Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
15 yaşından pul qazandığını deyən Günay İbrahimli: “Ağzımı qıfıllamışam” – FOTO
Efirlərdən kənara çəkilsə də, yeni layihələrini təqdim edən, eyni zamanda biznes sahəsinə əl qoyan müğənni Günay İbrahimlinin Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik.
- Efirlərdən uzaqlaşsanız da, yay mövsümünə yeni mahnı və fotossesiya ilə damğa vurdunuz.
- Pandemiyadan əvvəl fevral ayında “Xəbərin yox qəlbimdən” adlı təqdim etdiyim yeni mahnını bəstəkar-müğənni Pərviz Mahmudovdan aldım, aranjiman etdik. May ayında bu mahnını çıxartmalı idim, amma martın 14-də pandemiya başladı. Bu səbəbdən təqdimatını saxladım. Çünki o zaman hamının başı özünə qarışmışdı. Belə olan təqdirdə isə mahnı it-bat olacaqdı. Üstündən 2 il yarım zaman keçdi və mahnını dincləyicilərimin ixtiyarına verdim. Pandemiya ərəfəsində İstanbula yollanıb “O bəsimdir” klipini çəkdim. Həmin vaxt isə “İbrahimli” butik-atelyemdə əsaslı təmir işləri gedirdi. Məşhur filmdə deyildiyi kimi, “Həm ziyarət, həm ticarət oldu”. Həm klipimi ekranlaşdırdım, həm də oradan lazım olan parçaları, manikenləri aldım. Bir sözlə, “Bir güllə ilə iki dovşan” vurdum.
- Pandemiya ərəfəsində həmkarlarınız kənara çəkildilər. Həmin zaman isə işləyib, yeni layihələri göz önünə çıxardan bir neçə müğənni, onlardan biri də Günay İbrahimli oldu. Pandemiya zamanı bütün işlər dayandı. Bəs Günay toy olmaya-olmaya bu qədər iş görmək üçün pulu haradan tapdı?
- Sənətimə pul xərcləməyi sevirəm. Pul xərcləyəndə əlimə pul gəlir. Bu dəqiqə pul kisəmdən pul çıxardım, harasasa xərcləyim, mütləq o xərclənən pul geri qayıdacaq. 15 yaşından pul qazanıram. Düşünürəm ki, bu hər zaman da belə olacaq. Pul qazanıb, xərcləyəndə böyük zövq alıram. Sanki Allah mənə yazıb ki, Günay pul xərcləməlidir. Pandemiyadan əvvəl tədbirlərdən, toylardan qazandığım pulları xərclədim. Bu butik-atelyeni 6 il əvvəl açmaq istəyirdim. Yaxşı ki, onda açmadım. O da qəsdən olmadı. Sadəcə bəzi problemlər oldu. Maddiyyat da böyük rol oynadı. Heç kimə sirr deyil ki, belə bir iş qurmaq üçün böyük büdcə tələb edir. Pandemiyada anladım ki, mütləq əlavə gəlir gətirən şəxsi biznesin olmalıdır. Bu işə sırf biznes, yəni pul qazanmaq mənbəyi kimi baxıram. Bu iş sırf mənim hobbimdir. Əsl işim isə müğənnilikdir. Hər zaman belə olacaq. Butik-atelyemdən yaxşı pul qazanıram. Əks halda heç bu işə əl qoymazdım.
- Sizdən sonra həmkarlarınız Şəbnəm Tovuzlu, Aysun İsmayılova da butik açdılar. Özünüzə onları bu sahədə rəqib görürsünüz?
- Önəmli olan keyfiyyət və zövqdür. Hamıya uğur arzu edirəm. 100 müğənni var, onların içində 10 keyfiyyətlidir. 100 atelye var, amma 10-u keyfiyyətli və zövqlüdür. Hər kəsin də öz kütləsi var. İstər butik-atelyesi olsun, istərsə də toyuna dəvət edən... Bu, hər zaman belə olub və belə də olacaq. Çalışıram ki, bütün trendlərə uyğun və ən əsası keyfiyyətli geyimlər ərsəyə gətirək. Burada olan geyimlər isə bu mövzuda öz sözünü deyir və təsdiqləyir. Hər şeydə ən başlıcası keyfiyyətə üstünlük verirəm. İş açan kimi dərhal pul qazanmaq olmur. Xərclədiyin pulu bir ilə qaytarırsan və yalnız bir ildən sonra nəsə qazanırsan. Hələ də bu biznesimə pul xərcləyirəm. Butik-atelye səkkiz aydır ki, fəaliyyət göstərir. Burada olan parçaların qiyməti 1700 manatdır. Hamısı bahalı parçalardır. Butikimdə ən bahalı libasın qiyməti 3500 manatdır. Geyimlərdə elə parçalar, aksesuarlar və biçimlər seçirəm ki, digər atelyelərin ərsəyə gətirdiyi geyimlərə bənzəməsin. "İbrahimli" butik-atelyeni açmaq üçün çox pul xərclədim.
- Bir sıra sənət yoldaşlarınız var ki, "İbrahimli" butik-atelyedən geyinirlər. Elə bir həmkarınız var ki, ona geyim satmırsınız?
- O qədər var ki… Yazırlar, heç mesajlarını belə açıb, oxumuram. Hər adama geyim vermək lazım deyil. Səviyyəni qoruyub saxlamasam, butik-atelyemi brendləşdirə bilmərəm. Butikimin adını brendləşdirmək üçün bəzi sərhədlər və qadağalar qoymuşam. Əgər bir müğənnini geyindirəcəksənsə, səhərisi gün öz bildiyini geyinəcəksə, bu mənə ən böyük antikreklam olacaq. Bu səbəbdən elə məsələlərə həssas yanaşıram və etmirəm.
- Butikinizdəki geyimləri həmkarlarınız alır, yoxsa kirayə götürür?
- Sənət yoldaşlarım bir günlük geyinib, sonra qaytarırlar. Mən onlardan hansısa ödəniş almamışam. Ümümiyyətlə həmkarlarımdan pul almıram. Öz dostlarım gəlib mənə xeyir veriblər. Dostlarım bura gəlib, bahalı libaslar tikdiriblər. Təbii ki, ödəniş edərirlər. Amma deyim ki, hər hansısa bir müğənni gəlib seçdiyi libası pul verib alıb, belə bir hal olmayıb. Ödəniş mövzusunda bura yalnız öz müştərilərim gəlir.
- Qarderobunuzda yer alan ən bahalı geyim və ya aksesuarın qiyməti nə qədərdi?
- Tam dəqiqliklə yada sala bilmirəm. “Bottega&Venetta” markasına aid bir çantam var. Qiyməti 7500 manatdır.
- “Azərbaijan Fashion Week-2022”də sizin “İbrahimli” butik-atelyenizin ərsəyə gətirdiyi onlarla geyimlər sərgiləndi. Qulağımıza xəbər çatdı ki, kulis arxasında çaxnaşma yaşanıb və qalmaqal olub. Tədbirdə nə baş vermişdi?
- Heç yerdə təşkilatçılığın yüksək səviyyədə olmasını görməmişəm. Tədbirdə xoşaqəlməz hadisələr yaşandı. Oradakı defilem yaxşı keçdi. Amma kulis arxasında stress, gərginlik yaşadım. Əsəblərim tarıma çəkildi. Kulis arxası bəyənmədiyim məqamlar oldu. Mən 100 model arasında 15 model seçib model agentliyinin direktoru Syama Rəsulovaya pul ödədim. Məndən əvvəl çıxış edən dizaynerə seçdiyim modelləri satmışdı. Onlar hamısı da gəlinlik geyinmişdi. Təsəvvür edin ki, kulisdə modellərin əynində olan gəlinlikləri qayçı axtarırdım ki, kəsim. Gəlinlik defilesini salmalı idilər birinci çıxışa ki, onlar rahat əyinlərindən o gəlinlikləri çıxarda bilsinlər. Sonra da rahat bizim geyimlərimizi geyinsinlər. Amma belə olmadı. Etirazımı həmin an bildirdim. Amma elə reaksiya verdilər ki, sanki belə də olmalı idi.
- Deyirlər ki, Günay İbrahimli şou-biznesdə uzaqlaşıb, çəkilib bir kənara. Artıq ötən illərdə olduğu kimi qaynayıb, qarışmır. Son zamanlar sizi nadir hallarda verilişlərdə görürük. Özünüzə qadağalar qoymusuz?
- Şou-biznesdə çox böyük dəyişikliklər var. Kanallar və onlara olan təlabat dəyişib. Bir dənə normal veriliş tapmıram ki, ora çıxım. Ən son çəkildiyim isə olub Əməkdar artist Könül Kərimovanın “Xəzər” televiziyasında yayımlanan “Xəzər axşamı” verilişi və “İctimai” televiziyada yayımlanan “Nə, harada, nə zaman?” intellektual oyunu. Maqazin verilişlərinə müsahibələr verirəm. Amma qonaq kimi çıxmaq istəmirəm. Çünki bilirəm ki, aparıcı artıq suallar verəcək. Söz-söhbətdən çəkinirəm. Afaq Gəncəli ”Şourum” maqazin verilişinə qonaq çağırır, amma getmirəm. Afaqla altı il küsülü olmuşam, amma indi münasibətim yaxşıdır”.
- Verilişlərə “göz ucu” baxıb, ağız əyməyiniz nədən qaynaqlanır?
- Məsələn, məni hansısa verilişə dəvət edirlər. Açıram “YouTube”da həmin verilişə baxıram. Orada mənə aid olmayan müğənnilərin çıxışlarını görürəm. Bunları görəndən sonra həmin verilişə çıxmaq istəmirəm. Öz qabımda olmadığım yerdə olmağı sevmirəm. Mütləq şəkildə hər hansısa bir verilişə çıxıramsa, qonaqların kimliyini soruşuram. Hətta konsertlərə getməzdən əvvəl orada çıxış edəcək həmkarlarımın ad siyahısını alıram. Məni çox aldadıblar. Yalan danışıblar. Başqa müğənnilərin siyahısını göstərirlər, gedib görürəm ki tamam başqa ifaçılar çıxış edir. Buna görə mənim artıq güvənib itib.
- Bir neçə sənət yoldaşınız var ki, onlar efirləri heç bir həmkarı ilə bölüşmək istəmirlər. Verilişlərə tək çıxırlar. Siz də bu cür tələblər irəli sürürsüz?
- Elə verilişlər var ki, ora tək çıxırsan. Amma etiraf edim ki, efirlərə tək çıxmaq maraqsızdır. Verilişlərə real həyatda səmimi ünsiyyət qurduğun insanlarla birgə çıxanda daha maraqlı olur. Çünki söhbət gözəl alınır. Çox zaman verilişlərə Xalq artisti Faiq Ağayevlə, müğənni həmkarım Nadir Qafarzadə ilə çıxıram və veriliş çox səmimi alınır. Xarici səfərlərdə də onlarla birgə çox olmuşam. Buna görə də danışılacaq söhbətlərimiz çox olur. Ekrandan bizi izləyən tamaşaçı da o səmimiliyi dərhal hiss edir.
- Dost sarıdan bəxtiniz gətirməyib. Nədənsə yaxın bildiyiniz dostlarınız sizə arxadan zərbə vururlar. Dostu düşməndən ayıra bilmirsiz?
- Əlimin duzu yoxdur. Dostlarım əslində çoxdur. Amma şou-biznes aləmindən deyillər. Əvvəllər ətrafımda şou əhli çox idi. İstər həmkarım, istərsə də aparıcı olsun, tez-tez görüşüb, birgə vaxt keçirirdim. Zaman keçdikcə gördüm ki, ətrafımda söz-söhbətlər çoxalır. Biri ilə görüşürdüm, digəri inciyirdi. Bir-birinin üzünə gülürdülər, sonra dedi-qodu, geybət etməyə başlayırdılar. Mənim isə elə söz-söhbətlərdən başım ağrıyır. Yanımda bir adamı pisləyirdilər, sabahısı gün isə “Instagram”da oturub kofe içirdilər. Bu şeylərə göz yuma bilmirəm. Bəlkə də bütün bunlar bu zamanənin işidir. Hamı bir-birinin üzünə gülüb, arxasıycan min işlər çevirir. Amma mən belə ola bilmirəm. Buna görə də çox zaman məni pis insan kimi qələmə verirlər. Keçmiş dostlarımı kənardan izləyirəm. Baxıb, görürəm ki, bütün günü bəyənmədikləri insanlarla oturub-dururlar.
- Keçmiş dostlar tərəfindən sizə badalaq vuranlar, xəyanət edənlər olub?
- Dost tərəfindən dəfələrlə xəyanətlə üzləşmişəm. Dostum dediyim insanlardan belə ən ağır zərbə almışam. Maddiyyatla bağlı olub.
- Həmkarlarınızın “əli aşağı” olanda onlara borc pul verirsiz?
- Onlar özlərinə sığışdırmazlar Günay İbrahimlidən borca pul istəsinlər. Eqoları buna imkan verməz. İstəsələr verərəm. Amma bu o demək deyil ki, varlıyam, başımdan pul tökülür. Xeyr! Yəni özümə görə bir imkanım var. Olub ki, məndən borc adı altında pul istəyiblər. Mən ona o pulu borc adı ilə deyil, hədiyyə kimi vermişəm. Bilmişəm ki, o verdiyim pul geri qayıtmayacaq. Verdiyim pulu da istəyəndə pis adam özüm olacağam. Olub ki, məndən borca 500 manat pul istəyiblər. O 500 manatı vermişəm. Deyiblər ki, bir həftəyə o borcu qaytaracağam. Amma o bir həftə çönüb olub beş il. Bir sözlə, o pul ilə vidalaşmışam. Yəni getdi o pul. Üz-üzə də mənimlə gələndə ona heç bildirməmişəm ki, sənin mənə 500 manat borcun var. Heç pulun adını belə çəkməmişəm, nədə ki tutmamışam. Bilirəm ki, nəsə desəm, pis adam olacağam. Borc kimi məndən 35000 manat pul istəyiblər. Amma verməmişəm. Çünki versəydim o pul batacaqdı. Versəm də belə heç zaman qarqış etməmişəm ki, haramın olsun. Qarqış iki başlı olur. Demişəm ki, ehtiyacı var ki ağız açıb.
- Günay özünə nə qadağa (lar) qoyub?
- Ağzıma qıfıl qoymuşam. Hər adamın yanında nələrsə danışmıram. Daha ehtiyyatlı və diqqətli davranıram. Daha əvvələr başıma gələnləri qulağıma sırğa etmişəm. Ürəyimdə saxlayıram. Çox yaxşı dostlarım var. Onlar tanınmış insanlar deyil. Yəni tanınmışdırlar, amma öz sahələrində. Şou-biznesdən deyillər. Bu sözlərimlə şou-biznes sakinlərini baltalamıram. Sadəcə olaraq, belə olanda daha hörmətli oluram.
- Bir neçə həftə əvvəl “Soy” prodakşının təsisçisi, prodüser Oqtay Əliyevin “Günay İbrahimli “Yeni ulduz” müsabiqəsində iştirakçı olanda, onun üzərində xeyli əziyyət çəkdik. Bir səhnəciyi vardı. Mahnısını dəmir başlı çarpayıda oturub oxumalı idi. Dedik ki, sənin əynində geyim var, narahat olma. Cavab olaraq Günay söylədi ki, “Yox! El-aləm mənə nə deyər?! Məni tikə-tikə doğrayarlar. İndi Günay “tarelka”, şüşə, qəlb də qırır.
“Nə desən edir, amma o zaman heç nə edə bilmirdi” açıqlaması gündəm oldu. Onun “Köhnə palanları” efirdə açıb-ağartması Günaya necə təsir etdi?
- Burnuma naftalin iyi gəldi. Həmin zaman 16 yaşım vardı. O vaxt 16 yaşlı qızdan nə gözləyirdilər ki? İndi mənim 31 yaşım var. 16 yaşlı qız birdən əlinə mikrofon alıb, ATV-nin canlı efirinə çıxır. Səhnəyə çarpayı qoyublar. Oqtay bəyin “indi boşqabda nələrsə sındırır” deməsi və o müsahibəsi yersiz idi. “Yeni ulduz” müsabiqəsi bitəndən sonra orada iştirak edən müğənniləri seçib, onlardan ansambl yığırdılar, müəyyən verilişlərə çıxmaq üçün sponsorluq köməkliyi edirdilər. Mən onlara müraciət etdim, amma rədd cavabı aldım.
- Günay verilişlərə çıxmaq üçün ödəniş edib?
- Maqazin verilişlərinə çıxmaq üçün illər əvvəl pul ödəmişəm. Amma verilişlər var ki, müğənnilərdən “paket” alırdılar. Mən heç zaman verməmişəm. Etiraf edim ki, radiolarda mahnılarımın səsləndirməsi üçün müəyyən məbləğdə pul ödəmişəm. Öncə radio müğənnisi kimi tanınmışam. Radioda mahnım bomba kimi partlayandan sonra kanallar özləri məni verilişlərinə qonaq çağırıblar. Qazandıqca sənətimə pul yatırırdım. Heç kim mənə pulsuz mahnı verməyib. Pulunu ödəmişəm, mahnını almışam. Bu sənətdə pul xərcləməsən, heç nə əldə edə bilmərsən.
- Hazırda toydan savayı şou proqramlarda çıxış edirsiz?
- Artıq səkkiz ildir ki, şou-proqramlara getmirəm. Amma etiraf edim ki, gedəndən oradan yaxşı pullar qazanırdım. Şou-proqramlara getməyi dayandıran kimi, “əlim aşağı düşdü”. Amma səbr etdim, dözdüm. Bir il keçəndən sonra çox gözəl layihələr edə bildim. Bir insan əgər şou-proqrama gəlib, orada yemək yeyib, hesab verir, məni dinləyə bilirsə, o, şəxsi məclisinə məni çağırmayacaq. Bu, birmənalıdır. Hazırda elə bir müğənni yoxdur ki, şou-proqramlara getməsin. Hamımız getmişik. O mərhələlərdən mən də keçmişəm. Lakin bir yerə qədər. O mərhələləri də doğru zamanda keçmək lazımdır.
- Toyda Günayın başına pul səpiblər?
- O qədər olub. Amma heç zaman bunu paylaşıb, reklam etməmişəm. Şəmkir rayonunda, Sankt-Peterburqda, Bakıda da dəfələrlə bu hadisə olub. Amma indi pul səpmək kimi məsələlər azalıb. Pandemiyadan əvvəl olub.
- Heç deyirsiz ki, “Bu həmkarım varsa, mən toya gəlmirəm?”.
- Yox. Belə bir qadağam yoxdur.
- Günayı "toydan buranlar" var?
- Çoxdur. Yəqin varlığımla onların yerlərini dar edirəm. Varlığım o insanları narahat edir. Toyda monopoliyadır. Üç-dörd insan var ki, məni toylardan uzaqlaşdırırlar. Adlarını da bilirəm. Amma onlarım kimliyini açıqlaya bilmərəm. Deyirlər ki, neynirsiz toya o qədər pul verib Günayı çağırırsız.
- Günay İbrahimlinin heç zaman bağışlamayacağı şəxs var?
- Var! Müğənni deyil, sıradan bir insandır. Həyatında elə bir insan olur ki, onunla küsüb-barışa bilirsən. Deyirlər ki, umduğun, yerdən küsərlər. Amma bəzən elə məqamlar da olur ki, edəcəyi bir səhv bütün münasibəti məhv edir. Belə bir insan var. Onu heç zaman bağışlamayacağam.
- Rəsmi yoxsa vətəndaş nikahı?
- Əgər iki insan bir-birini sevirsə, o kağır parçasına ehtiyacı yoxdur. Kağız parçasına ehtiyac övlad olanda lazım olur. Sənədlərə görə... Əgər əlində sənədin varsa, ər-arvad kimisən, ərin isə bütün günü orada-burada gəzirsə, heç o sənədin olub-olmayacağının bir önəmi yoxdur. Sənəd önəmlidir. Əsas odur ki, həyat dostun, yoldaşın səni çox istəsin, qorusun, arxanda dağ kimi dursun, sənə arxa-dayaq olsun. Arvad aldım, amma arvadımdan xəbərim yoxdur, kimi şeylər yox. Sənəd ona görə lazımdır ki, kişilərə güvən yoxdur.
- Nə zaman Günayın toyunu görəcəyik?
- Mən də toy istəyirəm. Sevda Yahyayevanın toyundan süjet hazırlamışdırlar. Məclisdə həmkarlarımın əksəriyyəti mənim toyumun olmasını arzulamışdılar. Çox istəyirəm ki, ailə qurduqdan sonra iki övladım olsun. Amma bu işlər Allaha bağlıdır. Əsas odur ki, sağlam olsunlar.
Rəylər