Xalq artisti Flora Kərimova ilk dəfə olaraq qızı Zümrüdün boşanması xəbərindən danışıb.
Oxu.Az “Onlar” verilişinə istinadla xəbər verir ki, müğənni övladının ayrılması xəbərinə belə aydınlıq gətirib:
“Qızım ailəsindən ayrıldı. Zümrüd o evə gəlin kimi yox, övlad kimi getmişdi. Mənim qızıma öz qızları kimi yanaşdığına görə, qudam Tərlan xanıma və qızımın baldızına çox sağ olun deyirəm. Mən Tərlan xanımla əvvəl dost, sonra qohum olmuşam. İndi qohum olmasaq da, dostluğumuz davam edir.
Boşanma qərarını Zümrüd özü verib. Bu, mənə bir ana kimi ağır olsa da, məcbur olub qəbul etdim. Bütün mətbuat işçiləri çox sağ olsun ki, bu söhbəti böyütmədilər. Analıq hissimi qorudular”.
Xalq artisti ilk dəfə olaraq qızının boşanma səbəbini açıqlayıb:
“İki insan yola getməyib ayrıldılar. 10 ildir ki, övladları olmur kimi gəzən söz-söhbətlər yalandır. Utanmadan deyəcəyəm ki, qızımın bətnində dörd aylıq körpəsi tələf oldu. Amma boşanma səbəbi bu deyildi. Sadacə bir-biri ilə yola gedə bilməyiblər.
Övladlarımız anaların təkidi ilə evlənmişdilər. Üç günə tanış olub, yeddi gün sonra ailə həyatı qurmuşdular”.
Xalq artistinin qızı Zümrüd isə boşanması ilə bağlı bunları deyib:
“Düşünürəm ki, anam hər şeyi gözəl izah etdi. İki müstəqil insan kimi qərar verib, ayrıldıq. O insanla ailə həyatı qurduğuma görə peşman deyiləm. Ona xoşbəxtlik arzu edirəm. Biz küsməmişik, qərar verib ayrılmışıq”.
Flora Kərimova hətta keçmiş kürəkəninə də efir vasitəsilə səslənib:
“Nazim, mən sizə təşəkkür edirəm. Mənim qızım 6 il qürbətdə yaşayanda o darıxmadı, təklik hiss etmədi. Buradan sizə xoşbəxtlik arzu edirəm”.
Aytən Sadıqzadə
www.oxu.az