Xəbər verdiyimiz kimi, Türkiyənin “Anadolu Atəşi” rəqs qrupu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az qrup üzvlərinin eksklüziv müsahibəsini təqdim edir:
- Məşqlər necə keçir?
- Hazırda bütün qrup üzvləri Antaliyadadır. Yeni mövsümün başlanması ilə əlaqədar gərgin iş qrafiki ilə çalışırıq. Çoxlu məşqlərimiz və çıxışlarımız olur. Bununla yanaşı, Azərbaycanda verəcəyimiz konsert üçün də hazırlaşırıq.
- Rəqqasların əhval-ruhiyyəsi necədir?
- Dünənə qədər qrup üzvlərinin əhval-ruhiyyəsi çox yaxşı idi. Ancaq ötən gün ölkəmizdə yaşanan Soma faciəsindən sonra hər birimizin qanı qaralıb. Bildiyiniz kimi həmin faciəyə görə Türkiyədə üç günlük matəm elan olunub. Bu səbəbdən də cümə axşamı İstanbul və Antaliyada, cümə günü isə “Aspendos Arena”da olacaq çıxışlarımızı təxirə saldıq.
- Bakı konsertində tamaşaçıları nə gözləyir? Xüsusi rəqs nümayişiniz olacaqmı?
- Adətən hansı ölkədə konsert proqramı ilə çıxış ediriksə, həmin ölkənin bir neçə rəqsini də repertuarımıza daxil edirik, yaxud qonaq getdiyimiz ölkənin rəqqaslarından bir neçəsini bizimlə eyni səhnədə rəqsə dəvət edirik. Xoreoqraflarımız yenə də o cür rəqs nömrəsi nümayiş etdirəcəklər.
- Hansı rəqs kompozisiyalarını hazırlamısınız, sirr deyilsə, bir neçəsini söyləyə bilərsiniz?
- “Anadolu Atəşi” (quruluş verdiyimiz ilk rəqs nömrəmiz), “Troya” (ikinci rəqs nömrəmiz) və uşaq qrupundan ibarət “Kıvılcım” adlı rəqs nömrələrimiz olacaq. Adıçəkilən rəqs nümayişləri ilə bərabər quruluş verdiyimiz 4-cü rəqs nömrəsinin üzərində də çalışırıq.
Qeyd edək ki, Türkiyənin “Anadolu Atəşi” rəqs qrupu iyun ayının 6-7-8-də Bakıda Heydər Əliyev Sarayında “The Best of Anadolu Ateşi” adlı konsert proqramı ilə çıxış edəcək.
Konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyi, 107.7 “AvtoFM” radiosu, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasıdır (ATV).
Konsertin təşkilatçısı “SA Organization”-dır.
Aytən Sadıqzadə
www.oxu.az