Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlhamə Quliyeva: Məşəli sağ əlimə götürəcəm, sol əlimlə insanlara öpücüklər göndərəcəm
Mahnını ilk dəfə eşidəndə göz yaşlarımı saxlaya bilmədim.
Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli İlhamə Quliyeva iyun ayının 12-dən 28-nə kimi Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunmuş “Yaşa idman bayramı” adlı klipinin təqdimat mərasimini keçirdi.
Oxu.Az xəbər verir ki, klipini Nail Naiboğlunun çəkdiyi “Yaşa idman bayramı” mahnısının sözləri şair Baba Vəziroğluna, musiqisi bəstəkar Tahir Əkbərə aiddir.
Mərasim iştirakçılarını salamlayan İlhamə xanım vətəninə, bayrağına olan sevgisini etiraf edərək bu Oyunların Azərbaycan tarixində mühüm yer tutduğunu söylədi. Mahnını ilk dəfə ona bəstəkar Tahir Əkbər təqdim edərkən göz yaşlarını saxlaya bilmədiyini deyən Xalq artisti təqdimat zamanı da göz yaşlarına hakim ola bilmədi.
“Bu dövləti, tariximizi sevirəm. Məşəli sağ əlimə götürəcəm, sol əlimlə insanlara öpücüklər göndərəcəm, istəsəm qaçacam, istəsəm yürüyəcəm. Şayiə yayıblar ki, mən gəzə bilmirəm. Qaça da, yeriyə də bilirəm, lazım olsa, boksla da məşğul olaram. Mənim 20 yaşım yoxdur, qaçmaq mənə yaraşmaz. Xanımlığımı hamıya göstərəcəm və yürüyəcəm”.
Birinci Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini İlham Əliyevin siyasətinin nəticəsi olduğunu vurğuladı. Mərasimdə İlhamə xanımın sənət dostları - respublikanın Xalq artisti Faiq Ağayev, Nadir Qafarzadə, Respublikanın Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, Elçin Hüseynov, Namiq Məna, Elgiz Əkbər, Nail Naiboğlu, Tahir Əkbər iştirak ediblər.
Təqdimat mərasimində Xalq artisti Faiq Ağayev qeyd etdi:
“Heç kim özünü aldatmasın. Sapı özümüzdən olan baltaların fikirlərini dərc etməyin”.
Daha sonra tədbirdə çıxış edən xalq artisti Faiq Ağayev İlhamə xanımın tarixdə qalacaq sənətkar olduğunu dedi:
“Allah ona ömür versin. 100 il də keçəndən sonra da İlhamə xanımın mahnıları Azərbaycan xalqının sevimli mahnıları olacaq. Xahiş edirəm sizdən, təkidlə rica edirəm, sapı özümüzdən olan baltalara imkan yaratmayın, onlara səhifələrinizi verməyin, efir zamanınızı ayırmayın. Bədnam qonşularımız dirsəklərini yox, topuqlarını dişləyirlər indi, çünki onların ölkələrinin tarixinə bu şərəfli səhifə yazılmayıb.
Bu Avropa Oyunları Azərbaycanda keçirilir. Onlar var gücü ilə bizi pisləmək istəyirlər, Avropa ictimaiyyəti, dünya ictimaiyyəti qarşısında gözdən salmaq istəyirlər. Onların dəyirmanlarına su tökən insanların fikirlərini dərc etməyin, Azərbaycan böyük bir ailədir.
Və Azərbaycanın hər bir vətəndaşı bizim sevinc mənbəyimiz olmalıdır. Biz azərbaycanlıların hər bir işinə görə sevinməliyik. Bir daha təkrar edirəm, sapı özümüzdən olan baltaların fikirlərini Azərbaycana xələl olaraq səhifələrinizə gətirməyin. Bir daha söyləyirəm ki, heç kim özünü aldatmasın. İlhamə xanım tarixdə qalacaq şəxsiyyətdir”.
Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev
www.oxu.az
Rəylər