Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü və Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Məmmədli aşıq Telli Borçalının 20 Yanvar günü Masallıda toy aparmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Elxan Məmmədli Modern.az-a müsahibə verib:
“Özünü dərk edən, sazı duyan, bilavasitə sazın kökündən gələn insan gərək bu hörmətsizliyi eləməsin. Əgər bir insanın daxilində vətən sevgisi, şəhidliyə rəğbət, hörmət yoxdursa, ondan nə istəsən gözləmək olar”.
Aşıqlar Birliyinin rəsmisi bunu bağışlanılmaz fakt hesab edir.
“Yadınıza gəlirsə, bir neçə il bundan əvvəl İsraildə bir neçə sənətçi Xocalı hadisəsi günü konsert vermişdi. Aralarında saz adamı da var idi. Yenə deyirəm, bu çox üzücü bir hadisədir. Bağışlanılmaz bir şeydir. Amma bunu gərək insan özü duysun. Quyuya su tökməklə, quyu dolmaz”.