Birinci Avropa Oyunlarının keçiriləcəyi obyektlərin yaxınlığında görülən bütün işlərin 2015-ci il mayın 1-dək başa çatdırılması planlaşdırılır.
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışınadək Azərbaycanda nəqliyyat sahəsində bir sıra layihələrin reallaşdırılması başa çatdırılacaq.
Oxu.Az “Haberler”-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov “The Business Year” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sərnişin nəqliyyatının təhlükəsiz istismarının təmin olunması və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları başlayana qədər digər təşkilati məsələlərin həlli üçün yol-nəqliyyat infrastrukturu üzrə fəaliyyət planı təsdiqlənib.
“Bu plan avtomobil yollarını, nəqliyyatı intellektual idarəetmə sistemini və dəmiryol şəbəkəsini əhatə edir”, - Məmmədov deyib.
Nazirin sözlərinə görə, I Avropa Oyunları başlayanadək Tbilisi, Babək və Ziya Bünyadov prospektləri yenidən qurulmalı, Su İdmanı Növləri Sarayına kimi yeni yol salınmalıdır. Bundan başqa, Mikayıl Əliyev küçəsinin metronun “Koroğlu” stansiyasından Babək prospektinə qədər olan hissəsi yenidən qurulmalıdır.
Nazirliyin rəhbəri bildirib ki, I Avropa Oyunlarının keçiriləcəyi obyektlərə bitişik küçə və prospektlərdəki bütün işlərin 2015-ci il mayın 1-dək başa çatdırılması planlaşdırılır.
Nəqliyyatı intellektual idarəetmə sisteminə gəldikdə, Məmmədovun sözlərinə görə, 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində Bakının avtobus dayanacaqlarında Wi-Fi sistemləri quraşdırılacaq, gələn nümayəndə heyətlərini daşıyacaq avtobuslar isə GPS sistemləri ilə təchiz olunacaq.
Bundan başqa, Heydər Əliyev Beynəlxalq Hava Limanı, yarışların keçiriləcəyi Olimpiya şəhərciyi və obyektləri arasında sərnişindaşıma sistemi təşkil olunacaq.
Z.Məmmədov qeyd edib ki, I Avropa Oyunlarının keçirildiyi dövrdə gündüz saatlarında tikinti və yenidənqurma işləri müvəqqəti məhdudlaşdırılacaq, avtobuslar isə gecə saat 2-yə kimi işləyəcək.
Ümumilikdə, nazirin sözlərinə görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası nəqliyyat, tranzit və lojistik infrastruktur sahəsinin modernizasiyasını, ölkənin regionlarının davamlı inkişafını, yerli və beynəlxalq yükdaşımaların effektiv idarə edilməsini, əhaliyə təqdim olunan nəqliyyat xidmətinin yaxşılaşdırılmasını, ictimai nəqliyyatda gediş haqqının ödəmə sistemində müasir texnologiyaların tətbiqini nəzərdə tutur.
Nazir bildirib ki, Azərbaycanda 2013-cü ildə nəqliyyat sektorunun gələcək inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib.
“Müasir milli nəqliyyat sisteminin yaradılması, transportirovkanın sadələşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, nəqliyyat xidməti sferasında tələbatın ödənilməsi, nəqliyyat xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bu sahədə layihələrin realizəsi sürətləndirilib” , - o deyib.
Məmmədovun sözlərinə görə, respublika və yerli təyinatlı dəmir və avtomobil yollarının rekonstruksiyası, mövcud yol infrastrukturunun modernizasiyası, infrastrukturun yeni obyektlərinin yaradılması, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması, “Bakı-Tbilisi-Qars” dəmiryol layihəsinin realizəsi üçün, Bakı yaxınlığında yeni beynəlxalq dəniz ticarət limanının tikilməsi, paytaxtın nəqliyyat sisteminin modernizasiyası, avtoparkın yenilənməsi və digər buna bənzər tədbirlərAzərbaycanın nəqliyyat sferasının hərtərəfli inkişafına səbəb olub.
Nazir həmçinin 2013-cü ildə boru kəmər vasitəsilə edilən transportirovkadan əlavə olaraq, təxminən 160 milyon ton yük avtonəqliyyat vasitəsilə daşınıb, bu isə 2012-ci il göstəricisindən 4,3 faiz artıq olduğunu deyib.
Nazirliyin rəhbərinin sözlərinə görə, sərnişin daşımaları keçən ildən bu yana 6,7% artıb. Dəmir yol ilə daşıma 2013-cü ildə 23,2 milyon ton, dəniz daşımaları – 11,8 milyon ton, avtonəqliyyat daşımaları isə 125 milyon tondan ibarət olub.
Limanlar vasitəsi ilə göstərilən dövr ərzində 14,2 milyon ton yük daşınıb.
Sərnişin nəqliyyatı ilə 2013-cü ildə 1,5 milyon nəfər, dəmiryol – 2,4 milyon, hava yolları ilə 1,7 milyon nəfər sərnişin daşınıb.
Onun sözlərinə görə, “Bakı-Tbilisi-Qars” (BTK) dəmir yolu regionun və bütün Avropanın inkişafında vacib rol oynayaraq, Avrasiyada yeni nəqliyyat qovşağına çevriləcək.
O qeyd edib ki, 18,6 kilometr uzunluqda olan yol kəsiyi 29 kilometrlik Axalkalaki – Türkiyə sərhəddində artıq tikilib.
Nazir qeyd edib ki, 4,2 kilometr uzunluqda olan tunelin 2,2 kilometr uzunluqda olan sahəsi türk-gürcü sərhəddində Türkiyədə, 200 metrlik hissəsi isə Gürcüstanda tikilib. Baxmayaraq ki, mürəkkəb topoqrafiya və Türkiyə və Gürcüstanın sərt şəraiti layihənin realizəsində gecikmələrə gətirib çıxarsa da BTK-nin tikintisi 2014-cü ilin sonuna bitəcək.
Məmmədovun sözlərinə görə, 2013-cü ilin ilk 11 ayı ərzində “Avropa-Qafqaz-Asiya” beynəlxalq nəqliyyat dəhlizi üzrə 53,6 milyon ton yük daşınıb. Onlardan 19,3 tonu dəmiryol nəqliyyat, 9,4 milyon ton dəniz nəqliyyatı, 24,9 milyon tonu avtomobil nəqliyyatı vasitəsi ilə daşınıb. Bu nəqliyyat dəhlizi vasitəsi ilə tranzit yükdaşımalar 13,4 milyon tondan ibarət olub. Onlardan altı milyon tonu dəmir yolu və 7,4 milyon ton dəniz nəqliyyatı ilə daşınıb.
2012-ci il ilə müqayisədə dəniz yükdaşımalarının həcmi 2013-cü ildə 5,7 faiz – 11,8 milyon ton azalıb.
Bu dövr ərzində sərnişin daşımaların sayı 14,3 min, yükdaşıma dövriyyəsi isə 4 698,2 milyon ton/kilometr, sərnişindaşıma dövriyyəsi 5,2 milyon sərnişin/kilometrdən ibarət olub.
Nazir həmçinin bildirib ki, “Caspian Shipping Company” şirkətinin donanmasının gəmilərinin sayının artırılması üçün də müəyyən işlər görülüb.
O qeyd edib ki, 2013-cü ilin mart ayının 4-də bu şirkətin gəmiqayırma zavodunun açılışı olub. Hal-hazırda Bakı yaxınlığında Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir ticarət limanı tikilir. Sualtı qazma işləri 7,5 kilometr uzunu və 165 metr eni olan sahədə artıq başa çatıb.
Limanın tikintisi indi quru sahədə gedir. Limanı şose ilə birləşdirən yol infrastrukturunun layihələşdirilməsi, eləcə də limana qədər olan dəmir yol xəttinin tikilməsi praktiki olaraq başa çatdırılıb.
Limanın tikintisinin birinci fazası, o cümlədən bərə terminalının tikintisinin başa çatdırılması 2014-cü ilə planlaşdırılıb. Layihənin realizəsinə 109, 4 milyon manat vəsait qoyulub.
Məmmədov qeyd edib ki, “Şərq-Qərb” nəqliyyat dəhlizinin bu hissəsindəki, göstərilən işlərin başa çatdırılması Azərbaycanı iri tranzit və lojistik mərkəzə çevirəcək.
Nazirin sözlərinə görə, 2012-ci il ilə müqayisədə hava yolları ilə yükdaşıma Azərbaycanda iki dəfə artaraq 121 700 ton olub.
2013-cü ildə Azərbaycanda hava yolları ilə 1,7 milyon nəfər sərnişin daşınıb, bu isə 2012-ci ilin analoji dövrü üçün olan göstəricidən 6,2 faiz çoxdur.
O bildirib ki, hava nəliyyatı infrastrukturunun modernizasiyası məqsədi ilə “Azərbaycan hava yolları” şirkəti dörd ədəd “Embraer 190” və “Embraer-170” markalı sərnişin təyyarələri əldə edib, Heydər Əliyev adına Beynəlxalq Hava limanında yeni terminalında tikinti davam edib.
Bundan başqa, Azərbaycanın Yevlax şəhərinin aeroportu əsaslı təmirdən sonra yenidən istismara verilib, yaxın ərazi isə abadlaşdırılıb. (Trend)