Xalq artistləri Flora Kərimova ilə Faiq Ağayev arasında illərdir davam edən gərginlik pik həddə çatıb.
Oxu.Az xəbər verir ki, ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında qonaq qismində iştirak edən F.Kərimova həmkarı barədə açıqlamalar verib.
Xalq artisti verilişdə dövrün 10 ən istedadlı müğənnilərinin adlarını müəyyənləşdirib. Kərimova aparıcıların həmkarı Faiq Ağayevi siyahıya salmasına etiraz bildirib. O, “Ayıb deyilmi Faiq Ağayevi müğənnilərin arasına salırsınız?”, - kəlmələrini dilə gətirib. Kərimova daha sonra Ağayevi müğənni kimi qəbul etmədiyini vurğulayıb.
“Faiq Ağayevlə münasibətim ola bilməz. Mən sənətkaram. Sənətkarı da nəfəsindən tanıyıram. Faiq Ağayev mənə görə Faiq Ağayev oldu. Əlimi çəkdim, onda heç nə qalmadı. Təkcə “Xalq artisti” fəxri adından başqa... O, müğənni deyil. Gedib məni məhkəməyə versin. İki dəfə məhkəməyə verib, uduzub. Üçüncü dəfə verib biabır olsun”.
Rəşad Əliyev