Dörd ildir ABŞ-a köçüb özünə yeni həyat quran Azərbaycanın ilk videobloqeri Aynur Hüseynin (Aka The One) Oxu.Az-a müsahibəsi:
– Dörd ildən sonra Azərbaycana gəlmisiniz.
– Xoş gördük.
– Statuslarınızda qeyd etdiyiniz kimi, ABŞ-a köçmək böyük arzunuz idi və arzunuza çatdınız. İlk həftələrdə hansı çətinlikləri yaşadınız?
– ABŞ-a çatan gün şok yaşayırdım.
Elə bilirsən ki, yatırsan, bəlkə, bu yuxudur deyə, yanındakıların səni çimdikləməsini istəyirsən. Sonra başa düşürsən ki, bu, realdır. Arzuladığım ölkədəsən, yeni həyat başlayır.
Orada hər şey fərqli idi: İnsanların sənə gülümsəməsi, tanımadan “Sabahın xeyir” deməsi... Çünki biz belə şeylərə öyrəşməmişik və özümü hazırlayırdım.
Kimsə sənə gülümsəyirsə, bu, normaldır. Sən də onlara gülümsə, əl elə. Dostlarım deyirdi ki, Aynur, hər şey yaxşıdır. Sadəcə, gülümsə!

Robot kimi gülümsəyib, hər kəsə salam verirdim. Bu qədər pozitiv, tanımadığın insanların sənə gülümsəməsi mənim üçün valehedici idi.
Daha sonra çətinliklər başladı...
– Hansı çətinliklər?
– Elə bilirdim ki, ingilis dilini bilirəm. Lakin oraya gedəndən sonra anladım ki, bilmirəm. Çünki Amerikan ingiliscəsi çox fərqlidir. Danışıq sürətləri məni depressiyaya salırdı. Tez bir zamanda onlara alışmaq istəyirdim. Bunlar çox çətin idi.
– Bakıda 23 yaşlı bir qızın işləyə biləcəyi yetərincə yüksək bir işdə çalışırdınız. ABŞ-a gedəndə isə məlum idi ki, belə bir yerdə işləməyəcəksiniz. Buradan gedəndə onun fərqində idiniz. Hansı işdən başladınız və hazırda hansı işdə çalışırsınız?
– Böyük ümidlərlə getsəm də, böyük ümidlərlə başlamamışdım. Bilirdim ki, yeni ölkədir, təkəm, pulum, arxamda dayanan, dəstəkləyən heç kim yoxdur. İlkin olaraq iş tapmalı idim. Orada həyat mübarizəsi var. Düşünürsən ki, bu gün, ya sabah nə yeyəcəksən. Restoranda ofisiant kimi çalışmışam. Tikinti şirkətində işləmişəm.
– Tikintidə hansı işdə?
– Ustalarla bir yerdə çalışırdım. Onların gördüyü işdən bir az daha yüngülünü görürdüm. Orada da qadınlara nəzakət var, ancaq bizim səviyyədə deyil. İşləyərkən ağır şeylər də qaldırırdım.
Uniformada selfilərimi anama göndərirdim. Anam deyirdi ki, sənin başın xarabdır. Camaatın qızı ərə gedir, sən gedib tikintidə işləyirsən (gülür).
Mağazada və çox xırda işlərdə çalışmışam. Axırda hotel biznesinə düşdüm. Bu, məni çox maraqlandırırdı. ABŞ elə yerdir ki, dünyanın istənilən nöqtəsindən insanlar gəlir. Nyu-Yorka ilk dəfə gələndə hotel işinə başladım.
– Azərbaycanın ilk videobloqer xanımı idiniz. Yetərincə məşhurlaşmışdınız. Ancaq Bakıdan gedəndən sonra videolar azaldı və tamamilə bitdi...
– Azərbaycandan dörd ildir çıxmışam. İlk üç il davam etdim. Sonra başa düşdüm ki, çəkməyə mövzum yoxdur. Elə bir cəmiyyətdə yaşayıram ki, o videonu çəksəm, Azərbaycanda onu anlamayacaqlar.
Oranın problemləri başqa, Azərbaycanınkı başqadır. Həm də, bəlkə də, oradakı problemlər, azərbaycanlılar üçün heç nə idi. Mövzuların olmaması, Azərbaycanın gündəmini izləyə bilməməyim məni uzaqlaşdırdı.
Əfsuslar olsun ki, video sferası isə əksinə, inkişaf etdi. Başqa bir səviyyəyə keçdi. Artıq izləmək istəmirdim. Ona görə də trendlərdən kənarda qalırdım. Hər hansı bir mövzu olanda isə gecikirdim, video çəkməyin mənası qalmırdı.
Bəlkə, Azərbaycanda qalsaydım, başqa videolar çəkərdim. Belə qərara gəldim ki, çəkirəm deyə, “çeynənilməkdənsə”, sonuncu videonu çəkim, ancaq dadı damaqda qalsın. Qəşənq, maraqlı və özünəməxsus getməyi seçdim.
Hərdən pis olurdum, yazırdılar ki, geri dönün, yenə videolar çəkin. Baxmayaraq ki, mən altı il öncə video çəkməyə başlamışdım – 2012-ci ildən. Videoları dayandırsam da, hələ də hər addımımı izləyir və reaksiya verirlər. Yanımda olan həmin insanlara təşəkkür edirəm.
– İndiki videobloqerlərdən kimləri bəyənmirsiniz?
– Bu dəqiqə Taleh Yüzbəyov və Əlixan Rəcəbovu bəyənirəm. Çatdıra bilsək, Talehlə video çəkəcəyik. Ssenarini hələ göndərməyib, amma ona çox güvənirəm.

– Böyük aktrisa olmaq həvəsiniz var idi...
– O arzumun arxasınca getmək istəyirəm. Film üzrə məktəbə baş vurmuşam. Sənəd işləri var. Birtəhər həll etməyə çalışacağam. Çünki işim də var deyə, məsuliyyət üzərimdədir.
Oxuyacağam, görsəm ki, hazırkı işim daha maraqlıdır. Dayandıracağam. Həmin o məktəbdə kinonun sıfırdan qurulması, kastinq, səs, montaj və s. öyrədəcəklər.
– Elə bir azərbaycanlı olub ki, qarşılaşmısınız, ancaq azərbaycanlı olduğunuzu deməmisiniz?
– Bir ara Bruklində yaşayırdım. Həmin ərazidə çimərlik var. Hansı ki, oraya yalnız azərbaycanlılar, türklər və ruslar gəlir. Kofemi alıb, noutbuku açıb, maillərimə nəzarət edirdim. Yanımda iki oğlan əyləşdi. “Ə, yox da, mən onlara dedim ki” ilə başladılar və söyüşlə davam etdilər. Mən isə tez noutbukumu da götürüb, oradan uzaqlaşdım.
Orada yaşayandan bir müddət sonra anlayırsan ki, hər kəslə münasibət qurmaq lazım deyil. Təzə-təzə gedəndə kimsə “Azərbaycan” deyəndə şəhərin bu başından, o biri başına gedirdim. Bir dəfə də çox pis oyuna gəldim.

– Necə oyun?
– Mançestr şəhərində olarkən azərbaycanlılardan biri yazdı ki, xoş gəlmisiniz. Sizi Bostonda qonaq kimi qarşılamaq istərdim. Ona izah etdim ki, ora gəlmək üçün imkanımız yoxdur. Həmin adam dedi ki, sizə maşın göndərəcəyəm, avtomobil sizi yanıma gətirəcək.
Sizə şəhəri də gəzdirərəm. Biz də razılaşdıq. Maşın gələndə oğlanın adını dedim, sürücü bildirdi ki, həmin adamı tanımır. Pulu isə siz ödəyəcəksiniz.
Təsəvvür edin əgər sürücüyə suallar verməsəydim. Saat yarımlıq yol üçün 250 dollar pul ödəməli idim. Şəhərə düşsəydim, axırıncı pulum olacaqdı və Bostonda pulsuz qalacaqdım. Bunu isə mənə bir azərbaycanlı edib. Həmin adama yazdım ki, səni belə pis iş etməyə nə vadar edib? Sənə pisliyim keçməyib axı. O isə məni bloka atdı.
Mən də onun fotosunu “Facebook”da paylaşdım, olanları yazdım. Çoxlu paylaşımlar etdilər. Oğlan mənə yazdı, üzr istədi ki, şəkli oradan silim. Dedi ki, ailəsi narahat olub. Mən isə fotonu illərlə saxladım və sonra sildim. Onun haqsızlığına belə cavab verdim.

– Haqsızlıq demişkən. Siz ABŞ-da olarkən bəzi informasiya portallarında rəqs videolarınız və bir çox xəbərləriniz çıxdı. Buna görə ailəniz sizi çox sıxışdırmadı?
– Bu məqamlar məni Azərbaycandan küsdürdü. İlk məzuniyyətimi Meksika, Kanadada yox, Azərbaycanda keçirmək istəyirdim. Onların səhifəmdən yox, dostlarımın bağlı profillərindən rəqs videomu götürüb saytda paylaşmaq və reputasiyamı korlamaq istəyi mənim vecimə deyil.
Çünki əgər çimərlik geyimində, yaxud alt paltarında rəqs edirəmsə, dostum paylaşırsa, bu, o deməkdir ki, heç nə vecimə deyil. Mən azad olmaq istəyirəm. “Filan sayt nə paylaşar” deyə düşünmək istəmirəm. Sadəcə, öz həyatımı yaşayıram.
Xərçəng xəstəliyinə tutulan insanlar var ki, onlar taleyilə barışır. İnsanların beyni həmin o xəstəlik kimidir. Onların iç dünyalarını, beyinlərini dəyişmək mümkün deyil. Bu, onların mahiyyətidir. Anladım ki, onların beynini dəyişə bilmərəm. Düzü, mənə çox insan dəstək oldu. Yazdı ki, fikir verməyin.
– “Fikir verməyin” yazanların səmimiyyətinə inanırsınız?
– İnanmaq istəyirəm. Bəlkə də, səmimi deyillər. Zəng vurdum ailəmə, dedim ki, belə şeylər baş verib. Hazırlıqlı olun. Təbii ki, bu hadisə ailəm tərəfindən xoş qarşılanmadı. Amma ki, onlar məndən nə imtina etdi, nə qızlıqdan sildi.

Şükür ki, ailəm ağıllı, beynini istifadə edən insanlardan ibarətdir. Hətta mənə ən çox dəstək olan anam oldu. Dedi ki, burada nə var ki? Səndən başqa o qədər rəqs edənlər var. Onları niyə paylaşmırlar? Mən də anama başa saldım ki, ulduz oldun, belədir (gülür).
Dedim ki, insanlar xəbər yaratmaq, baxış yığmaq istəyir. Çünki bu, onların maaşıdır. Mənim vasitəmlə reytinq yığırlar. Etsinlər.

Amma dediyim ki, bütün bunlar məni soyutdu. Bacım qızı Adelə və rəfiqəmin toyuna görə Bakıya gəldim. Bunlar olmasaydı, Bakıya gəlişim 2-3 il daha uzana bilərdi.



Pərviz Hüseyn
FOTO/VİDEO: Elnur Uğur
www.oxu.az