Britaniyalı aktyor Entoni Hopkins ilk tamformatlı musiqi albomunu buraxıb.
Oxu.Az "Decca Classics" saytına istinadən xəbər verir.
"Quzuların sükutu" filmində Hannibal Lekter rolu ilə məşhurlaşan sənətçi bu albomu 88 yaşında təqdim edib. "Life Is a Dream" adlanan albom Hopkinsin son 60 il ərzində bəstələdiyi 12 orkestr kompozisiyasından ibarətdir.
"Musiqi mənim ilk arzum, xəyalım olub. Mən bütün həyatım boyu musiqi bəstələyirəm. Bu əsərlərin bəziləri onilliklərdir ki, mənimlə yaşayır və mən hələ də onlara müraciət edirəm", - deyə Hopkins qeyd edib.
Qeyd edək ki, "Oskar" mükafatçısı, Hollivud aktyoru Entoni Hopkins dörd yaşından fortepianoda ifa edir. Uşaqlıqdan Bethoven və Şopenin əsərlərini ifa edən sənətçi yeniyetməlik illərində yerli teatr tamaşaları üçün musiqilər bəstələyib.