28 oktyabr - Ümumdünya Cüdo Günü ilə bağlı Azərbaycan Cüdo Federasiyası paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla "Şəhər turu" keçirib.
Federasiyadan Oxu.Az-a verilən məlumata görə, turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.
Layihə cüdonun dəyərlərini - hörmət, cəsarət və dostluğu - daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib.
Qeyd olunub ki, son illərdə idmançılarımız ən mötəbər arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıblar. Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya və dünya çempionlarımızın uğurları bütün ölkəyə böyük sevinc bəxş edib.
ACF-nin sistemli fəaliyyəti bu nailiyyətlərin əsasını təşkil edir. Regionlarda cüdonunun əhatə dairəsinin genişləndirilməsi, yeni təlim-məşq mərkəzlərinin istifadəyə verilməsi, məktəblilər üçün maarifləndirici kampaniyalar, məşqçi və hakimlər üçün ixtisasartırma proqramları, eləcə də inklüziv və kütləvilik yönümlü layihələr cüdonun ölkəmizdə davamlı inkişafına xüsusi töhfə verir.
Qeyd edək ki, 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür.