Oxu.Az publika.az-a istinadla tanınmış rejissor, istedadlı klipmeyker, səmimi insan, həm də xanımların sevimlisi Aqil M.Quliyevin müsahibəsini ixtisarla təqdim edir:
“Yox” sözü eşitməyən rəis oğlu
“Atam laçınlı oğlu, anam qarabağlı qızıdır. Elə buna görə də uşaqlığımın bir hissəsi Qarabağın Təngi kəndində, bir hissəsi isə Abşeronda keçib. Laçında da olmuşam. Çox imkanlı bir ailənin övladı olduğumdan beş yaşımadək “yox” sözü nədir eşitməmişəm. Atam Taksimator İstismar şöbəsinin rəisi olub. Anam əvvəllər evdar xanım idi. Amma ailə qurandan sonra “Medtexnikum”u bitirib və o vaxtdan indiyədək Semaşkoda doğum şöbəsində mama-ginekoloq kimi çalışır. Yaxşı yaşamışam, valideynlərim qazanıb gətiriblər, mənə də, nə istəmişəm, alıblar. Məxsusi sürücü ayırmışdılar mənə. Təsəvvür edin, oyuncaq mağazalarına gedəndə bütün oyuncaqları, demək olar ki, sökürdüm. Əlimi nəyə uzadırdımsa, alırdılar. Özü də bütün oyuncaqlara əlimi uzadıb “bunu al”, “bunu al” deyib aldırırdım”.
“Bir gün ayıldım ki, mən artıq...”
“Məktəbə gedəndə mənə bir dayə tutmuşdular, məni məktəbə aparıb-gətirirdi. Adını unutmuşam, amma soyadı yadımdadır – Qaqarina. Ona “babulya” deyə müraciət edirdim. Birinci sinifdən dördüncü sinfə qədər o qadın mənə dayəlik etdi. Məni hər gün məktəbə aparırdı, məktəbdən evə gətirirdi. İnqilab küçəsində həyət evində yaşayırdı. Dərslərimi onun evində hazırlayırdım, boş qalan vaxtımda isə məhəllədə uşaqlarla oynayırdım. Beş yaşına qədər ərköyün olan uşaq sonradan dəyişdi. Bir gün ayıldım ki, mən artıq müstəqil insanam, qapalı olmağa başladım. Yəni büsbütün dəyişdim. Atamgil başladılar balaca qardaşıma diqqət yetirməyə, sevgi göstərməyə. Qardaşım çox şirin uşaq idi. Mən isə qaldım qıraqda”.
Biləndə ki, məni nə qədər qız sevib, dəli oldum
Çox “simpatiçni” oğlan olmuşam, şəkillərdə görməmisən? İrigözlü, uzunsaçlı, hündürboy oğlan idim. Onu da deyim ki, 6-cı sinfədək bəstəboy olmuşam. Buna görə də bir oğlan uşağı üçün boyunun qısa olması nə deməkdir, bunun əzabını mən bilirəm. Sinifdə 23 oğlan idik, axırdan 3-cü sırada mən dayanırdım. Amma 9-10-cu sinifdə qəfildən boyum uzanmağa başladı.
Hə, qızlar çox istəyirdilər məni. Mən orta məktəbi qurtarandan sonra biləndə ki, məni nə qədər qız sevib, dəli oldum. Əslində, mən sonradan qızların-xanımların sevgisini qazanmışam, əvvəllər belə olmayıb. 21 yaşımdan sonra mən qadınların sevgisini hiss eləmişəm.
İlk gəzdiyim “xaxol” qızı...
Hə, o vaxtın təbirincə desəm, ilk gəzdiyim qız Sveta Nikolayevna olub, “xaxol” qızı. Onu da deyim ki, o vaxt məktəb beynəlmiləl idi və sinfimizdə əksəriyyət rus, yəhudi, xaxol, erməni uşaqlarından ibarət idi. Sinifdə cəmi beş-altı azərbaycanlı uşaq vardı.
“Uzaqbaşı qızla öpüşürdük”.
Sevgi məsələlərinə gəlincə, o vaxt hər şey saf, ülvi idi. Qızın əlindən tuturduqsa, bu, qızla gəzmək sayılırdı. Uzaqbaşı, öpüşürdük. O da xəlvəti. Aramızda seksdən söhbət gedə bilməzdi. Qızla qol-qola gəzirdik, söhbətləşirdik, diskotekada oynayırdıq, deyirdilər, hə, bu, filan oğlanın qızıdır. O vaxt qol-qola gəzən cütlüklərin bəziləri sonradan ailə də qurdu.
“İki il o qızla görüşdük”.
“İlk sevdiyim qız Yelena Viktorovna olub. Almaniyadan gəlmişdilər, məndən bir yaş balaca idi. Yeddinci sinifdə oxuyurdu. Doğrudan sevirdim onu. Sarışın qız idi, əsl “blondinka”. İki il o qızla görüşdük. Bir-birimizi sevdik. “Papanin” yolunda qalırdılar, dərsdən sonra qaçıb gedirdim ora, görüşürdük. İri “ovçarkası” da vardı, yanında gəzdirirdi həmişə.
“16 yaşımda ilk dəfə pul qazanmağa başladım”.
16 yaşımda ilk dəfə pul qazanmağa başladım. Diskotekalarda texniki avadanlıq – dinamik daşıyırdım. Özü də onda dinamiklər indiki kimi deyildi, böyük idi. Üç-beş manat da pul verirdilər buna görə. Daha sonra texniki avadanlığı quraşdırmağı öyrəndim. Elə səhnəyə də ilk dəfə diskotekada çıxdım – 16 yaşımda. Orta məktəbdə oxuyanda teatr dərnəyinə gedib-gəlirdim. Özümün özfəaliyyət qrupum vardı.
“Müsabiqədən keçə bilmədiyimə görə çox sevindim”.
Sözün düzü, lap kiçik yaşlarımda konkret olaraq hansı sənət sahibi olacağım barədə düşünmürdüm. Bilirsiniz də, əmim Eldəniz Quliyev ssenaristdir. O vaxt bizim ailədə adət-ənənə vardı: hər bazar günü əmimgil və biz babamgilə yığışırdıq. Eldəniz əmimin ad günündə – məclislərdə tanınmış teatr simaları ilə tanış olurdum. Rasim Ocaqov, Ramiz Əzizbəyli kimi məşhur adamlar o məclislərdə kabab yeyib, araq içəndə onlara qulluq edirdim. Mənə o vaxt kino mistik, sirli bir aləm kimi görünürdü. Beləcə mən bu aləmə yaxınlaşdım. Amma atamın arzusu vardı axı, dediyim kimi, məni hüquqşünas görmək istəyirdi. Həmin fakültəyə imtahan verdim, üç dörd aldım, amma müsabiqədən keçə bilmədim. İmtahanlara əməlli-başlı hazırlaşmışdım da, amma müsabiqədən keçə bilmədiyimə görə çox sevindim.
“Həyatımı rejissorluğa bağladım”.
Həmin vaxt sənədlərimi kino fakültəsinə verdim. 1990-cı ildə ilk milli kino fakültəsi yaradılmışdı və oranın ilk məzunlarından biri də mən idim. Digərləri isə Elxan Qasımovun oğlu mərhum Samir Qasımov, Şəfiqə Məmmədovanın oğlu Ülvi Mehdiyev, bir də kinooperator Kənan Məmmədovun oğlu Kamran Məmmədov. Beləliklə, həyatımı rejissuraya bağladım.
“Uşaqlığım mənə isti günəş kimi gəlir”.
Uşaqlığıma qayıtmaq istərdim. O illər sabit, rahat dövrdə keçib. Uşaqlığım mənə isti günəş kimi gəlir. Mənə elə gəlirdi ki, mən uşaq olanda səma daha mavi idi, həyat daha gözəl idi. O dövrdə bilirsiniz necədir, bir mehribanlıq vardı. İnsanlar bir-biri ilə çox səmimi idi”.