Xalq artisti Flora Kərimova dayısı oğlu Cavanşir Məmmədov haqqında maraqlı açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, bu barədə publika.az-a danışan xalq artisti vaxtilə Cavanşir Məmmədova yaxşılıqlar etdiyini bildirib:
“Rəhmətlik anam Cavanşirə çox yaxşılıqlar edib, onu texnikuma düzəldib, çörək qazanmaq üçün hətta ona qarmon da alıb. Mən Aftandil İsrafilovun qardaşı Nuşirəvandan ona dərs keçməsini xahiş etmişəm. Əsgərlikdə olduğu zamanı anam generalları qonaq çağırırdı, bunun nəticəsində də Cavanşir vaxtının yarısını evdə keçirirdi. Ancaq ona çörək verən bibisinin, onu 2 dəfə türmədən qurtaran bibisi qızının, yəni mənim anamın yasına 40-ı qurtaran ərəfədə gəldi. Özü də şıq geyinmiş, üzü qırxılmış halda. Sənətdə dünənki, heç kim tərəfindən tanınmayan uşağın mənə dediyi bu oldu: “Bibiqızı, mən sənət adamıyam”. Söhbət 1978-ci ildən gedir”.
Xalq artisti Nadirlə Cavanşir arasında yaranan qalmaqal zamanı da ona kömək etdiyini bildirib:
“Nadirlə aralarında o biabırçılıq yarananda xalam qızı Həqiqət mənə zəng edib Cavanşirə kömək etməyimi xahiş etdi. O zaman onunla danışmırdım. Mən onu yanıma çağırıb efirdə özünü necə aparmasını başa çaldım. Hətta anamın, özümün zəhmətimdən keçib, ona öyrətdim ki, desin heç bir qadının əli ilə özümü sənətdə sübut etməmişəm. Bu yaxşılığıma cavab olaraq efirə çıxıb öyrətdiyim sözləri deməklə yanaşı bunu da dedi: “Bəzi adamlar dekolte geyinir, onu görmürlər?” O, məni nəzərdə tuturdu. 15-20 il əvvəl Nazpəri Dostəliyevanın konsertində ona müraciət edərək “Mənim nazlı pərim” sözlərimi indiyədək başıma qaxınc edir”.
Qaldı ki, C.Məmmədovun Qızıl Fonddan Flora Kərimova ilə oxuduğu duetləri yığışdırmasına, xalq artistinin cavabı belə oldu:
“Sən kimsən axı, Qızıl Fonddan da nəyisə yığışdırasan? Sənin mənim hesabıma o fonda düşmək şansın var idi”.
Qeyd edək ki, xalq artisti Flora Kərimova müğənni Cavanşir Məmmədovun bibisi qızı imiş. Tərəflər bunu uzun illər gizlin saxlayıblar. Vaxtilə bibisi Cavanşir Məmmədova ali məktəbə qəbul olmaqda və sənət aləminə gəlməyinə kömək edib. Hətta gənclik illərində Cavanşir Məmmədovla Flora Kərimovanın duetləri də varmış. Lakin sonradan onun həmin lent yazılarını Qızıl Fonddan sildirməsi barədə də xəbərlər yayılıb.