif edə biləcəyi ilə razılaşacaqsınız”.
Vardanyan uydurma ticarət sövdələşmələri barədə suala cavab olaraq bildirib ki, “Troika Dialoq”un gəliri 2006-10-cu illər arasında iki trilyon rublu (valyuta dəyişkənliyindən asılı olaraq 63-85 milyard dollar) keçib və bu həcmdə şirkətin bütün sövdələşmələri haqqında onun məlumatlı olmaq imkanı azdır.
O vaxt Rusiyada bu tipli təcrübələr adi hesab edilsə də, mütəxəssislər “Troika pulyuma maşını” kimi sistemlərin ciddi fəsadlar verə biləcəyini qeyd edirdilər.
Corc Meyson Universitetinin Terrorizm, Transmilli Cinayət və Korrupsiya Mərkəzinin direktoru və təsisçisi, “Qaranlıq Ticarət” kitabının müəllifi Luis Şellinin dediyinə görə: “Hazırda mövcud “səhnə” milli iqtisadi inkişafı ləngidir, insan təhlükəsizliyini pozur və geridə qalan insanların həyat keyfiyyətini aşağı salır. Çirkli pulların yuyulması ilə məşğul olan ölkələr, xüsusən də inkişaf etməkdə olan dünyada infrastrukturun inkişafı, təhsil, səhiyyə, yeni biznes sahələrinin inkişafı, sahibkarlıq üçün lazım olan böyük həcmdə kapitalı itirirlər. Xaricdə yatan bu həcmdə pul vəsaitləri ilə seçki proseslərinə müdaxilə edilməsi, saxta xəbərlərin yayılmasına yardım edilməsi də daxil olmaqla hər cür zərərli fəaliyyət həyata keçirilə bilər”.
Kriminal xidmətlər
“Maliyyə camaşırxanaları”, sadəcə, çirkli pulların yuyulması sistemi deyil. Bu həm də gizli investisiya vasitəsi, rüşvət ehtiyatı, vergidən yayınma sxemi və daha çoxudur.
“Troika”nın müştəriləri bu sistemdən Böyük Britaniya, İspaniya və Monteneqroda əmlak, yəni lüks yaxtalar və sənət əsərləri, tibbi xidmətlər və dünya çempionatının biletlərini almaq, övladlarının nüfuzlu Qərb məktəblərində oxumaları üçün təhsil haqqını ödəmək, hətta kilsələrə ianə etmək məqsədilə istifadə edirdilər.
Əlavə olaraq, “Troika Laundromat”ı mütəşəkkil cinayətkar qruplara və fırıldaqçılara öz cinayətlərindən əldə edilən gəlirləri yumaq imkanı verirdi. OCCRP və tərəfdaşlar Rusiyada özlərinə məxsus pul vəsaitlərinin mənbəyini gizlətmək məqsədilə “maliyyə camaşırxanası” şirkətlərindən istifadə edən bir neçə yüksəksəviyyəli fırıldaqları müəyyən edib.
Şeremetyevo Hava Limanında yanacaq fırıldaqçılığı (https://www.reportingproject.net/proxy/en/moscow-airport-used-in-fuel-fraud)
kimi tanınan bu mexanizmlərdən biri 2003-2008-ci illər arasında işlək olub və Rusiya dövlətini 40 milyon dollardan çox vergi gəlirindən məhrum etməklə aviasiya yanacağının qiymətlərini süni şəkildə şişirdib, təyyarə biletlərinin bahalaşmasına səbəb olub. Həmin dələduzluqda iştirak edən şirkətlər tərəfindən “Troika Laundromat” hesablarına 27 milyon dollardan çox pul vəsaitləri göndərilib. Vardanyanın bu mexanizmə hər hansı aidiyyəti olmamış və o, bununla bağlı məlumatlı olmadığını bildirib. Həmin dələduzluq əməlləri başa çatdıqdan iki il sonra, yəni 2010-cu ildə isə “Troika Dialoq” “Credit Suisse” ilə birlikdə hava limanı üçün məsləhətləşmələrə başlayıb.
“Camaşırxana” ilə əlaqəli ikinci əhəmiyyətli cinayət araşdırması, Rusiya Federasiyasına məxsus bir neçə sığorta şirkəti tərəfindən həyata keçirildiyi iddia edilən vergidənyayınma mexanizminin əhatə edir, hansı ki, bu vasitə ilə sistemə 17 milyon dollar vəsait yerləşdirilib.
Sergey Tixomirov adlı şəxs külli miqdarda pul vəsaitlərinin göndərilməsini pərdələmək məqsədilə sığortaçılarla saxta xidmət müqavilələri bağlamaqda ittiham olunub və onun ittihamçılarının gəldiyi nəticəyə görə deyirlər ki, Sergey Tixomirov pul vəsaitlərini xaricə çıxarmazdan və ya nağdlaşdırmazdan əvvəl bir neçə hesaba köçürüb və həmin vəsaitlərin bir hissəsinin köçürüldüyü yekun hesab “camaşırxana” şirkətləri olub. (Qeyd olunanlarla bağlı şərh verməsi üçün əlaqə saxlanılmağa çalışılan Tixomirov telefon zənglərinə cavab verməyib.)
Başqa bir iş üzrə ən azı 69 milyon dollar rusiyalı violonçel ifaçısı olan Sergey Rolduginlə əlaqəli şirkətlərə köçürülüb. O, mənbəyi bilinməyən böyük sərvətinin OCCRP, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və Panama sənədləri layihəsində media nümayəndələri tərəfindən aşkarlanmasından sonra məşhurlaşıb (https://www.occrp.org/en/panamapapers/persons/roldugin/).
Rolduginin şirkətlərinin “camaşırxana”dan aldığı pul vəsaitlərinin bir hissəsi Rusiyanın böyük vergi fırıldaqları nəticəsində yaranıb və bu fakt ifşa edildikdən sonra həbsxanada vəfat edən rusiyalı hüquqşünas Sergey Maqnitski tərəfindən aşkarlanıb. Roldugin qeyd olunanlarla bağlı şərh tələb edən məktuba hər hansı cavab verməyib. Bu məsələ ilə bağlı Vardanyan bildirib ki, onun violonçel ifaçısı haqqında məlumatı var idi, lakin sonuncunun “Troika” ilə hər hansı biznes əlaqəsinin olduğunu bilmirdi.
Maqnitskinin ifşa etdiyi saxtakarlıq şəbəkəsində iştirak edən şirkətlər “Troika Laundromat” vasitəsilə 130 milyon dollardan çox vəsaitin dövriyyəsini həyat keçirib, yüzmilyonlarla dollar məbləğində vəsait naməlum məqsədlər üçün “camaşırxana”ya mədaxil və məxaric edilib.
Vardanyan isə bu əməliyyatların heç birindən xəbəri olmadığını qeyd edib.
“Başa düşün, mən mələk deyiləm. Rusiyada yaşamaq üçün sizin üç yolunuz var: inqilabçı olmaq, ölkəni tərk etmək və ya konformist olmaq. Beləliklə, mən konformistəm. Amma mənim öz daxili məhdudiyyətlərim var: mən heç vaxt “loans-for-shares” (1990-cı illərdə Rusiyada yaradılmış özəlləşdirmə mexanizmi) mexanizmində iştirak etməmişəm, cinayətkarlarla işləməmişəm, heç bir siyasi partiyanın üzvü deyiləm. Buna görə hətta 1990-cı illərdə mən ətrafımda heç bir mühafizəçi olmadan gəzirdim. …Mən özümü və prinsiplərimi qorumağa çalışıram”, - o deyib.
“Camaşırxana”dan pul əldə edən şəxslər arasında Vardanyan və onu ailəsi də olub. 3,2 milyon dollardan artıq vəsait onun “American Express” kartının ödənişlərinə istifadə edilib, həyat yoldaşına və ailəsinə məxsus hesablara köçürülüb, Böyük Britaniyada üç övladının təhsil haqqının ödənilməsinə yönəldilib.
Bu rəqəmlər barədə sualı cavablandıran Vardanyan deyib ki, “Troika”nın yaratdığı ofşor şirkətlər bankın müştəriləri ilə yanaşı, öz şirkətlərinə də xidmət göstərir.
“Troika” təməl daşı rolunda
“Troika Laundromatı” son illərdə aşkar edilmiş “camaşırxana”lar arasında unikaldır, çünki o, nüfuzlu maliyyə institutu tərəfindən yaradılıb.
1990-cı illərin əvvəllərində yaradılan “Troika Dialoq” Rusiyanın ən böyük özəl investisiya bankına çevrilmişdi. O, 2012-ci ilə qədər ölkənin ən böyük dövlət kreditoru olan “Sberbank” tərəfindən satın alınana qədər Vardanyanın rəhbərliyi altında fəaliyyət göstərib.
Bütün investisiya bankları kimi, “Troika” da səhm və istiqrazların buraxılması, ilkin ictimai təkliflərlə məşğul olur və sığorta agenti kimi fəaliyyət göstərirdi. O, həmçinin, “Citibank Inc.”in yerli ofisi ilə güclü əlaqələrə malik idi, belə ki, “Troika”nın yeni investorlarının 20 faizə qədəri ABŞ-nin nəhəng təşkilatları vasitəsilə gəlirdi. “Troika”nın həmtəsisçisi Pavel Tepluxinin 2006-cı ildə verdiyi müsahibəyə əsasən bu, Nyu-Yorkda yerləşən “Citibank”ı “Troika”nın ən böyük xarici maliyyə institutu edib. (“Citibank” qeyd olunanlara şərh verməsi üçün edilən müraciətləri cavabsız qoyub.)
“Credit Suisse” və “Standard Bank Group” daxil olmaqla, digər böyük beynəlxalq banklar da “Troika” ilə əhəmiyyətli işlər görürdülər. 2006-cı ildən başlayaraq “Troika”nın işçiləri “Troika” “camaşırxanası”nın hissələrini birləşdirməyə başladılar.
“Maliyyə camaşırxanası” qurmaq üçün dörd vacib element tələb olunur: çirkli pulların yuyulmasına qarşı mülayim standartlara malik bank; bankda hesab saxlamaq üçün gizli ofşor şirkətlərin labirinti; həm şirkətlər, həm də hesablar üçün proksi (əsas sahibkarın gizlədilməsi üçün səlahiyyətləndirilmiş şəxs) direktorlar və səhmdarlar, eləcə də lazım gəldikdə tez bir zamanda ofşor şirkətləri yarada, saxlaya və ləğv edə bilən qondarma formalaşma agentləri.
Bank pul axınlarını və pul əməliyyatlarını təşkil edən saxta ticarət sövdələşmələrini idarə etməklə yanaşı, “Troika” “camaşırxanası”nın bütün kiçik komponentlərini təşkil edir.
Burada əsas mexanizm ticarətə əsaslanır: “Shell” (pərdələnmiş) şirkətləri sistemdəki digər şirkətlər tərəfindən alınmalı olan, əslində mövcud olmayan mal və xidmətlər üçün saxta hesab-fakturalar yaradırlar. Bu sahədə qazanılmış təcrübə ilə həmin əməliyyatların nəzarət qurumları üçün daha az şübhəli görünməsinə səbəb olan, bu əməliyyatların qanuni iqtisadi fəaliyyət olmasını göstərən saxta görüntülər təqdim edirlər.
Bununla bağlı “George Mason” şirkətinin korrupsiya üzrə eksperti Şelli bildirib: “Siz qeyri-qanuni ödənişin malların daşınması ilə əlaqəli olduğunu iddia edərək gizlədirsiniz. Bu gün dünyada çirkli pulların yuyulmasında ən mükəmməl sistem ticarət sistemidir. “Əl-Qaidə”nin qurucusu Usamə bin Laden Yaxın Şərqdə pul köçürmək üçün oxşar sistemdən istifadə edirdi.
“Troika”nı təşkil edən şirkətlərdən danışdıqda qeyd etmək lazımdır ki, əgər “Troika” “camaşırxana”nın təməl daşı idisə, onun tamamlayıcı daşları Britaniyanın Vircin adalarında yerləşən üç pərdələnmiş şirkətləri idi: “Brightwell Capital Inc”, “Gotland Industrial Inc” və “Quantus Division Ltd”. “Brightwell”in ilk məlum əməliyyatı 12 aprel 2005-ci ildə, “Gotland”ın - 17 fevral 2006-cı ildə, “Quantus”un isə altı ay sonra, yəni avqustun 23-də həyata keçirilib.
Bu şirkətlərin bank sənədlərinin təhlili onların “camaşırxana”nı necə yaratdıqlarını aşkara çıxarır. Belə ki, 2006-cı ildən başlayaraq, onlar bütöv “camaşırxana”nı özündə birləşdirən çoxsaylı kiçik şirkətləri yaratmaq üçün “IOS Group Inc” adlı bir aralıq agentinə çoxsaylı kiçik ödənişlər ediblər. Bununla bağlı məsələlərə aydınlıq gətirmək məqsədilə edilmiş sorğulara “IOS Group” cavab verməyib. Həmin pərdələnmiş üç şirkət bütün şəbəkənin fəaliyyətini təmin etmək məqsədilə altı il müddətində “IOS Group”a 40 avrodan 5 000 avroya qədər pul vəsaitlərinin köçürülməsini davam etdirirdi. Həmin müddət ərzində hesaba köçürülmüş vəsait 143 000 avrodan artıq hesablanıb.
“Quantus”, məsələn, Britaniyanın Vircin adalarında yerləşən “Kentway SA” şirkətinin təşkil edilməsi və saxlanılması üçün müəyyən haqq ödəyib. Bu şirkət sonradan violonçel ifaçısı Sergey Rolduginə bağlılığı olan “Sandalwood Continental Ltd”yə milyonlarla dollar göndərmək məqsədilə istifadə edilib.
“Quantus”un “Kentway” ilə bağlılığı, “camaşırxana” şirkətlərinin bir çox yollarla bir-birinə bağlılığını nümayiş etdirir. Bu vəziyyətdə “Kentway”in qurulmasına kömək etdikdən sonra “Quantus” onu maliyyələşdirməyə başlayıb, hansı ki, bu vəsait sonrada Rolduginin şirkətinə göndərilib.
Bank
Pul vəsaitlərinin “camaşırxana” şirkətləri vasitəsi ilə birbaşa köçürülməsini təmin etmək məqsədilə “Troika”nın onunla işləməyə cəlb edilmiş şirkətlərin hesablarının saxlanılması üçün kommersiya bankına ehtiyacı var idi. Həmin bank pul vəsaitlərinin bir ofşor şirkətdən digərinə köçürülməsini təsdiqləmək üçün istifadə edilən “camaşırxana” bizneslərinin maliyyə və ticarət sənədlərindəki çatışmazlıqlara göz yummağa hazır olmalı idi. “Troika” bu iş üçün Litvanın “Ukio Bank”ını seçmişdi. (Litva kreditoru 2013-cü ildə riskli sövdələşmələrə qoşulduğuna və tənzimləyicilərin əmrlərinə əməl etmədiyinə görə ölkənin Milli Bankı tərəfindən müsadirə edildi.) “Ukio”nun “Troika” “camaşırxanası”nda istifadə oluna bilən 35 və daha çox şirkət üçün hesablar açdığı müəyyən edilib.
Litva hələ avrodan istifadə etmədiyinə görə avro ilə aparılan əməliyyatları həyata keçirmək üçün “Ukio Bank”ın Avstriyanın “Raiffeisen” və ya Almaniyanın “Commerzbank AG” kimi Avropa banklarında müxbir hesablara ehtiyacı vardı. Bu iki kreditor və bir çox digər böyük Avropa və ABŞ maliyyə institutları aparılan bəzi əməliyyatların mahiyyəti barədə ara-sıra araşdırma aparmalarına baxmayaraq, pulların yuyulmasını həyata keçirməyə razılıq vermişdilər.
Məsələn, müxbir banklardan biri “Ukio”nun tələblərin icrasına nəzarət üzrə mütəxəssislərinə kommersiya məqsədi daşımayan maliyyə yuyulması əməliyyatlarının mənşəyi ilə bağlı sorğu verib.
“Bu əməliyyatın mahiyyəti nədir? Müqaviləmiz var (əlavə olunur), amma düzünü desəm, nə baş verdiyini başa düşmürəm”, - deyə mütəxəssis Roldugin ilə əlaqəli bir şirkətə edilən ödənişlə bağlı qeyd edib. Lakin sorğu cavablandırılana qədər artıq pul vəsaitləri “Ukio”nun hesablarından çıxarılıb.
“Troika”nın yaratdığı ofşor şirkətləri üçün niyə “Ukio”nun seçildiyi barədə suala Vardanyan cavab olaraq bildirib ki, bu, dünyada istifadə olunan “Troika”nın 20-yə yaxın bankından, sadəcə, biridir.
Erməni proksilər
Pulların yuyulmasını həyata keçirən şirkətlərdə aparılan bir çox əməliyyatlarda əsas fiqur Armen Ustyan çıxış edirdi. 34 yaşında Moskvada mövsümi inşaat işçisi kimi işləyən Ustyan heç bir zaman investisiya bankiri olmamışdı.
Ustyanın imzası bir neçə başqa erməni ilə birlikdə “Troika Laundromatı”nda həyata keçirilən müqavilələrdə və bank sənədlərində müəyyən edilib. O, yüksəksəviyyəli maliyyə məsələləri ilə bağlı suallara cavab vermək üçün yanvar ayında köhnə hərbi pencək və papaq geyinərək evinin soyuq qonaq otağında jurnalistlərin qarşısına çıxmışdı.
Öz müsahibəsində Ustyan bildirmişdi ki, imzasından istifadə edilərək “Ukio” bankında hesabı qeydə alınan, Panamada yerləşən pulyuma şirkəti “Dino Capital SA” şirkətinin mövcudluğu haqqında məlumatsızdır. Bank hesabı sənədlərinə onun pasportunun surəti əlavə edilsə də, Ustyan israr edərək bildirmişdi ki, həmin sənədin oraya necə gəlməsi ilə bağlı hər hansı fikri yoxdur.
Müsahibə zamanı Ustyan anasının xahişi ilə bir kağız parçasına öz imzasını yazaraq belə bir nəticəyə gəlmişdi ki, ona məxsusluğu iddia edilən imza, çox güman ki, saxtadır.
İmzasının “Dino Capital”ın bank hesabı ilə əlaqəli olması ilə yanaşı, Ustyan şirkət adından müqavilələr imzalamaq səlahiyyətinə malik nümayəndə kimi səlahiyyətləndirilib və onun imzası ən azı 70 milyon dollar dəyərində müqavilələrdə aşkar olunub.
Erməni “Troika Dialoq”la incə əlaqəsini xatırlasa da, qeyd olunan faktların heç biri barədə məlumatı olmadığını bildirib. Belə ki, Ustyan Moskvada iş axtararkən qardaşının investisiya bankında işlədiyini dediyi rusiyalı erməninin yanında qalıb və həmin şəxs ona iş tapmağa kömək edib.
Ustyanın Moskva ünvanı, doğrudan da, erməniəsilli Rusiya vətəndaşı Nerses Vaqradyanın adına qeydiyyatdadır. Nersesin qardaşı Samvel Vaqradyan əsas pul yuyulmasını həyata keçirən şirkət olan “Brightwell”dən milyonlarla dollar alan Rusiya şirkətinin direktorudur. Vardanyanın saytında Samvel Vaqradyan da bankirin xeyriyyə işlərinin əsas mənbəyi kimi xatırlanıb. Lakin Samvelin, həqiqətən, “Troika”da işləyib-işləmədiyi məlum deyil.
Məsələ ilə bağlı sualların cavablandırılması üçün Vaqradyan qardaşlarının heç biri ilə əlaqə saxlamaq mümkün olmayıb. Ustyan isə bununla bağlı bildirib ki, Vardanyan qardaşlarının onun müəyyənedici məlumatlarından istifadə etmələrinə inanmır.
Pulların yuyulması ilə bağlı digər erməni fəalı kimi Edik Yeritsyanı qeyd etmək olar. Onun sənədlərindən Kiprdə yerləşən “Popat Holdings Ltd” üçün “Ukio”da bank hesabının qeydiyyatında istifadə edilib. Bu şirkət milyonlarla dollar dəyərində “camaşırxana” əməliyyatlarında iştirak edib.
Yeritsyan OCCRP-yə bildirib ki, üç il əvvəl avtomobil qəzasından sonra yaddaşını itirib və həyatının bəzi hissələrini xatırlamır, lakin o, Ustyanla birlikdə Moskvada işlədikləri zaman eyni mənzildə yaşadıqlarını qeyd edib”.